Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyasının bütün dünyanı öz təsiri altına aldığı bu günlərdə 42.6 milyon amerikalı işsizlik müraciəti edib, milyarderlər isə ümumi sərvətlərinə yarım trilyon dollar əlavə ediblər.
Pandemiyanın işgüzar həyatı demək olar ki, iflic etdiyi aylar ərzində milyonlarla insan işsiz qalsa da, bəzi milyarderlər sərvətlərini daha da artırdılar.
Onlardan biri 2020-ci ilin ilk dörd ayı ərzində 30 milyard dollardan çox qazanc əldə edən Ceff Bezos ikən, Siyasi Araşdırmalar İnstitutu tərəfindən yayımlanan hesabatda Amerikadakı milyarderlərin 18 mart-10 aprel aralığında sərvətlərinə 282 milyard dollar əlavə etdikləri qeyd edilib.
Pandemiya hazırda narahat edici səviyyəyə gəlib çatan sərvət bərabərsizliyini gözlər önünə sərərkən sözügedən hesabat vəziyyəti dəqiqləşdirdi. Hesabatda bildirilir ki, bərabərsizlik həm qısa, həm də uzun vədəli vergi islahatları və nəzarət tədbirləri ilə ələ alınmadığı halda Amerikada əvvəlcədən də mövcud olan ifrat bərabərsizlik halı təkcə iqtisadiyyatı deyil, demokratiyanı da zədələyəcək.
Hesabata görə, yanvar 2020 və 10 aprel 2020 tarixləri aralığında ölkənin ən varlı 170 milyarderinin 34-nün sərvətlərində on milyonlarla dollar artım müşahidə edilib.
ABŞ-da işsizlik göstəriciləri may ayında 13.3 faiz geriləsə də, ümumi göstəricilər pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə çox yüksəkdir.
18 mart və 10 aprel 2020 tarixləri aralığında işsizlik göstəricisi 15%-ə yüksələrkən 22 milyondan çox insan işini itirdi. Eyni üç həftə ərzində isə milyarderlərin sərvəti təqribən 10%-lik artımla 282 milyard dollar artdı.
4 iyun tarixində yenilənən hesabata görə, 42.6 milyon amerikalı işsizlik müraciəti etdiyi halda, milyarderlər ümumi sərvətlərinə yarım trilyon dollar əlavə ediblər.
Həmçinin oxu: Tanınmış milyarder koronavirus böhranı zamanı 24 milyard dollar qazandı
Bizi sosial şəbəkələrdən izləyin!!