Müəllif: Tamara Mustafayeva, Banco.az
Əksəriyyətimiz iş yerində günün yarıdan çoxunu oturaraq keçiririk. Oturaraq işləməyin mənfi tərəfləri haqqında şübhəsiz ki, müəyyən məlumata sahibsiniz, lakin bunun sağlamlığınıza təsirlərini ətraflı bilməmək ehtimalınız yüksəkdir. Məhz bu məqalədə sizin üçün ayaq üstə işləməyin faydaları və oturaraq işləməyin zərərlərini araşdırdıq. Ümid edirik ki, məqalədən əldə edəcəyiniz məlumatlar sağlamlığınız və iş məhsulardılığınız üçün faydalı olacaqdır.
1. Əvvəla əgər masa arxası bir işiniz varsa, bu sizin günün təqribən 9-10 saatını oturaraq keçirməyiniz deməkdir. Təəssüflər olsun ki, gündə 6 saatdan çox oturmaq həyat müddətini gündə 3 saat oturan bir nəfərə nəzərən olduqca qısaldır.
2. “Mən oturaq işlə məşğulam, lakin sağlam qidalar qəbul edir, müntəzəm olaraq idmanla məşğul oluram” deyə düşünə bilərsiniz, lakin qeyd edək ki, bunun sağlamlığınıza faydası düşündüyünüz qədər çox deyildir. Hər gün bir saat idmanla məşğul olsanız belə, bu, sizin günün 10 saatını oturaraq keçirdiyinizi təəssüf ki, dəyişdirmir.
3. Araşdırmalara görə, günün çox hissəsini oturaraq keçirmək infarkt riskini siqarət çəkən bir insanın infarkt keçirmə riskinə bərabər edir. Əslində oturaraq uzun müddət işləmək siqarətdən sonrakı ən böyük sağlamlıq təhlükəsi olaraq dəyərləndirilir.
4. Oturaq işlə məşğul olmaq selülit kimi estetik problemlər, onurğa ağrıları kimi ortopedik nasazlıqlarla yanaşı, köklük, diabet və hətta qalın bağırsaq xərçəngi kimi təhlükəli xəstəliklərə də yol aça bilər.
5. Yuxarıda qeyd etdiyimiz bəndlərdə adətən oturaraq işləməyin zərərlərindən bəhs etdik, indi isə ayaq üstə işləməyin faydalarını diqqətinizə çatdıraq. Piyada gəzmək beyin hüceyrələrinin bir-biri ilə əlaqəyə girməsinə kömək edir. Yəni, gəzərək icra etdiyiniz işlərdə yaradıcılığı və məhsuldarlığı qorumağınız daha asandır.
Sözsüz ki, gəzməyin yaradıcılığa və məhsuldarlığa faydaları yeni olmadığından Stiv Cobsun iştirak etdiyi iclaslarda daima gəzərək və ya sadəcə ayaq üstə dayanaraq çıxış etdiyini bilirik. Ernest Heminquey, Vladimir Nabokov, Virciniya Vulf və Luis Kerroll kimi yazıçıların əsərlərini çox vaxt ayaq üstə ərsəyə gətirdiklərini də qeyd edə bilərik.
Bizi sosial şəbəkələrdən izləyin!!