Son zamanlar bankların bir sıra sosial aksiyalarının və bu sahədə maraqlı tədbirlərinin şahidi oluruq. Bugünkü məqalədə toxunmaq istədiyim məsələ Bankların CSR fəaliyyəti yəni korporativ sosial məsuliyyəti konsepsiyası və onun daxilində göstərdiyi fəaliyyətlərdir. Kiçik bir araşdırma nəticəsində aydın olur ki, əksər banklar öz saytlarında sosial məsuliyyəti qəbul etsələr də əslində reallıqda bu sadəcə saytda yazılan mətndir. Yəni bəzi banklar yalnız sözdə sosial məsuliyyətlidirlər. Bizə, yəni cəmiyyətə isə sözdə yox əməldə sosial məsulliyyətli olmaqları lazımdır.
Qeyd etdiyim kimi bir sıra, əsasən iri banklar bu sahədə konsepsiyası var və mütəmadi olaraq bu sahədə layihələr həyata keçirirlər. Bəzi banklar isə vaxtaşırı bu layihələrə diqqət ayırırlar. Bu bankları bu sahədə daha aktiv olmağa çağırıram və onlara bir daha Mərkəzi bankın Korporativ Sosial Məsuliyyət Konsepsiyasını qəbul etdiyini və banklara bu sahədə daha aktiv olmağa təşviq etdiyini diqqətlərinə çatdırmaq istərdim. Sənədlə buradan tanış ola bilərsiniz – http://www.cbar.az/assets/2825/AMB_Konsepsiya.pdf
Elə Mərkəzi Bankın qəbul etdiyi sənədə əsasən Korporativ Sosial Məsuliyyət- (bundan sonra KSM) nə olduğuna nəzər salaq.
KSM – könüllü fəaliyyət olub hədəf qruplarının maraqları naminə sosial-mədəni məsələlərin təşkilatın funksional fəaliyyətinə inteqrasiya edilməsidir. KSM cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir
Göründüyü kimi KSM bir könüllü fəaliyyətidir və əhalinin müəyyən qruplarına yönələn bir sıra məsələlərin həllində yardımçı olan layihələrdir və tədbirlərdir. Lahiyələr əsasən müxtəlif sahələrdə təhsil, elm, mədəniyyət, idman, sağlamlıq, ekologiya və digər sahələrə aid ola bilər.
KSM fəaliyyətin məğzində əsasən nəinki bankların, bütün şirkətlərin gəlir qazandığı və fəaliyyət göstərdiyi cəmiyyətdə və ölkədə qazandığının bir hissəsini cəmiyyətin, ölkənin müxtəlif sahələrinə dəstək olmaqla görülən işlər dayanır. Odur ki, əgər banklar da bu cəmiyyətdən gəlir və mənfəət qazanırsa müəyyən bir hissəni bu cəmiyyətə faydalı ola biləcək bir işlərə xərcləməsi həm şirkətə həm cəmiyyətə daha da fayda verər.
İndi isə gəlin məsələnin əsas tərəfinə yəni nəzəriyyədən keçək praktikaya və görək hansı banklar və hansı formada KSM layihələr keçirir və bunların cəmiyyətə hansı faydası var. Onu da qeyd edim ki, araşdırmam bankların son aylarda keçirdiyi aksiyaları əhatə edəcək və daha çox diqqət cəlb edən və daha maraqlı faydalı aksiyaları qeyd edəcəyəm.
Gəlin görək hansı banklar daha çox cəmiyyətə qarşı məsuliyyətlidirlər?
İlk öncə son günlərin və ayın ən maraqlı və məncə ən faydalı layihəsi olan Bank of Baku-nun təşkil etdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsini qeyd etmək istəyirəm. Layihə çərçivəsində 40 nəfərə yaxın müxtəlif dərəcəli fiziki əlilliyi olan işsiz şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə və yiyələnəcəyi peşəyə uyğun olaraq işlə təmin olunmasına çalışacaq. 1 ay ərzində davam edən layihə çərçivəsində iştirakçılar yerli ekspertlər tərəfindən 4 mövzu ətrafında –Sosial şəbəkələrin idarəedilməsi, Məlumat Mərkəzi İşi, Şəbəkə administratorluğu, Bloqçuluq, Psixologiya və Motivasiya üzrə təlimlərdə iştirak etdilər. Məhdudiyyətlərə Meydan Oxumağa çağıran Bank of Baku ilk dəfə idi ki, təlimlərin sonunda işsiz fiziki əlilliyi olan gənclər üçün Karyera Sərgisi də təşkil etdi və onların ölkənin aparıcı şirkətlərində iş tapmağa şərait yaratdı. Ən gözəli isə o oldu ki, təlimdə iştirak edən 2 nəfər gəncimizi Bank of Baku işə qəbul etdi.
Əslində bu layihəni əvvəldən izləyirdim və təlimçilərin bir çoxu da tanıdığım şəxslər olduğundan layihənin faydasını görürdüm. Eyni zamanda bu layihə və layihənin sonunda gəncləri işə qəbul etməklə Bank of Baku çox gözəl bir ənənənin başlanğıcını qoydu və deyərdim ki, digər bankları gələcəkdə bu cür gənclərimizə iş yeri yaratmaqda maraqlandırdı. Düşünürəm ki, bu cür layihənin keçirilməsi fiziki baxımdan heç də asan deyil və təşkilatçıların bu işə nə qədər zəhmət qoyduğu layihənin gedişatında və yekununda özünü göstərdi. Layihənin həyata keçirilməsi əməyi olan hər kəsə və əsasən Bank of Baku-nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova və həmin departamentin Bölmə Rəhbəri Gülşən Cumayevaya öz adımdan təşəkkürlər.
Qeyd edim ki, Bank of Baku-nun il ərzində bundan əlavə də sosial layihələri olmuşdur. Onlar arasında tələbələrə təqaüdlərin verilməsi, Dövlət İqtisad Universitetində tələbələr üçün yüksək şəraiti olan otağın yaradılması və təchizatı və digər layihələri qeyd etmək olar.
KSM sahəsində digər aktiv banklardan olan Accessbank-ı qeyd etmək istəyirəm. Bildiyimiz kimi, bu bankın səhmdarları xarici ölkə təşkilatları olsa da( loru dildə desək xaricilərin olsa da) amma bəzi yerli banklardan bəlkə də yüz dəfə daha çox ölkəyə və cəmiyyətə faydalı işlər və KSM layihələr edirlər. Accessbank bəlkə də, bəlkə də yox əminliklə deyə bilərəm ki, jurnalistlər üçün ən çox imkanlar yaradan, onlara müxtəlif təlimləri təşkil edən, jurnalistlər və onların inkişafı ilə bağlı müxtəlif layihələr edən bankdır. Bundan əlavə bu ilin ortalarında keçirilən “Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar” layihəsini qeyd etmək istəyirəm. 34 ay ərzində davam edən layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunması, onların hüquqlarının daha yaxşı anlaşılması və müdafiəsini təmin etməkdən ibarətdir. Həmçinin Bank müxtəlif Uşaq evləri məzunlarının peşə bacarıqlarının artırılması üçün təlimlərə start verdi. Accessbankın bu sahədə layihələr edən və onları təşkil edən Marketinq komandasına təşəkkürlər.
Digər aktiv banklardan Kapital Bank-ı qeyd etmək istəyirəm. Bu bank son illər həm marketinq və həm də KSM sahəsində aktiv işlər görməyə başlamışdır. Ən böyük layihələrdən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək üçün Kapital Bankın maliyyə dəstəyi ilə inşa edilmiş yeni su hövzəsinin açılışını qeyd etmək lazımdır. İnsanlara və ən əsası həyatı vacib olan daimi içməli suyun təşkil edilməsi cox gözəl və alqışlanmalı hadisədir. Yəqin ki, Aşağı Ağcakənd camaatı uzun illər bu yaxşılığı və görülən işi unutmayacaqlar. Digər maraqlı aksiyalardan bu yaxınlarda keçirilən və QİÇS gününə aid olan dəstək aksiyasını və Yaşıl ölkəm layihəsini qeyd etmək yerinə düşər. Daha bir aksiya isə bu gün keçirilən “Əngəlləri aşaq” aksiyası oldu. Aksiya çərçivəsində fiziki məhdudiyyətli bir şəxsə xüsusi təchizatlı arabanın alınması üçün həm maddi, həm də mənəvi dəstək olan bank Tural adlı gəncin bu arabanı almaq və şəhərdə daha rahat gəzmək üçün hər kəsi ona kömək etməyə çağırdı. Eyni zamanda Bank digər müxtəlif məhdudiyyəti olan insanlara yardım etmək və bu işi təşviq etmək üçün facebookda və mediada aksiya başlatmışdır. Kapital Bankın layihələr edən və onları təşkil edən Gənc Marketinq komandasına təşəkkürlər.
Expressbank da KSM sahəsində aktiv olan banklardandır. Çoxları üçün maraqlı olan və 8 mart gününə bir sıra xanım müştərilərin kredit faizlərinin silinməsini də sosial layihəyə gözəl nümunə kimi qeyd etmək olar. Bundan əlavə bank Qusarda yerləşən məktəblərin birini bütün lazimi avadanlıqlarla komputerlə təmin etmiş və məktəblilərin daha innovativ təhsil almasına şərait yaratmışdır. Bundan əlavə Bank “Talassemiyasız həyat naminə” aksiyasına da dəstək olmuşdur. Express Bankın layihələr edən və onları təşkil edən Marketinq və PR komandasına təşəkkürlər.
Nikoil Bank həm bayram günlərində həm da adi günlərdə müxtəlif sosial aksiyalar həyata keçirir. Əsasən bankın ənənəvi aksiyası olan ehtiyacı olanlar üçün qan vermə aksiyalarının həyata keçirilməsini qeyd etmək yerinə düşər. Bankın rəhbərliyi və siravi işçilər mütəmadi bu aksiyalarda iştirak edir. Bundan əlavə uşaq evlərinə və qocalar evlərinə də mütəmadi ziyarətlər edən Bank onlara müxtəlif hədiyyələr təqdim edir. Nikoil Bankın layihələr edən və onları təşkil edən Biznesin İnkişafı komandasına təşəkkürlər.
KSM layihələrə diqqət yetirən digər banklara və onların layihələrinə də qısaca diqqət ayırmaq istəyirəm. Yapı Kredi Bank Azərbaycan tələbələr üçün Maliyyə savadlılığı layihəsinin icrasına başlamışdır. Bundan əlavə ölkənin Qarabağ futbol klubuna dəstək olmaq üçün bir sıra layihələr həyata keçirmişdir. AtaBank mütəmadi olaraq uşaq evlərinə ziyarətlər edir və onlara hədiyyələr və müxtəlif əşyalar hədiyyə edir. Unibank da müxtəlif tarixlərdə uşaq evlərinə ziyarətlər etmiş, jurnalistlər üçün bir sıra tədbirlər təşkil etmişdir.
Araşdırmadan göründüyü kimi bir sıra banklar KSM sahəsində aktivdir. Heç şübhəsiz, elə bu qədər bank da ya aktiv deyil ya da çox az, hiss olunacaq dərəcədə aktiv deyillər. Ümid edək ki, növbəti ildə bu siyahıya digər banklar da qoşulacaq və cəmiyyətimizə daha çox fayda və xeyir verəcəklər.
Müəllif: Farid İslamov, Banco.az