Ölkənin bank sektorunda yaşanan proseslər cari ilin sonuna kimi bir neçə kommersiya bankının fəaliyyətinin dayandırılmasını artıq qaçılmaz edir. Söhbət təkcə kredit şərtlərinin ağırlaşdırılmasından getmir. Banklara qoyulan əmanətlərin həcminin azalması da bu sahədə əlavə çətinliklərə yol açır. Daha doğrusu, banklar bu müstəvidə də maliyyə çatışmazlığı problemi ilə üzləşir.
Araşdırmalar göstərir ki, əhali banklara əvvəlki kimi əmanət yatırmır. Məhz bunun nəticəsidir ki, aprel ayında banklarda əhalinin əmanətləri azalıb. Məlumat üçün bildirək ki, 2014-cü ilin ilk 4 ayı ərzində banklarda əhalinin əmanətləri 174,1 milyon manat və ya ilin əvvəli ilə müqayisədə 2,7% artıb. Halbuki, ötən ilin yanvar-may aylarında banklarda əhalinin əmanətləri 654,9 milyon manat və ya 12,8% artmışdı. Yanvar-may aylarında əhalinin əmanətlərinin, cüzi də olsa, artmış kimi görünməsi əmanətlərin yanvar-mart ayları ərzində artması hesabınadır. Belə ki, banklarda əhalinin əmanətləri yanvarda 55,6 milyon manat, fevralda 140,3 milyon manat, martda 64,6 milyon manat artıb. Lakin apreldə bu göstərici 86,4 milyon manat azalıb. Mütəxəssislər əhalinin banklara daha az əmanət qoymağa başlamasına 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, bu ilin may ayının 19-dan isə 10%-dən 9%-ə endirməsinin səbəb olduğunu söyləyir. Onu da bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilib. Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərir, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin endirilməsi barədə sonuncu qərarından sonra əhalinin banklardakı əmanətlərinin daha da azalacağı proqnozlaşdırılır.
Bundan başqa, kommersiya banklarında əhaliyə məxsus əmanətlərin həcminin artım tempinin azalmasında əcnəbilər də az rol oynamır. Məsələ bundadır ki, əcnəbi vətəndaşlar 2014-cü ildən kommersiya banklarında olan əmanətlərin həcmini xeyli dərəcədə azaldıb. Bu azalmanın təsiri ilə, qeyd olunduğu kimi, aprel ayında banklarda olan əmanətlərin ümumi həcmində kiçilmə qeydə alınıb.
Bütün bunlar ilin sonuna kimi nizamnamə kapitalını 50 milyona çatdırmalı olan bankları ciddi problemlər gözlədiyini göstərir. Məhz bu şəraitdə bir neçə bankın fəaliyyətini dayandırması qaçılmaz sayılır. Bankların nizamnamə kapitalının 10 milyon manatdan 50 milyon manata qədər artırılması qərarı faktiki olaraq ilin sonunadək nizamnamə kapitalını 5 dəfə artırmağı tələb edir və bu, mövcud kommersiya banklarının taleyinə təsir edəcək. Belə proqnozlaşdırılır ki, heç də bütün kommersiya banklarının Mərkəzi Bankın yeni nizamnamə kapitalına olan tələbləri həyata keçirməyə imkanları yoxdur. Bu onunla bağlıdır ki, kommersiya banklarının bir qisminin nizamnamə kapitalı olduqca azdır. Nizamnamə kapitalı az olduğu üçün onların qısa zamanda bu kapitalı ifadə edən məbləği 50 milyona qədər artırması praktiki olaraq mümkün deyil. Aparılan araşdırmalar da göstərir ki, Mərkəzi Bankın nizamnamə kapitalının artırılması ilə bağlı qərarına mövcud bankların hamısı əməl edə bilməyəcək. Ona görə də, güman olunur ki, ilin sonunadək kommersiya banklarının ən azından 10-a yaxını nizamnamə kapitalına əməl edə bilmədikləri üçün ya özlərinin müflis olduqlarını elan edəcəklər ya da Mərkəzi Bank kommersiya banklarının statuslarının dəyişməsi, yaxud onların bağlanması haqda qərar qəbul edəcək.
Mənbə: baki-xeber.com