Koronavirus pandemiyası ABŞ-da milyonlarla insanın işini itirməsinə səbəb olsa da, Ceff Bezosun sərvəti hər ötən gün daha da artır. Hətta bir çox tanınmış milyarderin maddi itkilər yaşamasına baxmayaraq, dünyanın ən varlı insanı olan Bezos 2020-ci il başlayandan bəri sərvətinə 24.9 milyard dollar əlavə edərək ümumi varidatını 140 milyard dollara çatdırıb.
E-ticarət nəhəngi Amazon şirkətinin səhmlərinin dəyəri də yeni ildən bəri əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2 yanvarda 1898 dollarla bağlanan səhmlər 15 martda 2307 dollarla bağlanıb. Bir sözlə, pandemiyanın şirkətə müsbət təsirləri olduğu açıq-aydın görünür.
Çünki pandemiya səbəbilə insanlar evlərində qalmağa məcbur oldular və bu halda onlayn alış-verişin daha çox əhəmiyyət qazanması e-ticarət şirkəti Amazon-un sifarişlərini artırdı.
Bu günlərdə yayımlanan hər il Bezosun səhmdarlara ünvanladığı illik məktubunda da o, şirkətin bu günədək koronavirus pandemiyasına necə yanaşması ilə bağlı ətraflı açıqlama verib.
Məktubuna “Covid-19 böhranından onu öyrəndik ki, Amazon müştərilərimiz üçün böyük əhəmiyyət kəsb edir” cümləsi ilə başlayan Bezos bu məsuliyyəti dərk etdiklərini və yaşadığımız çətin günlərdə komandasının müştərilərə yardım etmək üçün gördüyü işlərdən qürur duyduqlarını bildirib.
Şirkətin işçilərinin insanların ehtiyac duyduğu şeyləri onların qapılarına qədər çatdırmaq üçün 24 saat çalışdıqlarını və təməl ehtiyaclar üçün tələbin çox yüksək olduğunu söyləyib.
Ancaq tələbin yüksəlməsinin təbii ki, proqnozlaşdırılmamış bir vaxtda olmasını və bunun da tədarükçülər və paylanma kanalları üçün böyük çətinliklər yaratdığını da qeyd edib. Təməl ehtiyacların, tibbi vasitələrin və digər vacib əhəmiyyətli məhsulların tədarükü və paylanmasına üstünlük verdiklərini söyləyərək vəziyyətdən necə çıxdıqlarını izah edib. Sözügedən xidmətlərin icrası zamanı isə işçilərinin və beynəlxalq tərəfdaşlarının təhlükəsizliyinə xüsusi diqqət ayırdıqlarını da vurğulayıb.
Mağazaların dezinfeksiya edilməsindən işçilərə təlimlər keçirilməsinə qədər gördükləri bir çox tədbirdən bəhs edən Bezos işçilərinə müntəzəm olaraq virus testi edildiyini də qeyd edib.
Bezos həmçinin Amazon.com və ya Alexa vasitəsilə istifadələrin koronavirus böhranı ilə bağlı qurumlara ianə verə biləcəklərinə dair də məlumatlandırıb.
“Hazırda bütün vaxtım və fikirlərim COVİD-19 və pandemiya şəraitində şirkətimin vəziyyəti yaxşılaşdırmaq üçün necə yardım edə biləcəyinə yönəlmişdir”, deyən Bezos planları və şirkətin gördüyü işlərlə sərvətini necə artırdığını sübut edib.
Həmçinin oxu: Ceff Bezos nə üçün hələ də köhnə avtomobilini idarə edir?
Tamara Mustafayeva, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!