Müəllif: Gülnar Əhmədli, Banco.az
"Son günlər yağan güclü və davamlı yağışlar kənd təsərrüfatına həm mənfi, həm də müəyyən hallarda müsbət təsir göstərə bilər. Həddindən artıq yağıntı torpaqda suyun yığılmasına səbəb olur, bu da bitkilərin kök sisteminə zərər verir, onların inkişafını zəiflədir və bəzən tam məhv olmasına gətirib çıxarır".
Bunu Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə taxıl sahələrində əkinlərin yerə yatması məhsul itkisini artırır və yığım prosesini çətinləşdirir:
"Meyvə və tərəvəzlərdə isə artıq rütubət məhsulun tez xarab olmasına, çürüməsinə və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bu cür şəraitdə ümumi məhsuldarlıq azalarsa, bazara çıxarılan məhsulun miqdarı da azalır. Nəticədə bəzi məhsulların qiymətində artım müşahidə oluna bilər. Ancaq bu artımın səviyyəsi itkilərin miqyasından və bazarın digər mənbələr hesabına nə dərəcədə təmin olunmasından asılıdır. Əgər idxal və ya digər bölgələrdən gələn məhsullar bu boşluğu doldura bilsə, qiymətlərdə ciddi bahalaşma baş verməyə də bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
