Mobil cihazların qeydiyyatı və dövlət rüsümları necə tənzimlənir? | Banco.az

Mobil cihazların qeydiyyatı və dövlət rüsümları necə tənzimlənir?

Mobil cihazların qeydiyyatının aparılması Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmişdir. Mobil Cihazların Qeydiyyat Sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sisteminin üstünlükləri:

  • texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüa yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması;
  • itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması;
  • ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması;
  • telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması;
  • qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısı alınır.

2018-ci il iyul ayının 31-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri”-də edilən dəyişikliklər barədə qərar dərc edib. Həmin qərara əsasən bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto-video çəkiliş funksiyası olmayan, habelə internetə girişi dəstəkləməyən mobil qurğulara 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Qeydiyyata alındığı vaxt markası, modeli və bazar qiyməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytındakı kataloqda göstərilməyən cihazların qeydiyyatına görə də həmçinin 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Digər hallarda isə şəxsi istifadə məqsədli mobil cihaz alan fiziki şəxslər üçün dövlət rüsumu aşağıdakı qaydada müəyyənləşir:

  • Cihazın bazar qiyməti 100 dollaradək olduqda – 30 manat
  • Cihazın bazar qiyməti 101-200 dollar aralığında olduqda – 50 manat 
  • Cihazın bazar qiyməti 201-400 dollar aralığında olduqda – 60 manat
  • Cihazın bazar qiyməti 401-700 dollar aralığında olduqda – 70 manat
  • Cihazın bazar qiyməti 701-1000 dollar aralığında olduqda – 100 manat
  • Cihazın bazar qiyməti 1001 dollar və daha çox aralığında olduqda – 150 manat

Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilməlidir. Mobil cihazların bazar qiymətlərinə uyğun qeydiyyat rüsumunu müəyyən etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən informasiya sistemi hazırlanaraq www.imei.az saytına inteqrasiya olunub. Vətəndaş heç yerə getmədən məsafədən bu sayt vasitəsi ilə onlayn qaydada mobil cihazını qeydiyyatdan keçirə bilər. www.imei.az saytında bu linkdən istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə  axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Mobil cihaza simkart daxil edildikdən dərhal sonra fasilələrlə istifadə olunduğu halda belə 30 günün tamamında cihaz bağlanır. Aktivləşdirilməsi üçün isə hər modelə görə təyin olunmuş dövlət rüsumu ilə qeydiyyatdan keçirilməlidir.

IMEI  nömrəsi nədir?

İMEİ (International Mobile Equipment Identification) Mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. Bu Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın İMEİ nömrəsi 15 rəqəmdən ibarətdir.

Mobil cihazın IMEI nömrəsini necə öyrənmək olar?

IMEI nömrəsini mobil telefondan *#06# yığmaqla müəyyən etmək olar.

Azərbaycanda 2013-cü ildən mobil cihazların qeydiyyatı aparılır. Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır.

Mənbə: imei.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et