Müşahidə Şurasının üzvləri necə mükafatlandırılır? | Banco.az

Müşahidə Şurasının üzvləri necə mükafatlandırılır?

Mülki Məcəlləyə əsasən müşahidə (direktorlar) şurası şirkətin idarəetmə orqanlarına aiddir və ümumi yığıncağın səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, şirkətin fəaliyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir. Beləliklə, müşahidə (direktorlar) şurasının fəaliyyəti, şura və şirkət arasında olan münasibətlər mülki qanunvericiliyin normaları ilə tənzimlənir və bu münasibətlər mülki-hüquqi xarakterli münasibətlər hesab edilir. 

MM-in 91.3.2., 91.3.4., 106-1.3.1., 107.1.2., maddələrinə əsasən şirkətin idarəetmə və nəzarət orqanlarının səlahiyyətlərin əldə etməsi üçün əsas onların ümumi yığıncaq tərəfindən seçilməsidir. Müşahidə (direktorlar) şurasının üzvlərinin vəzifədən uzaqlaşdırılması, öz hüquqi təbiəti, hüquq münasibətlərinin tənzimlənmə predmeti və hüquqi nəticələri ilə, Əmək Məcəlləsinə əsasən işçinin işdən uzaqlaşdırılmasından fərqlənir. İdarəetmə orqanların fəaliyyəti ilə bağlı qərarlara əmək hüququ çərçivəsində deyil, şirkət və idarəetmə səlahiyyətləri etibar edilmiş şəxslər arasında yaranan korporativ münasibətlər çərçivəsində baxmaq lazımdır.

Qanunvericilikdə şuranın üzvlərinə ödəniş məsələsi əks olunmasa da, təcrübədə ümumi yığıncaq müşahidə (direktorlar) şurasının üzvlərinin mükafatlandırılması haqda qərarlar qəbul edir. Əsasən mükafatlandırma məsələsi ilə əmələ qələn sualların həlli üçün iştirakçılar bir çox halda münasibətləri əmək qanunvericiliyi ilə tənzimləməyə çalışırlar. Lakin bu yanlış yanaşmadır.

Bəs şirkət müşahidə (direktorlar) şurasının üzvünə yazılı müqavilə olmadan, mükafat ödəyə bilərmi? 

Ən sərfəli kredit üçün müraciət et

Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı əsaslandırmaq daha asandır. Lakin yazılı müqavilə olmadıqda, qeyd olunan xərcləri, ümumi yığıncağın müvafiq qərarı ilə əsaslandırmaq mümkündür.

Beləliklə, şirkət müşahidə (direktorlar) şurasının üzvünə mükafatı heç bir müqavilə bağlamadan ödəyə bilər və ya müvafiq yazılı müqavilə bağlayır. Lakin belə müqavilənin nə qədər zəruri olması sualı yaranır. Belə ki, müşahidə (direktorlar) şurasının bütün səlahiyyətləri qanunvericilikdə və şirkətin müvafiq əsasnaməsində (ümumi yığıncağın qərarında) əks edilir. Həmin əsasnamələrdə göstərilmiş şərtlərinmüqavilədə böyük ehtimalla təkrarlanacağını nəzərə alsaq, o halda qanunla və müvafiq sənədlərlə müəyyən edilən səlahiyyətlərin icrası üçün şirkət və müşahidə (direktorlar) şurasının üzvləri arasında müqavilənin bağlanmasına zəruriyyət olmadığını hesab edirik.

Şirkətin idarəetmə orqan üzvlərini seçmək və təyin etmək yolu ilə korporativ hüquqların icrası, həmçinin onların vəzifədən kənarlaşdırmaq v səlahiyyətlərinə xitam vermək məsələsinə aiddir. Beləliklə, bu qərarlar əmək hüququ çərçivəsində deyil, korporativ hüquq çərçivəsində baxılmalıdır.

Mülki Məcəllənin 107.1.2 və 107.1.3. maddələrində qeyd edilən “səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək” ifadəsi ümumi yığıncaq tərəfindən şirkətlə korporativ münasibətlərdə olan idarəetmə orqanlarının fəaliyyətinə çevik reaksiya vermək üçün nəzərdə tutulub. Belə normanın zəruriyyəti, idarəetmə və nəzarət orqan üzvünün spesifik statusu ilə bağlıdır.

 

Emin Kərimov

Kapital Bank ASC-nin Hüquq departamentinin direktoru

 

Ən sərfəli krediti almaq üçün müraciət et