Ölkə gəlirləri 2 dəfə artacaq | Banco.az

Ölkə gəlirləri 2 dəfə artacaq

Azərbaycanda 2017-ci ilin dövlət büdcəsində kəsirin maliyyələşdirilməsinə özəlləşdirilmədən daxilolmalar kəskin artacaq. Bu barədə 2017-ci ilin büdcə zərfində bildirilib.

Gələn il büdcə kəsirinin maliyyələşməsi üzrə dövlət əmlakının özəlləşdirilməsindən nəzərdə tutulmuş 200 mln. manat məbləğində daxilolmalar gözlənilir ki, bu da 2015-ci ilin müvafiq icra göstəricisindən 175,9 mln. manat və ya 8,3 dəfə, 2016-cı ilin proqnoz göstəricisindən isə 100 mln. manat və ya 2 dəfə çoxdur.

"Tapşırıqların yerinə yetirilməsi üçün ilk növbədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sərəncamında olan və özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış müəssisə və obyektlər, səhmlər, hissələr, torpaq sahələrinin özəlləşdirilməsi prosesini sürətləndirməklə başa çatdırılması məsləhətlidir. Özəlləşdirmədən daxilolmalar üzrə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər üçün ƏMDK-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin əksər hissəsinin dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçilərinin cəlb edilməsi ilə yanaşı özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkilinə və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılmasına yönəldilməsi daha məqsədəuyğundur", - deyə 2017-ci il büdcə zərfi ilə bağlı Hesablama Palatası tərəfindən hazırlanmış rəydə qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı il oktyabrın 1-nə özəlləşdirmə prosesində müxtəlif sahələr üzrə ƏMDK-nin sərəncamına verilmiş və hazırda özəlləşdirilməmiş 739 dövlət müəssisə və obyektlərinin balans üzrə əsas vəsaitlərinin dəyəri 34,714 mln. manat, özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış və tam özəlləşdirilməmiş 157 SC üzrə nizamnamə kapitalında dövlətə məxsus səhmlərin həcmi 72,452 mln. manat təşkil edib.

Özəlləşdirmədən daxilolmalar üzrə borc qalığı məbləği 2015-ci ilin əvvəlinə 2,218 mln. manat, 2016-cı ilin əvvəlinə 2,069 mln. manat, 2016-cı il oktyabrın 1-nə isə 2,519 mln. manat olub. Həmin qalıqların əksər hissəsi kiçik dövlət müəssisə və obyektlərinin, icarəyə verilmiş qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınar dövlət əmlakının özəlləşdirilməsindən, habelə özəlləşdirilən müəssisə və obyektlərin altındakı torpaq sahələrinin satışından əldə edilib.

Qeyd edək ki, ƏMDK-nin hesabat məlumatlarına əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 4,655 mln. manat daxil olub ki, bu da 2016-cı ilin büdcə tapşırığının 4,7%-ni təşkil edir.

Mənbə: Report.az