Ödəniş kartlarının istifadəsi zamanı təhlükəsizlik necə tənzimlənir? | Banco.az

Ödəniş kartlarının istifadəsi zamanı təhlükəsizlik necə tənzimlənir?

Hazırda rəqəmsal ödənişlər, xüsusilə də ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlar həyatımıza daha dərindən nüfuz etməkdədir. Təbiidir ki, ödəniş kartlarından istifadə ilə bağlı təhlükəsizlik məsələləri də aktualdır. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.

Ölkəmizdə gün ərzində on minlərlə ödəniş həyata keçirilən, yaxud yüz minlərlə müştərisi olan portallara rast gəlmək mümkündür. Bu ödənişlərin əksəriyyəti ödəniş kartlarından istifadə etməklə həyata keçirilir. Hər bir ödəniş alətinin öz üstün və riskli tərəfləri olduğu kimi, ödəniş kartlarının da istifadəsində müəyyən risklər mövcuddur. Burada risklər həm kart istifadəçisində, həm bankdan, prosessinq mərkəzindən və digərlərinin fəaliyyətindən qaynaqlana bilir. Bəs kart sahibi kartdan istifadə zamanı riskləri necə məhdudlaşdıra bilər?

Kartların istifadəsi zamanı kartın balansında olan vəsaitlərin oğrulanması, hər hansı şəxsin maliyyə əməliyyatları barədə məlumatların digər bir şəxsin əlinə keçməsi kimi risklər vardır. Dünya təcrübəsinə nəzər salsaq, adətən, kartlara dair fırıldaqçılıq əməliyyatlarının aşağıdakı növlərinə rast gəlinir:

• itirilmiş və ya oğrulanmış kartlarla əməliyyatların aparılması;

• kart hesabı üzərindən hüquqların fırıldaqçılıqla ələ keçirilməsi - kart sahibini aldatmaqla ondan informasiyanın alınması (ev ünvanı, kart təyin olunarkən şəxsin qeyd etdiyi məxfi söz və sair) və banka məsafədən müraciət edərək kart məlumatlarının dəyişdirilməsi;

• saxta kartlar - kartların məlumatlarının oğurlanması və kartın nüsxəsinin hazırlanması, hazırlanmış saxta kartla əməliyyatların aparılması (bu növ fırıldaqçılıq artıq aktuallığını itirməkdədir, çünki kartlarda artıq yeni nəsil çiplər və digər mühafizə tədbirləri quraşdırılmışdır)

• heç vaxt alınmamış kart metodu - bu üsul yeni hazırlanan kartlarla bağlı informasiyanın ötürülməsi (e-mail, yaxud digər vasitələrlə) zamanı həmin informasiyanın oğurlanması və istifadə olunması halını ehtiva edir;

• saxta müraciət – bu üsulda kart sahibi özünü başqa bir şəxs kimi təqdim etməklə banka müraciət edir və kart əldə edir, daha sonra isə eyniləşdirdiyi şəxsin vəsaitlərini mənimsəyir;

• əlbir əməkdaşlar – bir sıra hallarda müxtəlif bank, yaxud şirkətlərdə kart məlumatlarını əldə etmək bir şəxs tərəfindən mümkün olmur, məsələn, kartın tam nömrəsinə bir əməkdaş, kart məlumatlarının bitmə vaxtı, yaxud digər məlumata başqa əməkdaş baxmaqla kart məlumatlarının bir əldə cəmlənməsi önlənir. Bir neçə əməkdaşın əlbir olması, əldə etdikləri informasiyanı bir-birilərinə ötürməsi yolu ilə fırıldaqçılıq halları baş verə bilir;

• elektron poçt və ya telefon vasitəsilə məlumatların əldə edilməsi – bu halda kartdan informasiyanı oğurlamaq üçün fırıldaqçı telefon yaxud e-mail vasitəsilə kart sahibinə müraciət edir, hər hansı sayt linkinə daxil olmaq və kart məlumatlarını daxil etməli olması, yaxud telefonla bildirməsini istəyir, əgər kart sahibi bu məlumatları verərsə, yaxud hansısa linkə daxil olub kart məlumatlarını ora daxil edərsə, məlumatlar oğurlanır və bu məlumatlarla onlayn əməliyyatlar edərək vəsaitləri kart sahibinin balansından oğurlamış olurlar.

Son dövrlərdə Azərbaycanda da fırıldaqçılıq əməliyyatlarına rast gəlinməkdədir. Müxətlif şəxslər kartın hər iki tərəfindən olan informasiyanı hər hansı bəhanə ilə istəməklə, yaxud müxtəlif bəhanələrlə hər hansı şübhəli sayta kart barədə məlumatları daxil etdirməklə kart sahibindən zəruri məlumatları əldə edir və vəsaitləri mənimsəyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kart sahibləri aşağıdakı tövsiyələrə riayət etsələr onların vəsaitləri daha təhlükəsiz olar:

- Heç bir şəxsə kart nömrəsini göndərmək tövsiyə olunmur, lakin bu hələ vəsaitinizin oğurlana bilməsi anlamına gəlmir. Kartın arxa hissəsində olan CVV/CVC kodlarının kiməsə ötürülməsi, yaxud kartın arxa hissəsinin şəklinin kiməsə göndərilməsi qətiyyən olmaz!

- Bəzi kartlar 3D secure xidmətinə qoşulurlar. Bu xidmət elə təşkil edilir ki, kartla internet üzərindən əməliyyat etdikdə kart sahibinin əvvəlcədən təyin etdiyi telefon nömrəsinə SMS formasında kod gəlir, o kod internet saytında daxil edilmədikdə əməliyyat həyata keçmir. Bu kodu da heç vaxt heç kimə ötürmək olmaz!

- Kimsə sizə vəsait göndərmək istəyirsə, bunun üçün kartın 16 rəqəmli nömrəsindən başqa kart üzərində olan heç bir məlumatı qarşı tərəfə ötürmək olmaz. Hərçənd ki, bu 16 rəqəmi ötürməyiniz də o qədər də risksiz hesab edilmir.

- Siz kiməsə vəsait ödəyəcəksizsə həmin şəxsin sizin kart nömrənizi bilməsinə gərək yoxdur.

- Şübhəli, qeyri-müəyyən, populyar olmayan saytlardan alış-veriş etmək məqsədəuyğun deyil.

- İnternet vasitəsilə əməliyyat apararkən saytın siz istədiyiniz sayt olduğuna əmin olmaq üçün saytın ad hissəsinin əvvəlində qoşulmanın təhlükəsiz olduğunu göstərən qıfıl işarəsinin olduğuna diqqət edin. Əgər “not secure” yazılmışdırsa, bu saytda əməliyyat aparmaq olmaz.

- Saytın adına diqqət edin, fırıldaqçılar siz daxil olmaq istədiyiniz saytın görüntüsünə tam bənzəyən, yalnız sonluğunda bir hərf dəyişməklə saxta sayt yaratmış ola bilərlər və siz bura kart informasiyanızı daxil etsəniz, informasiya, böyük ehtimal ki, oğrulanacaqdır.

Qeyd edilən tövsiyələrin hər birinə vətəndaşlar daha diqqətli olarsa, sözsüz ki, ödəniş kartlarında olan vəsaitlərinin təhlükəsizliyini daha yaxşı təmin etmiş olarlar.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et