Məhkəmə ekspertizası yaradılması üzrə islahatlar keçirilib | Banco.az

Məhkəmə ekspertizası yaradılması üzrə islahatlar keçirilib

Məhkəmə sistemi insanların konstitusiya hüquqlarının qanun çərçivəsində ədalətli müdafiəsini təmin edir.Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasının sürətləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi üçün son dövrlərdə bu sahədə bir çox işlər görülüb. Ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üzrə müasir dövrün tələblərinə cavab verən məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi məqsədilə Prezidentin 2019-cu il 3 Aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində ümumilikdə11 qanunvericilik aktı olmaqla, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilib. Nəticə etibarı ilə, mülki işlərə, inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi, ekspertizanın keçirilməsi müddətləri, ekspertizanın təyin edilməsi ilə bağlı hüquqların artırılması və bu kimi digər məsələlər ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Nərmin Kazımlı bildirir ki, həyata keçirilən islahatlar nəticəsində özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarının formalaşdırlması, ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləğinin təyin olunması ilə bağlı müvafiq tapşırıqlar dəyişikliklər əsasında müəyyən olunub.

Belə ki, məhkəmə eksperti qismində fəaliyyət göstərəcək şəxs müvafiq icra hakimiyyəti orqanından məhkəmə eksperti şəhadətnaməsini almalıdır və şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Şəhadətnamənin əldə edilməsi üçün isə aidiyyəti dövlət rüsumu ödənilməli və şəxs ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə qeyd olunan tələblərdən birinə cavab verməlidir: 10 il iş təcrübəsi; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi; xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədləri olmalıdır. Eyni zamanda, hansı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə ekspertinin şəhadətnaməsinə xitam veriləcəyi də yeni Qanunda öz əksini tapır.

Bundan başqa, məhkəmə ekspertləri 5 ildən bir müddətdə attestasiyadan keçirilməli, 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxsləri isə attestasiyadan azad edilirlər.

Nərmin Kazımlı əlavə edir ki, ekspertizanın qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübədən yararlanaraq müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə hansı dövlət qurumlar tərəfindən həyata keçiriləcəyi də təyin olunub.

Müvafiq qanunvericilik aktlarına edilən dəyişikliklər nəticəsində məhkəmə ekspertinin etik davranış kodeksinin formalaşdırılması, məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Məhkəmə eksperti olaraq fəaliyyət göstərəcək şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən formalaşdırılan internet informasiya ehtiyatı vasitəsilə məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin verilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparılması, məhkəmə eksperti şəhadətnamələrinin verilməsi isə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri olaraq müəyyən edilib.

İİTKM-in analitiki həmçinin bildirir ki, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi ilə bağlı olaraq “İnzibati icraat haqqında” Qanuna, “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər edilib. Belə ki, ekspertin ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verərək və öz imzası ilə təsdiq edərək  inzibati orqana göndərməsi nəzərdə tutulur. Bundan başqa, Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğu halda ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərilməlidir. Daha sonra isə, həmin vəsatətə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə qanunvericiliyin müvafiq bəndinə əsasən müəyyən olunur.

Belə ki, Prezidentin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində davam edən islahatlar istiqamətində məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılmanın daha operativ və şəffaf şəkildə həyata keçirilməsi əsas prioritetlər olaraq müəyyən edilib. Həyata keçirilən islahatlar nəticəsində isə biznes mühitinin əlverişliliyi daha artacaq, məhkəmə sisteminin səmərəliliyi təkmilləşdiriləcəkdir.

Məhkəmə eksperti qismində fəaliyyət göstərəcək şəxs müvafiq icra hakimiyyəti orqanından məhkəmə eksperti şəhadətnaməsini almalıdır və şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Şəhadətnamənin əldə edilməsi üçün isə aidiyyəti dövlət rüsumunun ödənilməli və şəxs ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə qeyd olunan tələblərdən birinə cavab verməlidir: 10 il iş təcrübəsi; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi; xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədləri olmalıdır. Eyni zamanda, hansı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə ekspertinin şəhadətnaməsinə xitam veriləcəyi də yeni Qanunda öz əksini tapır.

Nərmin Kazımlı,  İİTKM-in analitiki 

Ən sərfəli krediti almaq üçün müraciət et