Azərbaycanda Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində təxminən 100 milyon ABŞ dolları məbləğində özəl kapital səfərbər edib.
Bu barədə Dünya Bankından məlumat verilib.
Bildirilib ki, Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi (Country Partnership Framework) ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidinə dəstək üçün yol xəritəsini müəyyən edir: "Çərçivə sənədi iki məqsəd üzərində qurulub: məhsuldarlığın və daha yaxşı iş yerlərinin artırılması, həmçinin dayanıqlılığın və davamlılığın artırılması. Çərçivə sənədi iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına və dayanıqlı maliyyəyə çıxışın genişləndirilməsinə yönəlib. O, ticarət və tranzit üçün Orta Dəhlizin inkişafını, rəqəmsal infrastrukturun təkmilləşdirilməsini, habelə süni intellekt kimi yeni texnologiyaların tətbiqini dəstəkləyir. Eyni zamanda, özəl kapitalın səfərbər edilməsini, bərpa olunan enerji layihələrinin genişləndirilməsini və suyun istifadəsində səmərəliliyin artırılmasını nəzərdə tutur".
Məlumata əsasən, Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün özəl kapitalın rekord səviyyədə səfərbər edilməsini elan edib:
"Qrup 2026-cı maliyyə ilində əvvəlki illərə nisbətdə daha çox özəl kapital səfərbər etməyə müvəffəq olub. Qlobal mənzərəyə baxdıqda isə Dünya Bankı Qrupu tərəfindən səfərbər edilən özəl kapital son 4 ildə 3 dəfədən çox artıb ki, bu da 2022-ci maliyyə ilindəki 35 milyard ABŞ dollarından 2026-cı maliyyə ilində 112 milyard ABŞ dollarına qədər çatıb".
