Mənim düzgün kreditim | Banco.az

Mənim düzgün kreditim

Müəllif: “FINCA Azerbaijan”-ın Ağcabədi filialının rəhbəri Şirxan Əliyev

Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə insanların kreditə tələbatının çox olması əslində normal olaraq qiymətləndirilir. Çünki insanlar daha yaxşı yaşamaq və arzuladıqları maddi nemətləri daha  tez əldə etmək istəyirlər. Bunu etmək üçün isə heç də həmişə həmin anda əldə olan nağd vəsaitlər kifayət etmir. Buna görə də bu və ya digər mənada ehtiyaclarımızı ödəməkdən ötrü biz çıxış yolları axtarmağa başlayırıq.

Misal üçün daşınmaz əmlakın satılması, daşınar əmlakın  satılması  və ya digər şəxsdən borcun alınması və s . Bütün bunlara yol verməmək üçün isə başqa  bir çıxış yoluda vardır , bankdan kredit götürmək. Əlbəttə bütün dünya insanları  bu üsuldan daha çox istifadə edirlər.  Bəs banklara müraciət edən zaman biz öz maddi imkanlarımızı düzgün qiymətləndiririkmi?

            İlk öncə banka müraciət etmədən qabaq  biz əlimizdə olan maddi  imkanları dəyərləndirməliyik və bizə nə qədər nağd vəsaiti lazım olacağını konkretləşdirməliyik.

Çünki lazım olandan artıq götürülən kredit əlavə pul itkisinə səbəb olacaqdır ki, bu da sizin ziyanınıza olan bir məsələdir. Öhdəliklə yüklənəcəksiniz və əlavə işlərə, istirahətə pulunuz qalmayacaqdır. Düzdür siz kreditləri vaxtından əvvəl bağlayan zaman sizə müəyyən banklarda faiz güzəştləri olacaqdır, lakin bu hər yerdə belə deyil və istənilən halda maddi itkiyə səbəb olacaqdır. Çünki çox zaman banklar krediti vaxtından əvvəl bağlayan müştərilərə əlavə  cərimə faizləri də  hesablayır.

Yüklülüyün çox olması isə heç zaman əlavə vəsait yığmağa imkan vermir və siz cari  kreditlərinizi  başqa öhdəlik yaratmadan bağlaya bilmirsiniz.

Ona görə bu mərhələdə diqqətli olmaq lazımdır. Bununla yanaşı siz kredit məbləğini götürməmişdən əvvəl öz gəlirlərinizidə düzgün planlaşdırmalısınız. Dünya təcrübəsində kreditin ümumi aylıq ödənişinin  aylıq gəlirin 50 %  dən artıq olmaması tövsiyə olunur. Yəni sizin aylıq gəliriniz 400 manat təşkil edirsə sizin ümumi aylıq kredit ödənişinizin məbləği 200 manatdan çox olmamalıdır. Əks halda siz maddi çətinliklə üzləşəcək və maddi problemlər yaşayacaqsınız.

Sizə lazım olan kredit məbləğini özünüz üçün müəyyən etdikdən sonra isə  kreditin müddəti, faizi  və krediti götürərkən tutulan komisyon məbləğ məsələsinə də diqqət ayırmalısınız.

Bəzən faiz aşağı ancaq komisyon məbləğ çox olur.

Unutmayın ki, kreditin müddəti nə qədər çoxalırsa siz bir o qədər artıq faiz məbləği  ödəyirsiniz.

Ancaq bunun müsbət tərəfi də vardır. Bu  ondan ibarətdir ki, bu zaman  kreditin müddəti uzanır və buna görə də aylıq  ödənişin məbləği azalır. Məhz siz bu məsələləri də öz büdcənizə uyğun planlaşdırmalısınız. Burda bankın sizə uyğun təqdim etdiyi kredit məhsulu da böyük rol oynayır. Xüsusi ilə istehlak kreditlərində. Bu gün bazarda banklar müxtəlif kredit kartları və digər kredit  məhsulları təklif edilər. Ona görə də siz uyğun məhsul növünü seçərkən kortəbii yanaşmamalısınız və daha sərfəli paketi seçməlisiniz. Eyni zamanda xidmətin keyfiyyətinə də fikir verilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

İkinci əhəmiyyətli məsələ isə müştəri tərəfindən banka verilən informasiyanın düzgünlüyü məsələsidir.

Çox zaman müştərilər bankda olarkən öz qeyri rəsmi borclarını gizlədirlər və süni şəkildə gəlirlərini artırmağa çalışırlar. Əslində isə bu heçdə düz deyil. Bəli,  ola bilsin siz  bankın hansısa mütəxəssisini aldada biləcək  və lazım olan kredit məbləğini bankdan götürəcəksiniz. Lakin bu mütləq gələcəkdə öz fəsadlarını verəcəkdir və sizin bankla münasibətlərinizə mənfi təsir edəcəkdir.

 Unutmayın ki,  Mərkəzi Bankın Kredit Reyestri Xidməti  fəaliyyət göstərir və hər bir bank müştərilərinin məlumatları yəni kredit tarixçəsi həmin reyestrdə yığılıb saxlanılır. Bir bankda kredit tarixçəsində probleminizin olmasını digər banklarda bu sistemdə yoxlama aparmaqla müəyyən edə bilirlər. İnformasiyanın banka düzgün verilməsi isə ilk növbədə məhz müştərinin mənafeyi üçün əhəmiyyətlidir.

Əlbəttə banklar bu və ya digər yollarla gəlir və öhdəlikləri yoxlayırlar. Məs, istehlak kreditlərində arayışların tələb olunması, biznes kreditlərində analizlərin aparılması, MKR  və s.  

Ancaq insan faktoru hər yerdə olduğu kimi burda da öz rolunu oynayır.

Biz gəlir və xərclərimiz, öhdəliklərimiz  barədə məlumatları banka düzgün verdikdə, banka bizə ayıracağı  kreditin məbləği və müddəti haqqında düzgün qərar verməyinə köməklik göstərmiş  oluruq. Çünki bizim maliyyə göstəricilərimizlə peşəkar insanlar tanış olurlar və kredit məbləğinin eyni zamanda  müddətinin düzgün müəyyən olunmasında bizim verdiyimiz informasiyadan da faydalanırlar. Əlbəttə  onlar da kreditin səmərəli istifadə olunmasında və geri qaytarılmasında bir xidmət göstərən tərəf  kimi maraqlıdırlar və düzgün qərar verilməsinə görə məsuliyyət daşıyırlar.

İşin düzgün aparılması isə riski azaldır və bank-müştəri münasibətlərinin düzgün qurulmasına imkan yaradır.

Bu müştəri məmnuniyyəti baxımından da çox əhəmiyyətlidir.

Banklardan və ya Kredit Təşkilatlarından kreditlərin götürülməsi çox normaldır. Bu Kapitalizm və bazar iqtisadiyyatı şəraitinin böyük bir tələbidir. Yuxarıda da qeyd edildiyi kimi bütün dünya, xüsusilə  Amerika, Avropa vətəndaşları bankların xidmətindən tez-tez istifadə edirlər. Hətta böyük dövlətlər və şirkətlərdə kreditlər üçün müraciətlər edirlər.  Əmlakını satmaqdan və ya kiməsə borclu olmaqdansa əlbəttə bankdan kredit götürmək daha sərfəlidir. Lakin səmərəli istifadə olunması şərti ilə. Ona görə də hər bir vətəndaş kredit götürməmişdən əvvəl işini düzgün planlaşdırmalı və ən vacibi bu sahə üzrə bilik və məlumatlar əldə etməlidir. Belə olan təqdirdə siz kreditlərdən səmərəli istifadə edəcək və ödənişlərinizi rahat həyata keçirəcəksiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et