Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi “Bank of America”nı çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinə əməl etməməkdə və sanksiyaları pozmaqda ittiham edərək banka qarşı ümumilikdə 1,21 milyard dollarlıq cərimə və ödənişlər tətbiq edib.
Banco.az xəbər verir ki, açıqlamaya görə, bank milli təhlükəsizlik risklərinin azaldılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Sənəddə maliyyə qurumunun çirkli pulların yuyulması ilə mübarizə sahəsindəki nöqsanları və qanunsuz maliyyə əməliyyatları ilə bağlı hallar qeyd olunub.
Bildirilib ki, “Bank of America” federal qanunvericiliyin çirkli pulların yuyulmasına qarşı tələblərinə əməl etmədiyinə görə əlavə 750 milyon dollar ödəməli olacaq. ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, bank təxminən 5 milyard dollar həcmində şübhəli maliyyə əməliyyatlarının qarşısını ala bilməyib və ya bu əməliyyatlar barədə müvafiq dövlət qurumlarına məlumat verməyib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Bank of America” ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, bank bir sıra ölkələrə qarşı tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddiaların həlli üçün 11,6 milyon dollar ödəyəcək.
Nazirliyin açıqlamasında qeyd olunub ki, texniki və ya insan səhvləri nəticəsində bank ən azı 475 sanksiya pozuntusuna yol verib və ümumi məbləği bir neçə milyon dollar təşkil edən ödənişləri emal edib.
