Məlumatlı insan gec-tez sığortalı olacaq – Ceyhun Qubatov | Banco.az

Məlumatlı insan gec-tez sığortalı olacaq – Ceyhun Qubatov

Müsahibimiz: Sığorta sahəsi üzrə ekspert Ceyhun Qubatov

Ceyhun müəllim, istərdik ki, bir neçə məqama aydınlıq gətirək. Son zamanlar bir neçə sığorta şirkətinin lisenziya və nizamnamə kapitalı ilə bağlı problemləri olmuşdu. Bazarda şirkətin fəaliyyət göstərməsi üçün nə qədər nizamnamə kapitalı olmalıdır?

Bəli, bu hallarla rastlaşdıq son dövrdə. Bu normaldır. Qeyri həyat sığortası ilə məşğul olan şirkətlər üçün beş milyon manatdır. Həyat sığortası ilə məşğul olan şirkətlər üçün isə 2015-ci ilin 01 yanvar tarixinədək beş milyon manat, 01 yanvar 2015-dən isə 6.5 milyon manat. Bu fəaliyyətdə olan həyat sığortası şirkətləri üçündür. Yeni təsis edilən sığortaçılar üçün 10 milyon manatdır. Təkrarsığorta fəaliyyəti üzrə: müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə: fəaliyyətdə olan təkrarsığortaçılar üçün -20 000 000 (iyirmi milyon) manat; yeni təsis edilən təkrarsığortaçılar üçün –20 000 000 (iyirmi milyon) manat; sığortaçının təkrarsığorta fəaliyyəti üzrə: 2014-cü ilin 01 mart tarixindən etibarən - 2 500 000 (iki milyon beş yüz min) manat;  2015-ci ilin 01 yanvar tarixindən etibarən -5 000 000 (beş milyon) manatdır.

Nizamnamə kapitalının sonuncu dəfə artırılması nə vaxta təsadüf edib?

Sonuncu dəfə 24 yanvar 2014. Şirkətlərin bazarda fəaliyyət göstərməyi üçün nizamnamə kapitalına tələblər AR Maliyyə Nazirliyinin kollegiyasının qərarı ilə tənzimlənir.   Sonuncu dəfə də, 24 yanvar 2014-cü ildəki kollegiya qərarına əsasən bu baş verib.

Hansı hallarda sığorta şirkətinin lisenziyası dayandırıla bilər və lisenziyanın dayandırılması hələ şirkətin bağlanması demək deyil, düzdür?

Bəli bu belədir. Ümumiyyətlə lisenziya ilə bağlı sığorta nəzarəti orqanı yəni Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidməti 3 tip sanksiya tətbiq edə bilir.

Birincisi lisenziyanın qüvvəsini məhdudlaşdırmaq, ikinci lisenziyanın qüvvəsini dayandırmaq və nəhayət  lisenziyanı ləğv etmək. Bu çox uzun bir prosesdir.

 Heç də, lisenziyanın qüvvəsinin dayandırılması şirkətin  ləğv olunması demək deyildir.

Lisenziyanın qüvvəsi dayandıqdan sonra lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda və digər tələblər yerinə yetirilmədikdə lisenziyanın ləğvi baş verir. Lisenziyanın dayandırılması o demək deyildir ki, sığortaçı artıq fəaliyyət göstərmir. Lisenziyanın dayandırılması sığorta şirkətinin yeni müqavilə buraxmamasıdır, amma götürdüyü öhdəliyi yerinə yetirməməsi deyil. Elə hal mümkündür ki, lisenziyanın qüvvəsi dayandırılsın amma sonra yenidən bərpa edilsin. Elə də ola bilər ki, lisenziyanın qüvvəsi dayandırıldıqdan sonra  lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmasın o zaman lisenziya ləğv olunur.

Sığorta bazarındakı şirkətlərin sayının azalma ehtimalı varmı?

Bir mənalı olaraq demək olmaz ki, hansısa şirkətlər bağlanacaq və yaxud heç biri bağlanmayacaq. Bunu zaman göstərəcək. Amma ümumilikdə bazarın inkişaf istiqamətlərinə diqqət yetirdikdə deyə bilərik ki, ola bilsin ki, şirkətlərin sayı azalacaq. Çünki, bizdən asılı olmadan maliyyə bazarı inkişaf edir. Yeni-yeni imkanlar yaranır. Sığorta bazarı da, onun ayrılmaz hissəsidir və bu gün əvvəlki illərdən daha da, dinamik inkişafdadır. Həmin imkanlardan yararlananlar daha irəlidə olur. Bunun əksi isə şirkətlərin bağlanma təhlükəsinə gətirib çıxarır. Bu o deməkdir ki, şirkətlərin sayı azala bilər. Əslində bu normaldır. Niyə? Çünki inkişaf olan yerdə hökmən sıradan çıxanlar olur. Əslində bu sadəcə bazarın reallığıdır.  

Ən sərfəli kredit üçün müraciət et

 Sığorta şirkətləri bu gün ictimaiyyətə nə qədər açıqdır, məsələn qanunvericilik onlardan illik və ya rüblük hesabatları hansı intervalda açıqlamağı tələb edir?

Sığorta şirkətləri kifayət qədər açıqdırlar. Bunda onlar özləri maraqlıdır. Çünki, azərbaycan sığorta bazarı əvvəlki dövrlərlə müqayisədə daha da inkişaf edib. Artıq insanlar daha məlumatlıdırlar sığortadan. Bazar genişlənir və sığortanın sosial əhəmiyyəti artmaqdadır. Odur ki, şirkətlər ictimaiyyətə açıqlıqda daha da maraqlıdırlar. Həmçinin Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli qərarına əsasən sığorta şirkətlərinin rəsmi internet səhifəsi və elektron resursları ilə bağlı minimum tələblər təsdiqlənmişdir. Bu da, sığorta şirkətlərinin ictimaiyyətə daha da, açıq olmağa yönəldir. Bu tələblərin saytlarla bağlı hissəsi bu il iyuldan qüvvəyə mindi. Bütün sığortaçılar saytlarında baş ofislərinin, filial və nümayəndəliklərinin yerləşdiyi ünvanları, telefon nömrələrini, elektron poçtlarını göstərilməlidir. Həmçinin sığorta şirkətinə rəhbərlik edən şəxslərin soyadı, adı, atasının adı, tutduğu vəzifə də saytda olmalıdır. Sayt elə qurulmalıdır ki, müştərilər sığorta hadisəsi barədə onlayn məlumat verə bilsinlər. Sığorta şirkətinin maliyyə hesabatları da sayta yerləşdirilməlidir. Bütün bu minimum tələblər ona yönəlir ki, sığorta şirkəti ictimaiyyətə açıq olsun. Əslində ictimaiyyətə açıqlıq şirkətlərin inkişafına və bazarın genişlənməsinə səbəb ola bilər.

-İlin demək olar ki, sona yaxınlaşdığını nəzərə alsaq, 2014-cü ili necə xarakterizə edərdiniz? Sığorta bazarı bu ili necə başa vurdu?

Bu il sığorta bazarı üçün uğurlu il oldu. Bunu əminliklə deyə bilərəm. Bu uğurun gözlə görünən hissəsi yığımların artımı, ödənişlərin yığımlara olan faiz nisbəti və yaxud digər rəqəmlər ola bilər. Bu birbaşa faydadır. Mən bunun üzərində qalmaq istəmirəm. Çünki, rəqəm artımı və gözlə görüləcək keyfiyyət dəyişikliyi olmalı idi.

Məsələnin başqa tərəfinə diqqət edək. Bir sıra dəyişikliklər oldu qanunvericilikdə və normativ aktlarda. Bu dəyişikliklər bazarın gələcək inkişafını şərtləmdirəcəkdir. Əminliklə deyə bilərik ki, 2014-cü ildə sığorta bazarında baş verən dəyişikliklər sadəcə bu ildəki uğurlar demək deyil. 2014-də edilən dəyişikliklər bazarın 2015-də, 2016-da və sair illərdə inkişafını şərtləndirəcəkdir. Xırda bir məsələni diqqətinizə çatdırım.

Bizim bazarın ən populyar məhsulu könüllü avtomobil sığortasıdır. Bu ilin sentyabrında həmin sığorta üzrə yeni qaydalar təsdiqlənmişdir ki, bu həqiqətən də bazarın inkişafına təsir edəcəkdir. Çünki bu qaydalar həm müştəri həm də şirkət baxımından daha da, əhəmiyyətlidir. Eləcə də, az öncə qeyd etdiyimiz saytlarla və elektron resurslarla bağlı minimum tələblər. Bu tələblər də, sığorta bazarının inkişafına təsir etdi. Belə ki, artıq sığorta şirkətlərinin rəsmi internet səhifələri daha da cəmiyyətə açıq oldu. Açıq olduğundan insanlara sığorta haqqında informasiya daha əlçatan oldu. Sığortadan məlumatlı insanların sayının artması bazarın inkişafı deməkdir. Çünki məlumatlı insan gec-tez sığortalı olacaqdır. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, 2014-cü il çox uğurlu il oldu.

Bir kiçik haşiyə əgər, 2014-də 2013-də inandırdığımdan daha çox adamı inandırdımsa sığortaya deməli uğurlu il oldu.