Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında bir neçə qanun layihəsi müzakirə edilib | Banco.az

Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında bir neçə qanun layihəsi müzakirə edilib

KİV-ə verilən məlumatına görə, iclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki  məsələlər haqqında  iclas iştirakçılarını məlumatlandırıb.

Əvvəlcə komitə üzvləri “Reklam  fəaliyyəti  haqqında” qanun layihəsini  müzakirə  ediblər. Komitə sədri bildirib ki, belə bir sənədin hazırlanması cəmiyyətdə geniş əks-səda  doğurub. İqtisadi inkişafın dinamikasına, cəmiyyətdə  sivil  reklam  münasibətlərinin formalaşmasına  xidmət  edəcək bu  qanun layihəsi  bütün  nazirliklər  və müvafiq  qurumlar  tərəfindən  müzakirə  olunub, rəylər  alınıb və əksər  dəyərli  təkliflər sənəddə nəzərə  alınıb. 

Sonra iclasda “Mərkəzi Bank haqqında” mövcud qanuna bəzi əlavə və dəyişikliklərin edilməsi  barədə  sənədə  baxılıb. İclasda iştirak  edən Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev  sənədlə  bağlı  müvafiq  dəyişiklikləri  diqqətə  çatdırıb. Qeyd  olunub ki, aparılan zəruri dəyişikliklər əsas etibarı ilə Mərkəzi Bankın kapital  ehtiyatlarının ödəniş  mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır, pul çatışmazlığı probleminin  aradan qaldırılmasına  xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsinə də baxılıb. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı sənədi ətraflı şərh edib. Qeyd edilib ki, sənəd ölkədə investisiya qiymətli kağızlarının buraxılışı, dövlət qeydiyyatı, investorların hüquqları, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin hüquqi-iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə qiymətli kağızların emissiyası, buraxılışı, bu sahədə depozitar sistem, investisiya şirkətlərinin fəaliyyəti barədə hesabat, fond birjasının vəzifələri və daxili qaydaları kimi məsələlər əks olunub.

Çıxış  edən millət  vəkilləri Vahid  Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Rüfət  Quliyev müzakirə olunan  sənədlərlə bağlı fikirlərini açıqlayıblar.

Ətraflı müzakirələrdən  sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

 

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et