08 aprel 2016, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sferası üzrə vahid elektron imza infrastrukturunun yaradılması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elekton bankçılıq və “müştəri-bank” xidmətlərindən istifadə edərkən risklərinin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılması məqsədilə müasir texniki və proqram platformaları bazasında akkreditə edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) yaradılaraq istismara verilmişdir.
BSXM-in əsas məqsədi Mərkəzi Bankın daxili sistemləri ilə yanaşı onun xidmət göstərdiyi kredit təşkilatları və dövlət qurumları, o cümlədən bank sistemində xidmət olunan hüquqi və fiziki şəxslərin təkmil elektron imza ilə təmin edilməsidir.
Qanunvericiliyə müvafiq olaraq akkreditə edilmiş BSXM-in təkmilləşdirilməsi nəticəsində informasiya sisteminin təhlükəsizliyinin artırılması, bütün kredit təşkilatlarının Mərkəzə real vaxt rejimində qoşulmaları, müştərilər üçün yerində təkmil elektron imzaların generasiya edilərək təqdim edilməsi imkanı, o cümlədən Ehtiyat Mərkəzlərdə fəaliyyətin davamlılığı təmin edilmişdir.