Mark Zuckerberg-in Konqresdə cavab verə bilmədiyi suallar hansılar idi? | Banco.az

Mark Zuckerberg-in Konqresdə cavab verə bilmədiyi suallar hansılar idi?

Facebook şirkətinin təsisçisi və CEO-su Mark Zuckerberg 11 Aprel tarixində ABŞ Konqressinin nümayəndələr palatasında 5 saat ifadə verib. O, 55 konqresmenin suallarına cavab verib. Hər bir konqresmenin isə sualları vermək üçün 4 dəqiqə vaxtı olub. İfadənin əsas mövzuları 87 milyon Facebook istifadəçisinin məlumatlarının sızdırılması, ABŞ-ın prezident seçkilərinə Rusiya Federasiyasının Facebook vasitəsilə müdaxilə etməsi olub. Konqresmenlər həmçinin məlumatların yığılması, Facebook-un sosial şəbəkələr arasındakı monopoliyası, reklam targetinqi məslələrinə də toxunublar. Qeyd etmək lazımdır ki, sonuncu sadalanmış məsələlərdə konqresmenlər özlərini o qədər də bilikli göstərməyiblər.

Məlumatların sızdırılması haqqında

 

“Biz, bizim alətlərimizin zərərli işlər üçün istifadəsinin qarşısını almaq üzrə yetərincə iş görmədik. Bu, fake xəbərlərə, prezident seçkilərinə müdaxilə edən digər xarici dövlətlərə, nifrətin oyadılmasına, tərtibatçılara və həmçinin istifadəçi məlumatlarına şamil olunur. Biz sonuna qədər anlaya bilməmişdik ki, bizim məsuliyyətliyimiz nə ilə bağlıdır. Bu isə böyük səhv idi. Bu mənim səhvim idi” – deyə Mark Zuckerberg öz çıxışında bildirmişdir. Konqresmenlərin suallarını cavablayarkən Zuckerberg etiraf edib ki, bu hadisə çərçivəsində onun da məlumatarını Cambridge Analytica və digər kənar şirkətlərin əllərinə düşüb.

“Senator Pallone: “Bəli” və ya “Xeyr” deyə cavab verin. İstifadəçi məlumatlarından istifadənin minimuma endirilməsi üçün istifadəçi ayarlarını dəyişməyə hazırsınızmı? Bəlkə bu cür məsuliyyəti öz üzərinizə götürəsiniz?
Mark Zuckerberg: Konqresmen, biz insanlara imkan vermək istəyirik ki....
Senator Pallone: Əgər mümkündürsə mən sizin “bəli” və ya “xeyr” cavabını verməyinizi istərdim. Düşünürəm ki, sizin üçün “bəli” cavabını vermək çətin olmamalıdır
Mark Zuckerberg: Konqresmen, düşünürəm ki, bu, bir cavabdan daha artığını tələb edən düşündürücü və qəliz sualdır
Senator Pallone: Bu məni məyus edir. Çünki mən düşünürəm ki, siz bu cür məsuliyyəti öz üzərinizə götürməlisiniz”.

Məlumatların yığılması və istifadəçilərin danışıqlarının izlənməsi

Zuckerberg çıxışı zamanı konqresmenlərə targetinqin nə üçün lazım olduğunu və onun necə çalışdığını başa salmalı olub. “Biz reklam verənlərə məlumatları satmırıq. Onlar həmin məlumatları əldə etmirlər. Biz isə onları göndərmirik. Biz sadəcə elanları lazımi insanlara göstəririk” – deyə Zuckerberg bildirib. Zuckerberg-in sözlərinə əsasən targetinqin ciddi şəkildə məhdudlaşdırılması istifadəçinin aktual reklam görməsinin aşağı düşməsinə gətirib çıxardacaq. Bu isə öz növbəsində kiçik biznesin daha çox müştəri cəlb etməsi üçün maliyyə xərclərinin böyüməsinə səbəb olacaq. Belə ki, reklam əvvəlki kimi effektiv olmayacaq.

Palata üzvlərindən biri olan Larry Bucshon telefonlardakı mikrofonlar vasitəsilə istifadəçi danışıqlarının gizli dinlənilməsi mövzusuna toxunub. O bildirib ki, öz oğluyla kostyum alışı barəsində müzakirə aparıb və müzakirədən bir qədər sonra onun oğlu Facebook-da bir sıra kostyum geyimləri ilə bağlı reklamlarla rastlaşıb. Zuckerberg konqresmenin söylədiyi hadisənin sadəcə bir təsadüf olduğunu bildirib. Belə ki, bu cür müzakirələrdən sonra insanlar adətən müzakirə olunmuş mövzu ilə bağlı internetdə axtarışlar edir və ya mövzu ilə bağlı Facebook səhifələrini axtarışa verirlər. Buna görə də həmin insanların qarşısına bu və ya digər mövzu ilə bağlı reklamlar çıxır. Lakin konqresmeni bu cür cavab qane etməyib.

“Mənə elə gəlir ki, kimsə məni telefon vasitəsilə izləyir. Mən bunda böyük problem görürəm” – deyə konqresmen bildirib. Bununla yanaşı Zuckerberg bildirib ki, sosial şəbəkə təkcə istifadəçilərdən deyil həmdə Facebook-dan istifadə etməyən insanların məlumatlarını da yığır. O bunun təhlükəsizlik məsələsinə görə edildiyini desə də bunun necə edildiyini və şirkətin hansı məlumatları əldə etdiyini söyləməyib. “Onlar “kölgə hesabları” adlnırlar?” – deyə konqresmenlərdən biri soruşub. Mark isə növbəsində bu cür termini ilk dəfə eşitdiyini bildirib. Qeyd etmək lazımdır ki, “kölgə hesablar” termini mütəmadi olaraq kütləvi informasiya vasitələrində ortaya çıxmışdır. Guya Facebook bu cür hesabları yaradır və sosial şəbəkədən istifadə etməyən istifadəçilərin məlumatlarını bu hesablar vasitəsilə yığaraq özündə saxlayır.

Sosial şəbəkənin dövlət tərəfindən nizamlanması

Ən sərfəli kredit üçün müraciət et

Senatdakı çıxış zamanı kimi Konqres önündə çıxışda da konqresmenlər Zuckerberg-dən sosial şəbəkənin dövlət tərəfindən nizamlanması barəsində soruşublar. “İnternet böyüyür və bütün dünyadakı insanların həyatlarında getdikcə daha böyük rol almağa başlayır. Düşünürəm ki, onun nizamlanması qaçılmazdır. Mən qaydaların olmaması məsələsinin tərəfdarı deyiləm. Lakin düşünürəm ki, siz, sizin hansı qaydaları təyin edəcəyiniz barəsində ehtiyyatlı olmalısınız” – deyə Zuckerberg bildirib.

Lakin özəl həyatın toxunulmazlığı barəsində hansısa konkret qanunun onun tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi sualı veriləndə Zuckerberg müzakirədə olan bu cür layihələrlə tanış olmadığını bildirib. Bununla belə Zuckerberg qeyd edib ki, şirkət 25 May tarixindən qüvvəyə minəcək özəl məlumatların qorunması (General Data Protection Regulation) üzrə Avropa qanununu dəstəkləyir. Qeyd etmək lazımdır ki, bu qanun istifadəçi məlumatlarının maketinq işlərində yalnız istifadəçilərin razılığı ilə istifadəsini təmin edir. Facebook sözügedən qanunun şərtlərinə əməl edəcəyinə zəmanət verib.

Facebook-un monopoliyası

Həm ABŞ Senatı həmdə ABŞ Konqressi Facebook-un monopoliya mövzusunu aktual edərək sosial şəbəkə sahəsində düzgün rəqabətin olmadığını qeyd ediblər. “Əgər mən Ford avtomobili alsam və görsəm ki, o mənim xoşuma gəlmir, onda mən Chevrolet alacam. Lakin əgər Facebook mənim xoşuma gəlmirsə bu sosial şəbəkəyə ekvivalent olan digər bir sosial şəbəkə hansıdır?” – deyə 10 Aprel tarixində senatorlardan biri soruşmuşdu. Hər iki ifadənin verilməsində Zuckerberg eyni cür cavab verib. “Orta statistik amerikalı ünsiyyət üçün 8 müxtəlif tətbiqdən istifadə edir”. Söhbətin hansı tətbiqlərdən getdiyi və onlardan neçəsinin Facebook-a məxsus olduğu barəsində Zuckerberg heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, əsas sosial şəbəkədən əlavə olaraq Facebook şirkəti həmçinin WhatsApp və Instagram-a da sahibdir.

Zuckerberg-in cavab vermədiyi 6 sual

Çıxışın sonlarına yaxın konqresmen Debbie Dingell 6 sual sadaladı hansılara ki, Zuckerberg “mən bilmirəm” deyə cavab verib. “Bir baş direktor olaraq siz əsas faktlardan xəbərsizsiniz” – deyə o bildirib. Cavabı verilməmiş suallar isə aşağıdakılardır.

Facebook konfidensiallığı siyasətini əhatə edən əsas məhkəmə işləri

2011-ci ildə ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən aparılnmış istintaq nəticəsində Facebook-un cərimə alıb-almadığı / Baxmayarq ki, birinci istintaqda qanun pozuntusu halında komissiya cərimə təyin etmə hüququna sahib deyil

“Kölgə hesablar” nədir?

Facebook hansı sayda kənar tətbiq yoxlamalıdır?

Cambridge Analytica-dan başqa neçə şirkət Kembric Universitetinin professoru Aleksandr Kogan-dan istifadəçi mıəlumatlarını əldə etmişdir?

Facebook tərəfindən yığılan bütün məlumat növləri.

İnvestorların reaksiyaları

İnvestorlar Zuckerberg-in Senat və Konqresdəki çıxışını müsbət qarşılayıblar. 10 Aprel tarixində Facebook-un səhmlərinin qiyməti 4.5% artmışdır. 11 Aprel tarixində isə bu göstərici 2% olmuş lakin hərracların bağlanışı zamanı 0.78%-ə enmişdir.

technote.az