Məşhur milyarder Ceff Bezos buna görə Donald Trampı günahlandırdı | Banco.az

Məşhur milyarder Ceff Bezos buna görə Donald Trampı günahlandırdı

“Amazon” Pentaqonun “Microsoft” şirkəti ilə 10 milyard dollarlıq müqaviləsini məhkəməyə vermişdi. Şirkətin qurucusu milyarder Ceff Bezosun iddiasına görə, müqavilə ABŞ prezidenti Donald Trampın ona qarşı şəxsi düşmənçiliyi səbəbiylə rəqibinə verilib.

ABŞ-ın federal məhkəməsi “Amazon”un iddiasını təmin etdi və “Pentaqon” ilə “Microsoft” arasındakı 10 milyard dollarlıq bulud saxlama infrastrukturu müqaviləsinin etibarlılığını müvəqqəti olaraq dayandırdı.

Reuters agentliyi xəbər verir ki, hakim Patrisiya Kempbell-Smit ilkin əmr verib, lakin hələ məhkəmə qərarı yazılı şəkildə dərc olunmayıb. The Verge qeyd edir ki, hər iki maraqlı tərəf sənədlə tanış olduqdan iki həftə sonra qərar yayımlanacaq.

Həmçinin oxu: Bezosun sərvəti bir saata 12 milyard dollar artdı

Pentaqonun rəsmi nümayəndəsi podpolkovnik Robert Karver bildirib ki, hərbi departament məhkəmə qərarından çox məyus olub, çünki “ABŞ Müdafiə Nazirliyinin modernləşdirmə strategiyasını əsassız olaraq gecikdirir və hərbi qulluqçuları təcili ehtiyac duyduqları imkanlardan məhrum edir”.

CNBC xəbər verir ki, Robert Karver yekunda “Microsoft”la müqavilənin həyata keçiriləcəyinə inandığını vurğulayıb.

“Microsoft”un rabitə üzrə vitse-prezidenti Frenk Şou da müqavilənin ləngidilməsindən məyusluğunu dilə gətirib. Lakin o, sonda “ABŞ dövlətinə xidmət edənlərin ehtiyac duyduqları yeni texnologiyaları əldə edə bilməsi üçün” şirkətin işə başlayacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, noyabr ayında Ceff Bezos Pentaqonun “Microsoft” ilə 10 milyard dollarlıq müqavilə bağlaması qərarına etiraz olaraq ABŞ federal məhkəməsi qarşısında iddia qaldırmışdı. Tenderin favoriti “Amazon” sayılmasına baxmayaraq son nəticədə siyasətin işə qarışmasıyla qalib dəyişmişdi. Bezosun fikrincə, Donald Tramp administrasiyası “Amazon”un qurucusuna məxsus “The Washington Post” qəzetində prezidentin tənqid olunduğu yazıya görə müsabiqənin nəticələrinə təsir göstərmiş ola bilərdi.

“Amazon” və “Microsoft” ilə yanaşı “IBM” və “Oracle” da müqaviləni əldə etmək üçün mübarizə aparırdı, lakin sonradan tenderi tərk etmişdilər. Yaxın keçmişə nəzər salsaq, 2018-ci ildə “Google” da bu cür davranmışdı. Səbəb isə “Google” işçilərinin hərbiçilərlə əməkdaşlıq etməsinə görə şirkəti ağır tənqid atəşinə tutması idi. O dövrdə şirkətdə fəaliyyət göstərən 4600-dən çox insan Pentaqon üçün dronlardan alınan görüntüləri təhlil etmək məqsədilə “Project Maven” proqramının hazırlanmasını nəzərdə tutan müqavilənin uzadılmasına etiraz olaraq petisiya imzalamışdı. Ən azı 13 nəfər işi tərk etmişdi. Həmin işçilər bunu onunla əsaslandırmışdılar ki, proqramda iştirak “Google”ın kimsəyə zərər vurmamaq missiyasına ziddir və insan həyatını təhdid edən vəziyyətlərdə süni intellektdən istifadə ilə bağlı risklər mövcuddur.

Bezos isə 2019-cu ilin dekabrında bu əlaqənin hər iki tərəf üçün də faydalı olduğunu əsas gətirərək “Amazon”un ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırdığını söyləmişdi. “Mənim fikrimcə, böyük texnologiyalar Müdafiə Nazirliyindən üz döndərirsə, bu ölkədə böyük problemlər olduğunu göstərir”, — deyə milyarder vurğulayıb.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et