Mikrokreditlər regionlarda ən aktual maliyyə resursudur – Emin Mehdiyev | Banco.az

Mikrokreditlər regionlarda ən aktual maliyyə resursudur – Emin Mehdiyev

Unibankın mikromaliyyələşdirmə üzrə meneceri Emin Mehdiyev

Müasir dövrümüzdə Mikromaliyyə inkişaf etməkdə olan cəmiyyətdə sosial vəziyyətin yaxşılaşdırılması üçün əsas alətlərdən hesab olunur.

Bu maliyyələşmə əsasən sosialyönümlü olması və əhalinin aztəminatlı təbəqələrinin yararlanması ilə digər maliyyə mənbələrindən fərqlənir.

Bu kreditlər adətən yeni fəaliyyətə başlamış və maliyyə mənbələrinə çıxış imkanı olmayan  kiçik biznes sahiblərinə verilir. Belə kreditlərin təyinatı birbaşa olaraq biznes və təsərrüfatı inkişaf etdirərək, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir.

Başqa sözlə, regionlarımızda mikrokredit ən aktual maliyyə resursu hesab olunur.

Kiçik ölçülü kreditlər təhlil edilən zaman əsasən 3 məqama diqqət yetirilir. Bunlar:

  •  şəxsi keyfiyyət;
  •  kreditin təyinatı;
  • ödəmə qabiliyyəti;

Əhəmiyyətinə görə, hər 3 məqam təhlil zamanı əsas götürülür.

Orta ölçülü kreditləri təhlil etdikdə isə təminat və bazarın tendensiyası nəzərə alınmalıdır. 

Hazırda kredit sifariş edənlər arasında əsasən kiçik həcmli ev təsərrüfatları və ticarətlə məşqul olanlar üstünlük təşkil edirlər.

Ev və kənd təsərrüfatı ilə məşqul olan vətəndaşlar üçün mikrokreditlər sərfəlidir (məsələn: regionlarda ev təsərrüfatı olan əhali, ailəsinin xərclərini təmin edə biləcək sayda mal-qara saxlayır, qış fəslində həmin mal-qaranı yemlə təmin etmək məqsədi ilə mikrokredit alır; Əkinçi payız fəslində taxıl əkmək məqsədi ilə şum və səpin üçün güzəştli mikrokredit alır, yəni hər ay yalnız faiz ödənilməsi şərti ilə məhsul yığımından sonra kredit tam ödənilir).

Ticarətlə məşğul olan vətəndaşlar isə yeni mövsümə hazırlaşmaq məqsədi ilə yeni çeşidli malların alınması üçün mikrokreditlər əldə edirlər. 

Bu sahələrə verilən kreditlər üzrə gözlənilən əsas risklər, bəzi spesifik xüsusiyyətləri nəzərə almasaq, demək olar ki, ənənəvi bank biznesi riskləri ilə eynidir.

Spesifiklik ondan ibarətdir ki:

  •   Xırda ticarətlə məşğul olan vətəndaşlar tez-tez biznes ünvanlarını və profillərini dəyişməyə meyillidilər;
  • -Bu vətəndaşlar əksər hallarda həm biznesin sahibi, həm də satıcısı olur (yəni biznes 1 nəfər tərəfindən idarə edilir. Bu şəxsin xəstələnməsi və ya digər probleminin yaranması, böyük ehtimalla biznesin məhv olmasına səbəb olur).

Seçim etsək, qida məhsullarının ticarətinin daha riskli olduğunun şahidi olarıq.

Beləki, Əlavə Dəyər Marjasının kiçik olması, məhsulların saxlanma müddətinin olması və xeyli sayda yeni hiper marketlərin açılışı bu sahə üzrə riskləri maksimuma qaldırır

Ümumiyyətlə, başlanğıc inkişaf dövründə mikromaliyyə təşkilatları əsasən maliyyə riskləri ilə üzləşirlər (Kredit və Bazar riskləri). Tələbat artdıqca Likvidlik riski yaranır. Daha sonrakı fazalarda isə əlbətdə ki, risklərin siyahısı  get-gedə artır.

Bir çox Maliyyə İnstitutlarının araşdırmalarına əsaslansaq 4 əsas bank biznesi riski mövcuddur:

  1. Kredit riski
  2. Əməliyyat riski
  3. Bazar riski
  4. Strateji risk

Kredit və Bazar riski – maliyyə risklərinə, Əməliyyat və strateji risk isə - qeyri maliyyə risklərinə aid edilir.

Bir çox xırda amillər var ki, onlar daha sonradan ciddi problemələrə çevrilə bilər:

  • Təhlil zamanı bəzən kredit mütəxəssisləri müştərinin şərikləri ilə münasibətlərinə əhəmiyyət vermirlər. Sonradan bu münasibətlərin korlanması biznesin süqutuna və ya ödəniş qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Kredit alınan anda şəriklərin hər biri kreditin alınmasına razılıq verməlidirlər.
  • Müştərinin debitor borclarla işləmə qabiliyyətinin dərindən təhlil olunmaması. Debitor borcların vaxtında yığılmaması və ya satışın əksər hissəsinin debitor borclar üzərində qurulması, biznesə nağd pulun daxil olmasını azaldır, bu da öz növbəsində ödəniş qabiliyyətinə təsir edir.
  • Biznesin 1 nəfər tərəfindən idarə olunması. Yuxarıda qeyd etdiyim kimi, 1 nəfərin həm sahibkar, həm də işçi olması gələcəkdə idarəetmədə problemlər yarada bilər.

Mikromaliyyədə biznes analizi ilə bərabər sosial analiz də keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Sosial analiz kreditin təsdiqlənməsi zamanı mühüm rol oynayır. Bu zaman biz müştərinin ailə üzvləri və qohumlar  barədə geniş bilgi alırıq, biznesin idarə olunmasında onların rolunu öyrənirik. Beləki, xırda bizneslərin əksəriyyətində biznes ailə üzvləri tərəfindən idarə olunur.

Adətən ailə biznesləri özünü daha yaxşı tərəfdən göstərir, davamlı olur və bizneslərinə daha məsuliyyətli münasibət göstərirlər.

İşçilərin qohumlardan ibarət olması isə daha riskli hesab olunur. Beləki qohumların sui- istifadə hallarına yol verməsi riski yüksək qiymətləndirilir. Bu səbəbdən biznesin strukturu, müştərinin ailə tərkibi, şəriklər arasındakı münasibətlər və işçilərin səriştəsinə diqqət yetirmək vacibdir.

Müxtəlif növ Ticarət sahələrində mövsümilik ilin fərqli vaxtlarına təsadüf edir. Mövsümiliklə bağlı bir neçə misal gətirmək istəyirəm:

  •  Məişət məhsulları üzrə pərakəndə ticarət zamanı yay və qış öncəsi aylarda, Yeni il və Novruz qabağı aylarda satışda minimum 25-30% artım hiss olunur;
  • Qida məhsulları üzrə topdan - pərakəndə ticarətdə dini bayram və matəm aylarında satrışların həcminin 20-25% azalması müşahidə olunur;
  • Turizm biznesində isə əsas pik yay və qış tətillərində hiss olunur. Yay tətili dövrü daha uzun olur, təxminən may ayının ortalarından başlayaraq, sentyabr ayının 1-ci yarısınadək davam edir. Qış tətili isə əsasən yeni il ərəfəsinə təsadüf edir. Bu dövrlərdə satışlarda kəskin fərqlər hiss olunur.
  • Dondurma və sərinləşdirici içkilərin satışı əsasən yay dövründə kuliminasiya nöqtəsinə çatır və havanın temperaturu ilə düz mütənasibdir. Temperatur artdıqca satış da artır.

Mövsümiliklə bağlı xeyli saya belə misallar gətirmək olar. Müxtəlif  ticarət sahələrində ilin fərqli dövrlərinə təsadüf edir. Ümumi götürdükdə isə yay fəslinin iyun-avqust ayları demək olar ki, 90% ticarət sahələrində durğun dövr kimi səciyyələnir. 

Kredit mütəxəssisi peşəsinin spesifik və rəngarəng olduğunu nəzərə alaraq, onlara xeyli sayda tövsiyyələr vermək olar. Bir neçə əsas tövsiyyələrimi qeyd etmək istərdim:

  1. Fəaliyyət göstərdiyi maliyyə institunun daxili prosedur və normativ aktlarını bilmək;
  2. Maliyyə İnstitutu  tərəfindən müştərilərə təklif olunan bütün kredit məhsulları barədə geniş məlumata sahib olmaq;
  3. Məhsulu müştərilərə müxtəlif kanallar vasitəsi ilə “sata bilmək”;
  4. Mütəmadi olaraq “Direct-Marketinq” tədbirlərini həyata keçirərək yeni müştəriləri cəlb etmək;
  5. Təlimlərdə iştirak edərək, daim nəzəri bilikləri möhkəmləndirmək;
  6. Potensial müştərini tam məsuliyyətlə təhlil etmək (sosial və maliyyə tərəflərini);
  7. Maliyyə təhlili anında diqqətli və bitərəf olmaq;
  8. Müştərilərlə onların “dilində” danışmağı bacarmaq, münasibətlərdə maksimum təmkinli olmaq;
  9. Müştəri tərəfindən təqdim edilən məlumatların çarpaz yoxlanılması (təkrar suallar və maliyyə təhlili əsasında).
  10. Güzəşt etməmək;
  11. Daha çox məlumat əldə etmə bacarığını inkişaf etdirmək;
  12. Öz üzərində daim işləyərək, qeyd etdiyimiz nünanslara diqqət yetirmək

Nəzərə almaq lazımdır ki, hazırda maliyyə sahəsində kredit mütəxəssisi vəzifəsinə ehtiyac böyükdür, amma buna baxmayaraq Maliyyə İnstitutları bu vəzifəyə işə qəbul üçün çox böyük tələblər irəli sürür. Bu səbəbdən mövcud kredit mütəxəssisləri öz nəzəri biliklərini və peşə keyfiyyətlərini daim artırmalıdırlar. Bununla bərabər yüksək satış tempinə sahib olmalı və kredit portfellərinin keyfiyyətini stabil saxlamalıdırlar.   

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et