Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (II hissə) | Banco.az

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (II hissə)

Azərbaycan Respublikasının Milli Bankı dünyanın müstəqil bankları kimi fəaliyyətə başladı. Azərbəycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli, 566 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının (o vaxtkı Milli Bankın) ilk sədri təyin edildi. Həmin vəzifəyə Azərbaycanın tanınmış əməkdar iqtisadçısı Qalib Ağabala oğlu Ağayev təyin edilmişdir. Q.A.Ağayevin Azərbaycanın maliyyə-bank sferasının inkişafında xüsusi xidmətləri olmuşdur. Məhz, onun dövründə 15 avqust 1992-ci ildə Respublikamızın Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə başlandı.

1992-ci il 1 dekabr tarixdə isə Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul etmişdir. Bank işi üçün əhəmiyyətli dərəcədə vacib olan bu qanunvericilik aktları Milli Bank hüququnun təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaratmışdır. Sözügedən aktlarda Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Milli Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər də verilmişdir.

1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeniliklər zəruri idi.Buna görə də 1996-cı il 10 iyun tarixində “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, həmin ilin 14 iyun tarixində isə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank praktikasına yaxınlaşmasına, kredit təşkilatlarının yaradılmasına imkan yaratdı.

Respublikamız müstəqillik əldə etdikdən sonra bazar əsasında inkişaf edən ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə həm bankların strukturları, həmdə kredit münasibətlərində də dəyişiklik edildi.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, bazar prinsiplərinə əsaslanan ikipilləli bank sistemi formalalaşmış oldu.

1-ci pillə - AR Mərkəzi Bankı (o dövrdə Milli Bank adlanırdı)

2-ci pillə - Kommersiya Bankları və digər bank olmayan kredit təşkilatları.

Bundan sonra Aqrar-Sənaye Bankı və Sənaye-investisiya Bankı Milli Bankın tərkibindən çıxarılaraq, Birləşmiş Universal Səhmdar (BUS bank – indiki KapitalBank ASC) kommersiya bankına çevrildi.

Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarına əsasən səhmdar kommersiya bankları kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının Aqrar-sənaye Bankının, Sənaye İnvestisiya Bankının, Əmanət Bankının və Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu.

Bank sisteminin və onu tənzimləyən normativ bazanın inkişafı bir gün də olsa yerində qalmır. Ona görə də hesab edirəm ki, sonuncu yeniləşən elmi-nəzəri metodlara və dəyişkən şəraitə uyğunlaşmaq məqsədilə daim təkmilləşdirilməlidir.

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (I hissə) 

 

 

 

Müəllif: Emil XƏLİLOV,

“Expressbank” ASC-nin Hüquq Departamentinin Hüquqi Təminat şöbəsinin müdiri  

 

Ən sərfəli krediti almaq üçün müraciət et