Dünyada gedən siyasi və iqtisadi prosseslərin sürətli dəyişməsi, neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəhayət Azərbaycanın dollardan və avrodan qiymətli manatına da təsir etməyə başladı. Hələlik böyük təsir yoxdur. Amma siqnal var və özü də ciddi siqnaldır.
Manatın ucuzlaşması xəbərini maraqlıdır ki, xarici mətbuatdan öyrənməli olduq. Bu haqda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova istinadən “Financial Times” qəzeti yazıb. Elman Rüstəmov qəzetə müsahibəsində deyib ki, Mərkəzi Bank manatın dollardan asılılığını azaldacaq:
“Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik. Büdcə və pul-kredit siyasətinə düzəliş etmək həddindən artıq vacibdir”.
Bununla belə, Elman Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. O bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq.
Sədr Mərkəzi Bankın məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçdiyini də bildirib. Onun sözlərinə görə, burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək. Bəs, manatın ucuzlaşması bizə nə vəd edir?
“Digər qonşu ölkələrdən – Rusiyadan fərqli olaraq Azərbaycanda milli valyutanın yumşaq devalvasiyası proqnozlaşdırılır. Güman olunur ki, manat dollarla nisbətdə yumşaq, yəni cüzi bir şəkildə dəyər itirəcək”, - deyə iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.
İqtisadçı ekspret Azər Mehtiyev isə hesab edir ki, yaxın 6 ayda manatın məzənnəsində böyük dəyişiklik olmayacaq. Onun fikrincə, proses tədrici xarakter daşıyır və adamlar təşvişə düşməməli, manat ehtiyatlarını dollara çevirməyə tələsməməlidirlər. Bütün hallarda ekspertlər bu addımı bir müddət əvvəl ölkə prezidentinin “manatın bahalaşmasının qarşısı alınmalıdır” tapşırığının icrası kimi qiymətləndirirlər.
Xatırlayırsınızsa, prezident İlham Əliyev bir müddət əvvəl bir manatın bir avroya bərabər olmasının məqsədəuyğun olduğunu demişdi:
"Pul islahatını apararkən o vaxt bir manat bir dollar bərabər tutulurdu. Ondan sonra manatın qiyməti qalxdıqca bir manat - 1,3 dollar olmuşdu. Bir növ manat avroya bağlı idi - bir manat, bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu müsbət amildir. Ancaq iqtisadiyyat və ixrac patensialı üçün bu o qədər də müsbət hal deyil. Ona görə də hesab edirəm ki, manatın bundan sora da avroya qarşı bahalaşması müsbət hall deyil”.
Xatırladaq ki, Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamaq üçün hər ay təxminən 1,5 milyard dollar vəsait xərcləyir. İqtisadçılar düşünür ki, devolvasiya Mərkəzi Bankın intervensiya xərclərin azaltmağa imkan verəcək. Hər halda nəticəni gözləyək.