Noyabrın 10-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Qeyd edər ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 750 min not çıxarılacaq. Qiymətli kağızların ödəmə tarixi 7 dekabr 2016-cı ildir.
AMB-nin qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərracda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar hərraca BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Mənbə: Report.az