Neft beş həftəlik maksimuma yaxınlaşır | Banco.az

Neft beş həftəlik maksimuma yaxınlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Yaxın Şərqdə artan hərbi qarşıdurma və enerji təchizatına dair narahatlıqlar fonunda dünya bazarında neft qiymətləri yüksəlib.

Banco.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,55 faiz artaraq 91,51 dollar, ABŞ-ın WTI markalı xam nefti isə 0,36 faiz bahalaşaraq 84,64 dollar/barelə çatıb.

Qiymət artımına ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsi, həmçinin İranın dəstəklədiyi Husi qüvvələrinin Bab əl-Məndəb boğazında neft tankerlərini hədəf alacaqları ilə bağlı təhdidləri təsir edib. Analitiklər bildirirlər ki, bölgədə gərginliyin dərinləşməsi qlobal enerji təchizatında yeni fasilələr yarada bilər.

Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) açıqladığı məlumata görə, ötən həftə ABŞ-da xam neft və distillə yanacağı ehtiyatları artıb, benzin ehtiyatları isə azalıb. Bazar iştirakçıları indi ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqlayacağı rəsmi ehtiyat statistikasını gözləyirlər.