"Netflix" birinci rübdə gəlirlərini artırıb | Banco.az

"Netflix" birinci rübdə gəlirlərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal internet televiziya şəbəkəsi “Netflix”in gəliri bu ilin birinci rübündə 12,5 faiz artaraq 10,5 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, “Netflix” 2025-ci ilin birinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

Buna əsasən, şirkətin gəliri bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 10,5 milyard dollara çatıb. “Netflix”in gəliri 2024-cü ilin birinci rübündə 9,4 milyard dollar olmuşdu.

Şirkət növbəti rübdə gəlirinin 11,04 milyard dollara yüksələcəyini proqnozlaşdırır.

“Netflix”in xalis mənfəəti də ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24 faiz artaraq 2,9 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2024-cü ilin eyni dövründə 2,3 milyard dollar olaraq qeydə alınmışdı.

Ötən ilin birinci rübündə hər səhmə düşən gəlir 5,28 dollar olduğu halda, bu dövrdə 6,61 dollara yüksəlib.

“Netflix”in həm mənfəəti, həm də gəliri bazar proqnozlarını üstələyib.

Dünya üzrə ümumi abunəçi sayı 300 milyonu keçən “Netflix”in bu ilin birinci rübünə dair hesabatında abunəçi saylarını açıqlamaması isə diqqət çəkib.

Şirkət ötən ilin son rübündə abunəçi sayının 18,9 milyon artdığını bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram