Azərbaycan Respublikası Mərkəzi Bankı özünün 2011-2014-cü illər üzrə bank nəzarəti üzrə strateji hədəflərinə müvafiq olaraq Dünya Bankı ilə birgə “Banklarda əməliyyat risklərinin idarə edilməsi üzrə requlyativ çərçivənin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.
Mərkəzi Bankın kommunikasiya departamentindən bildirmişlər ki, layihənin planına müvafiq olaraq Mərkəzi Bankda Dünya Bankının ekspertləri ilə birlikdə bank nəzarətçiləri və digər əlaqədar struktur bölmələrinin əməkdaşları üçün əməliyyat risklərinin idarə edilməsi üzrə seminar keçirilmişdir. Seminarda beynəlxalq requlyativ standartlarda əməliyyat risklərinin tənzimlənməsi çərçivəsi, onların Azərbaycan bank sisteminə tətbiqi və digər məsələlər interaktiv şəkildə müzakirə edilmişdir. Müzakirələrin nəticələri və əldə edilmiş məlumatlar requlyativ tələblərin müəyyən edilməsində nəzərə alınacaqdır.
Qeyd edək ki, gələcəkdə ölkədə fəaliyyət göstərən banklar üçün də əməliyyat risklərinin idarə edilməsi üzrə seminarın keçirilməsi nəzərdə tutulur.
azertag.com