Maliyyə Bazarlarına Nəzarət Palatasının yarandığı vaxtdan çoxları Mərkəzi Bank və yeni yaradılmış publlik hüquqi şəxsin funksiyaları arasında hansı fərqlərin olduğunu bilmir. Həmçinin, əvvəllər Mərkəzi Bankın funksiyası olan bir sıra vəzifələr Palatanın ixtiyarına keçmişdir. Bəs Palata və Mərkəzi bankın funksiyaları arasında hansı fərqlər var?
Əvvəlcə Mərkəzi Bankın funksiyalarını nəzərinizə çatdıraq:
- dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
- nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
- “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir;
- qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
- ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;
- banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;
- bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının isə əsasən
- qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət,
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr (bundan sonra – maliyyə bazarları) üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır.
Bəs hansı funksiya Mərkəzi Bankın səlahiyyətlərindən çıxarılaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdir?
“Banklar haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikası qanunlarına, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırılması və tənzimlənməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirilməsi funksiyası Mərkəzi Bankdan Palataya keçmişdir.
Palata yaranan zaman Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək onların funksiyaları Palataya ötürülmüşdür.
Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti də ləğv olunaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr (bundan sonra – maliyyə bazarları) üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsi funksiyası Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdir.