Mərkəzi Bank devalvasiyaya getməməyə çalışır | Banco.az

Mərkəzi Bank devalvasiyaya getməməyə çalışır

Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışır. Səbəb də odur ki, yeni devalvasiya bank, eləcə də özəl sektora mənfi təsir göstərə bilər. Digər tərəfdən, bir il ərzində iki dəfə devalvasiya iqtisadi baxımdan arzuolunan deyil. 

Banco.az iqtisadçı-ekspert Vüqar Bayramovun "Publika.az" a verdiyi müsahibəni təqdim edir.

- Vüqar müəllim, manat - dollar partiyası bundan sonra necə olacaq? Neftin qiymətinin ucuzlaşması Azərbaycanda əhali arasında devalvasiya gözləntilərini artırıb.  

- Manatın dollara nəzərən məzənnəsini müəyyənləşdirən zaman neftin dünya bazar qiymətinin cari təsiri olmur. Neftin dünya bazar qiyməti manata strateji təsir edir. Fevral ayından başlayaraq, Mərkəzi Bank ikivalyutalı səbətindən istifadə edir. Əgər əvvəllər valyuta səbətində dollar əsas götürülürdüsə və dollara nisbətən manatın məzənnəsi müəyyən edilirdisə, hazırda dollarla yanaşı, avro da valyuta səbətində var. Dünya bazarındakı dəyişikliklərə uyğun manatın həm dollara, həm də avroya nəzərən məzənnəsi dəyişir. Manatın növbəti mərhələlərdəki məzənnəsi daha çox  avro-dollar münasibətləri və qlobal valyuta bazarındakı vəziyyətdən asılı olacaq. Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışır. Səbəb də odur ki, yeni devalvasiya bank, eləcə də özəl sektora mənfi təsir göstərə bilər. Digər tərəfdən, bir il ərzində iki dəfə devalvasiya iqtisadi baxımdan arzuolunan deyil. Bundan əlavə, dollarlaşma prosesinin artıq əks prosesi müşahidə edilir. Belə ki, dövriyyədə bəlli həcmdə manat var. Bu manatın əhəmiyyətli hissəsi dollara çevrilib. Məsələn, 10 min manat pulunuz var idi. Artıq onu dollara çevirmisiniz. Yenidən dollarlaşma üçün yenə manatınız olmalıdır. Dövriyyədə olan manatın əsas hissəsi dollarlaşdığından və biznes subyektləri eləcə də insanlar cari xərcləmələrdə manatdan istifadə etdiklərindən məcburdurlar ki, xarici valyutalarını hissə-hissə manata çevirsinlər. Əks proses baş verdiyindən bu, Mərkəzi Bankın intervensiyasına təsir edir. Avqust ayında Mərkəzi Bankın intervensiya xərcləri bir milyard dollardan çox olub. Bunun da səbəbi avqustun ortalarında Qazaxıstan tengesinin dəyər itkisindən sonra valyuta bazarında ajiotajın yaradılmasıdır. Əslində ajiotaj şənbə və bazar günü baş verdiyindən bu, süni ajiotaj idi. Lakin o ərəfədə vətəndaşların bir qisminə kifayət qədər baha kursla dollar satıldı. Çünki valyutadəyişmə məntəqələrinin bəzilərində, xüsusilə rayonlarda 100 dollar almaq üçün 107-108 manat ödənilirdi.  Nəticədə süni ajiotaj yaradanlar vəziyyətdən qazandılar. Növbəti gün dolların məzənnəsi düşməyə başladı. 108 manata 100 dollar alan vətəndaş həmin pulu 104-105 manata dəyişdi və müəyyən adamlar qazandı.

Ən sərfəli kredit üçün müraciət et

- Ajiotajda təkcə bəzi vətəndaşlar uduzdu?

- Mərkəzi Bankın xarici valyuta ehtiyatları iyul ayına nisbətən 1 milyard dollar azaldı. Bu tip ajiotajlar olmasa, Mərkəzi Bankın intervensiya xərcləri kəskin dəyişməyəcək. Nəzər salsaq görərik ki, may ayında aprel ayına, iyunda isə may ayına nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları artıb. İyulda çox cüzi azalma qeydə alındı. Bu onu göstərir ki, may ayından başlayaraq Mərkəzi Bankın intervensiyasına ciddi ehtiyac olmayıb. Çünki dollarlaşmanın əks prosesi gedirdi. Amma avqustdakı süni ajiotaj Mərkəzi Bankın yenidən valyuta bazarına çıxmasına və dollar təklifini artırmasına səbəb oldu. Bu ajiotajlar baş verməzsə, yaxın müddətdə Mərkəzi Bank manatın mövcud məzənnəsini dəhliz çərçivəsində qoruyub saxlaya biləcək.

- Belə çıxır, neft hansı qiymətə düşürsə-düşsün, bunun manata təsiri olmayacaq?

- Neftin qiyməti cari məzənnə üçün əhəmiyyətli olmasa da, strateji məzənnə üçün əhəmiyyətlidir. Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, tədiyə balansında müsbət saldonu qoruyub saxlamaq üçün neftin dünya bazar qiyməti hər barelə görə 40 dollardan ucuz olmamalıdır. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, müəyyən müddət bu intervalda qalarsa, o zaman  manata təzyiqin yenidən artması ehtimalı var. Yox əgər neftin qiyməti 50 dollar ətrafında qalarsa, təzyiq yumşalacaq. Çünki artıq valyuta bazarı və milli valyuta neftin 50 dollarlıq qiymətinə bir növ əczas olunacaq.