Mərkəzi Bank tərəfindən müəyyən olunan uçot dərəcəsi müxtəlif iqtisadi amillərin təsiri ilə müəyyən olunur.
Uçot dərəcəsi nədir?
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə tələb etdiyi faiz dərəcəsidir. Bu faiz dərəcəsi həmçinin kommersiya banklarının hüquqi və fiziki şəxslərə verdiyi kreditə görə faiz dərəcəsini müəyyən edir. Uçot dərəcəsinin yüksək olması bu faiz dərəcəsini artırır, aşağı olması isə bu göstəricini azaldır.
Yuxarıda qeyd etdiyimiz kimi, uçot dərəcəsininin müəyyən olunmasına müxtəlif amillər təsir edir. Onlardan ən vacibi inflyasiya səviyyəsidir. İnflyasiya yüksək olduğu zaman Mərkəzi Bank uçot faiz dərəcəsini artırır, çünki bu yolla dövriyyədəki pul kütləsini azaltmaq məqsədi güdür. Beləcə, banklardan kredit götürmək çətinləşir, kommersiya bankları isə öz növbəsində Mərkəzi Banka daha çox məbləğ geri qaytarmalı olurlar. İnflasiya aşağı olduqda isə uçot faiz dərəcəsi də aşağı müəyyən olunur, beləcə banklardan kredit götürmək asanlaşır, bu da iqtisadiyyatda canlanma yaradır.
Bu gün Azərbaycanda kommersiya banklarının təklif etdiyi kreditə görə faiz dərəcəsinin yüksək olmasının əsas səbəblərindən biri də, uçot dərəcəsində müşahidə olunan artımdır. 03.05.2016 göstəricilərinə əsasən Mərkəzi Bank tərəfindən müəyyən olunan uçot dərəcəsi 7%-dir, 13.07.2015 tarixinə əsasən isə uçot dərəcəsi 3% təşkil etmişdir. Bəli, artım 4%, yəni iki dəfədən çoxdur.
Bunun əsas səbəbi isə devalvasiyadan sonra inflyasiyada baş verən nəzərə çarpacaq artımdır. Düzdür, hal-hazırda inflyasiya gostəricisində azalma müşahidə olunur:
2016-cı ilin yanvar ayında 13.6%-ə artan inflyasiya dərəcəsi azalaraq aprel ayında 10.5% olmuşdur. Ama qeyd etməliyik ki, dekabr 2015-də inflyasiya 4% idi. Bütün bunları nəzərə alsaq uçot dərəcəsindəki artımın səbəbini anlayarıq.
Banco.az-ın araşdırmalarına görə region ölkələrinin və digər maraqlı ölkələrin uçot dərəcələri toplanmış və aşağıdakı cədvəldə əks etdirilmişdir:
ÖLKƏLƏR |
UÇOT DƏRƏCƏSI |
TARIX |
Azərbaycan |
7% |
2016 |
Türkiyə |
7.5% |
2015 |
Rusiya |
11% |
2015 |
Gürcüstan |
7.5% |
2016 |
Ermənistan |
7.75% |
2016 |
Qazaxıstan |
15% |
2016 |
ABŞ |
0.25-0.5% |
2015 |
Çin |
4.35% |
2015 |
Birləşmiş Krallıq |
0.5% |
2009 |
Cədvəldən də gördüyünüz kimi, region ölkələrində uçot faiz dərəcəsi ABŞ, İngiltərə kimi inkişaf etmiş ölkələrdən və Çindən dəfələrlə çoxdur.