Mərkəzi Bankda “Elektron Xidmətlər Portalın”nın istismara verilməsi ilə bağlı təqdimat keçirilmişdir | Banco.az

Mərkəzi Bankda “Elektron Xidmətlər Portalın”nın istismara verilməsi ilə bağlı təqdimat keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankının mandatından irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsinin effektivliyinin yüksəldilməsi, o cümlədən Mərkəzi Bank tərəfindən dövlət qurumlarına, kredit təşkilatlarına və əhaliyə göstərilən xidmətlərin elektronlaşması yolu ilə əhatə dairəsinin genişləndirilməsi və istifadəçi məmnunluğunun artırılması Mərkəzi Bankın əsas hədəflərindəndir.

Bu hədəfin realizasiyası məqsədilə Mərkəzi Bankda bir pəncərə prinsipinə əsaslanan mərkəzləşdirilmiş Elektron Xidmətlər Portalı (www.e-cbar.az) yaradılmışdır. Adıçəkilən Portal üzərindən elektron statistik məlumatların toplanılması və emalı, təkmil elektron imzaların əldə edilməsi və avtomatlaşdırılmış qaydada ödənişlərin aparılması, saxta pul nişanlarının monitorinqi, elektron müraciətlərin qəbulu və cavablandırılması, habelə maliyyə savadlılığının artırılması üzrə informasiya resursuna və Hökumət Ödəniş Portalına çıxış imkanları təmin edilmişdir.

Sözügedən Portalın 01 oktyabr 2018-ci il tarixindən etibarən real istismara verilməsini nəzərə alaraq, ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının əməkdaşlarının iştirakı ilə 27-28 sentyabr 2018-ci il tarixlərində Mərkəzi Bankda müvafiq görüşlər keçirilmiş, xüsusilə “Saxta pul nişanlarının monitorinqi” və “Elektron statistik məlumat bazası və analitik hesabatlılıq” sistemləri daha geniş nümayiş etdirilmişdır.

Saxta pul nişanlarinin monitorinqi sistemi vasitəsilə saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparılması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin avtomatlaşdırılması, müvafiq hesabatlığın formalaşdırılması məqsədilə saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması və bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması təmin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, əhali köhnəlmiş və dövriyyəyə yararsız pul nişanlarının dəyişdirilməsi, eləcə də həqiqiliyi şübhə doğuran pul nişanlarının ekspertizaya təqdim etmək üçün qeyd olunan sistemdən istifadə edə biləcəklər. Bu məqsədlə vətəndaşlar sistemdə onlayn qeydiyyatdan keçərək Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində milli pul nişanlarının dəyişdirilməsi və ekspertizası üzrə təqdim edilən xidmətlərdən yararlana bilərlər.

Eyni zamanda, vahid statistik platformanın yaradılması və maliyyə sektoru üzrə statistik məlumatların toplanması, emalı və yayımlanması ilə bağlı Mərkəzi Bankda istismarda olan “Elektron statistik məlumat bazası və analitik hesabatlılıq sistemi”nə məlumatların yüklənməsi prosesinin daha effektiv təşkili məqsədilə mövcud informasiya sistemi yenilənmiş və faəliyyəti Elektron Xidmətlər Portalı üzərindən təmin edilmişdir. Funksional imkanları daha da genişləndirilmiş modul vasitəsilə statistik hesabatların toplanması prosesi əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, məlumatların vaxtlılıq və keyfiyyətlilik parametrləri üzərində nəzarət sistemi gücləndirilmişdir.

Ölkənin bank sektorunda təklif olunan xidmətlərin daha effektiv təşkili məqsədilə elektronlaşması və onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı fəaliyyət davam etdiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et