Mütləq izləməli olduğunuz ən yaxşı YENİ İL FİLMLƏRİ | Banco.az

Mütləq izləməli olduğunuz ən yaxşı YENİ İL FİLMLƏRİ

Tamara Mustafayeva, Banco.az

Əminliklə deyə bilərik ki, bu il hər dəfə olduğundan daha böyük səbrsizliklə ilin son ayını gözləyirdik. Səbəbi hamımıza məlum olduğu üçün aylardır müzakirə etdiyimiz, hər yerdə rastımıza çıxan xəbərlərdən deyil, bu dəfə bizə hər nə olursa olsun, müsbət əhval-ruhiyyə, üzümüzə təbəssüm bəxş edəcək, yəqin ki, hər il böyük şövqlə gözlədiyimiz dekabr ayının ən maraqlı mövzusundan, Yeni il filmlərindən bəhs edəcəyik. Bir halda ki, bu il vaxtımızın daha çox hissəsini evdə keçirməliyik, digər illərdən fərqli olaraq bayram tətili üçün səfər planı qura bilmirik, elə isə gəlin birlikdə dünyanın müxtəlif yerlərindən yeni il ruhunu öz evimizə gətirək. Çayımızı, kofemizi hazırlayıb sizin üçün seçdiyimiz filmlərə tamaşa edərkən hər zaman gələcəyə ümidin, parlaqlığa inamın, bəzən kiçik bir təbəssümün bizə yol göstərə biləcəyini unutmayaq.

1. Last Christmas

Buraxılış ili: 2019

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Rejissor: Paul Feig

Müğənni olmağa can atan Katarina Londonun mərkəzi küçəsində fəaliyyət göstərən dükanların birində elf kimi çalışır. Daxili dünyasının təlatümü içərisində çaşıb qalan gənc qadının həyatında Tom adlı cavan oğlanla rastlaşdıqdan sonra yeni pəncərə açılır və bu sərgüzəşt onu heç gözləmədiyi həqiqətlərə aparıb çıxarır.

2. Christmas Chronicles 2 

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: Chris Columbus

Ötən ilki məqaləmizdə bu filmin birinci hissəsini tövsiyə etmişdik, yəqin ki, izləmisiniz. Böyük marağa səbəb olan birinci hissədən iki il sonra sevilən heyət növbəti filmlə qarşımıza çıxır. Yeniyetməlik illərini yaşayan qəhrəmanımız Keyt vərdiş etdiyi yeni il ruhuna qovuşmaq üçün Santa Klausun yanına getməyə çalışır, bu əsnada Santa da Yeni İli xilas etmək üçün onun köməyinə müraciət etməli olur. Görəsən sevimli qəhrəmanlarımız dünyaya yeni il ruhunu yenidən bəxş edə biləcəklərmi?

3. While You Were Sleeping 

Buraxılış ili: 1995

Ölkə: ABŞ

Rejissor: Jon Turteltaub

İnanırıq ki, siz də Yeni il filmləri siyahısını klassik filmlərsiz təsəvvür etmirsiniz. Odur ki, Sandra Ballok və Bill Pullmanı görüşdürən bu romantik komediya janrında filmi çox bəyənəcəksiniz. Film dəmiryolu işçisi Lusi Elanorun qatarın altına yıxılmış Piter adlı gənc oğlanı xilas etməsi ilə başlayır. Xəstəxanada komaya düşən Piterin valideynləri səhvən Lusini onun nişanlısı zənn edərək öz evlərinə gətirir və hadisələr Lusinin burada Piterin qardaşına aşiq olması ilə daha da mürəkkəbləşir.

4. Write before Christmas 

Write Before Christmas

Buraxılış ili: 2019

Ölkə: ABŞ

Rejissor: Pat Williams

Qəhrəmanımız Cesika Yeni il ərəfəsində dəyər verdiyi beş insana bayram açıqçası göndərir. Yeni il ruhunu qorumaq üçün göndərilən bu açıqçaların Cesikanın və sevdiklərinin həyatındakı rolunu kəşf etmək sizi də heyran edəcək.

5. Midnight at the Magnolia

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: Max McGuire

Uşaqlıq dostu olan Megi və Cek yerli radioların birində aparıcı işləyirlər. Uzun müddətdir ki, dinləyicilərin sevimlisinə çevrilmiş radio şoularını ölkə miqyasında tanıtmaq üçün qeyri-adi üsula əl atan cütlük bu müddət ərzində çoxdan unudulmuş hisslər və qırılmaz bağlarla sınağa çəkiləcəklər.

6. Jingle Jangle: A Christmas Journey

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: David E. Talbert

Bir vaxtlar əyləncəli və gümrah olan oyuncaq ustası köməkçisinin xəyanətindən sonra əvvəlki həyat enerjisini itirir. Günlərin bir günü nəvəsinin ziyarəti ilə həyatında yeni ümid işığı yaranır. Yeni ilin sehrinə inananları bu filmin sirli və möcüzəli dünyasına dəvət edirik.

7. A California Christmas

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: Shaun Paul Piccinino

Yeni il filmləri dedikdə adətən ilk ağlımıza gələn soyuq hava, qarla örtülmüş ağappaq yollar, qalın geyinmiş insanlar, elə deyilmi? Gəlin bu dəfə vərdişimizi bir qədər dəyişək və yeni ili həyatı boyunca qar görməmiş insanların yaşadığı yerlərin isti bayram abu-havası ilə qarşılayaq. Beləliklə, siyahının növbəti filmi qayğısız həyat sürən milyonçu cavan oğlanı yeni il ərəfəsində satın almağa çalışdığı fermada həyatın əsas mahiyyətini dərk etməsinə aparan hadisələrdən bəhs edir.

8. Jingle All The Way

Buraxılış ili: 1996

Ölkə: ABŞ

Rejissor: Brian Levant

Siyahının növbəti klassik filmi yəqin ki, bir çoxunuza tanışdır. Hətta düşünürük ki, filmə daha əvvəl tamaşa edənlər belə adını siyahıda görüb yenidən izləmək istəyəcəklər. Film daim işlə məşğul olan və ailəsi üçün vaxt tapa bilməyən Hovardın oğlunun karate yarışına gecikməsi ilə başlayır. Uşağın könlünü almaq üçün ona Milad bayramı ərəfəsində ən sevimli qəhrəmanı olan Turbomen oyuncağı alacağına dair söz verir. Ancaq bu dəfə də verdiyi sözü unudan ata bayrama bir gün qalmış oyuncağın axtarışına başlayır. Bilmədiyi isə odur ki, bu oyuncağı əldə etmək üçün o, digər valideynlərlə yarışmalı, şəhəri başdan ayağa gəzməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

9. A Welcome Home Christmas

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: Brian Herzlinger

Ordudan yenicə qayıtdığı üçün mülki həyata uyğunlaşmaqda çətinlik çəkən Mayklın yolu uzun illər hərbi təşkilatlarla çalışmış Kloy ilə kəsişir. Yaşadıqları qəsəbədə Yeni il ruhunu oyatmaq üçün onların digər veteran hərbçilərin köməyinə ehtiyacı olacaq.

10. The Princess Switch: Switched Again

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: Michael Rohl

Siyahının növbəti pilləsində ikinci hissəsi ilə qarşımıza çıxan başqa bir film var. Sevimli heyəti iki il sonra yenidən görüşdürən bu filmdə hadisələr birinci hissədən tanıdığımız şahzadə Margaret üçün Milad günü keçiriləcək tac qoyma mərasiminin hazırlıqları ilə başlayır. Şahzadənin hər zaman köməyinə çatan oxşarı Steysi bu dəfə də ona kömək edə biləcəkmi? Bəs üçüncü oxşar qadının bütün planları korlamasına necə mane olmaq olar?

11. Angela's Christmas

Buraxılış ili: 2017

Ölkə: İrlandiya, Kanada

Rejissor: Damien O'Connor

Animasiya həvəskarlarının böyük maraqla izləyəcəyinə inandığımız bu filmdə Milad ərəfəsi ailəsi ilə birlikdə kilsəyə gedən Anjela reallaşdırmağa çalışdığı qeyri-adi ideyası ilə qəlblərimizi isidəcək.

Əgər marağınıza səbəb olsa, animasiyanın yenicə çəkilmiş “Angela's Christmas Wish” adlı ikinci hissəsini də izləyə bilərsiniz.

12. Christmas at Pemberley Manor

Christmas at Pemberley Manor

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Rejissor: Colin Theys

Tədbir təşkilatçısı gənc qadın Yeni il şənliyi üçün möhtəşəm məkan axtarışına başlayır. Əsl Yeni il ruhunu əks etdirən ecazkar bir qəsəbənin ən gözəl mülkündə şənliyi təşkil etməyi planlaşdıran qadın eyni zamanda bu evin satılmaması üçün sahibini razı salmalıdır.

13. Sleepless in Seattle

Buraxılış ili: 1993

Ölkə: ABŞ

Rejissor: Nora Ephron

Siyahının yekununa doğru sonuncu klassik filmlə davam edirik. Tom Henks və Meq Rayanı ilk dəfə görüşdürən bu film həyat yoldaşının ölümündən sonra əvvəlki kimi olmaqda çətinlik çəkən Semin səkkiz yaşlı oğlunun müdaxiləsi ilə dəyişən həyatından bəhs edir.

14. Holidate

Holidate | Netflix Official Site

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Rejissor: John Whitesell

Bayram şənliklərində, ailə dəvətlərində, dost məclislərində subay iştirak etməkdən bezən qəhrəmanlarımız il boyu bütün xüsusi günlərdə cütlük kimi davranacaqlarına dair razılığa gəlirlər. Bəs ətrafdakıları inandırmağa çalışarkən əsl hisslər qapını döysə, necə?

15. Hope at Christmas

Hope at Christmas

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Rejissor: Alex Wright

Nənəsindən miras qalmış evin satışı üçün qızı ilə birlikdə şəhərkənarı qəsəbəyə səfər edən Sidney geri qayıtdıqdan sonra karyerası üçün ən doğru hesab etdiyi işdə çalışacağından əmindir. Ancaq taleyin onun üçün daha möcüzəli planları var. Uşaqlığını keçirdiyi qəsəbənin sevimli kitab mağazası bəlkə də onun üçün keçmiş və gələcəyin, yeni ümid və başlanğıcların ən doğru ünvanına çevriləcək. 

Sonda seçimləri artırmaq üçün aşağıda qeyd edilən link-lərə daxil olmaqla ötən ilki məqalələrə də nəzər salmağınızı tövsiyə edirik. İzləyəcəyiniz hər bir filmin ürəyinizdəki yeni il ruhunu üzə çıxarması diləyiylə, unutmayın ki, möcüzələrin reallaşması üçün yeni ildən daha gözəl vaxt ola bilməz.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 10 Yeni il filmi

"Netflix"də yayımlanan ən bəyənilən YENİ İL FİLMLƏRİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et