Maliyyə savadımız özümüzə yetirmi? | Banco.az

Maliyyə savadımız özümüzə yetirmi?

Hansı ölkənin vətəndaşları maliyyə cəhətdən daha savadlıdır?

Maliyyə savadsızlığı problemi Azərbaycanda öz kəskinliyini həmişə qoruyub. Böhrandan sonra isə vəziyyət xüsusi ilə gərginləşib. Son günlərdə mətbuatda yer alan bankların bağlanması təhdidləri ilə bağlı xəbərlər, Mərkəzi Bankın və Prezidentin banklar ilə bağlı səsləndirdiyi iradlar insanlar arasında bank sektoruna bəslədiyi inam-etibar münasibətlərinə xələl gətirə bilər. İnsanların maliyyə cəhətdən savadsızlığı fonunda isə vəziyyət daha acınacaqlı bir hal alır.

Maliyyə savadlılığı məsələsi təkcə Azərbaycanın deyil, dünya ölkələrinin də maraq obyektindədir. Böhrandan sonra insanların böyük bir qismi pulları idarəetmə sahəsində öz bilik və bacarıqlarına şübhə ilə yanaşmağa başlayır. 

Məsələ Qərb alimlərini də qayğılandırır. Bu barədə ən parlaq araşdırmalardan biri  Journal of Economic Literature dərgisində dərc olunur.  Yazının müəllifləri olan Annamaria Lusardı və Oliviya Mitçell belə qənaətə gəliblər ki, uçot və faiz dərəcələri, depozit faizləri, inflyasiya və ya diversifikasiya riskləri ilə bağlı baza biliklərinə sahib olan insanların sayı olduqca azdır.

Forbes jurnalında qeyd olunur ki, sözügedən məsələ ilə bağlı tədqiqatçıların suallarına müxtəlif ölkələrin əhalisi fərqli cavab verib: amerikanların 30%-i, isveçlilərin 21%-i, italyanların 25%-i, yaponların 27%-i, fransızların isə 31%-i verilən suallara düzgün cavab verə bilib. Yalnız Almaniyada bu göstərici 53%, İsveçrədə isə 50% olub. Maliyyə cəhətdən savadlı insanlar azlıq təşkil edir. 

Azərbaycanda isə bu rəqəm qat-qat daha aşağı ola bilər, eyni ilə qonşu Rusiyada olduğu kimi 4%.

Maliyyə savadsızlığı  - olduqca təhlükəli məfhumdur, xüsusən də getdikcə daha əlçatan olan investisiya məhsulları səbəbindən. Halbuki onlardan düzgün istifadə təmin edəcək biliklər isə insanlar üçün elə də əlçatan deyil. İstehlak kreditləri, kredit kartları, ipoteka və s. Demək olar ki, hər kəs şəxsi maliyyə planlaması ilə məşğul olmaq məcburiyyətindədir. Onlar yatırım etmək, pulları harada saxlamaq, krediti necə götürmək və hara sərf etmək, təqaüdlərinin gələcəyi və s. ilə bağlı maliyyə qərarları qəbul etməli olurlar.

Maliyyə savadlılığının yaş və cinslə əlaqəsi

Araşdırmanın müəllifləri müəyyən ediblər ki, 50 yaşdan yuxarı olan amerikanlar arasında depozitlər üzrə illik gəlir və inflyasiya ilə bağlı suallara respondentlərin yalnız yarısı düzgün cavab verib. Səhmlər və paylı fondlar ilə bağlı sualları düzgün cavablandıranların miqdarı daha az - 1/3 qədər olub. Yaş ötdükcə aşağı bilik səviyyəsi ilə öz səriştəliyinə inam arasındakı uçurum daha da böyüyür. Kişilər qadınlara nisbətən daha yaxşı cavab verirlər, amma onlar özlərinə daha arxayın davranırlar. Qadınlar isə biliklərinin sərhədini daha yaxşı qavrayır. Ona görə də yaxın on il ərzində maliyyə savadlılığı provayderlərinin əsas hədəf auditoriyası qadınlardır. Proses artıq başlayıb. ABŞ-da qadınlar orta hesabla ərlərindən 9 il daha uzun ömür sürür. Dul qalıb, maliyyə qərarları qəbul etmək məcburiyyətində qalan xanımlar maliyyə savadlanmasına ciddi ehtiyac duyurlar. Bunu FES-in apardığı araşdırmalar göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Müəlliflərin fikrincə, amerikanların 2/3-si götürdükləri kreditlərin şərtlərini sadəcə anlamırlar. Tək-tək insanlar hansı kreditin daha ucuz başa gəldiyini və zamandan asılı olaraq, pulun dəyərinin necə dəyişdiyini qiymətləndirməyə qadirdir.  

Savadsızlıq nəticəsində milyonlarla insan gələcəkdə özünün müflisləşməsinə gətirib çıxaran qərarlar qəbul edirlər. Bəziləri həddindən çox kredit götürür, digərlərinin götürdükləri kredit faizləri isə soyğunçuluq hesab oluna bilər. Üçüncü qrup insanlar isə öz pullarını və ya əmlaklarını fırıldaqçı, saxta şirkətlərə etibar edirlər. ABŞ-da maliyyə fırıldaqçılığı ilə bağlı şikayət hallarının sayı ildən-ilə artır. 2007-2011-ci illərdə bu göstərici 62% artaraq, 1,5 milyona çatmışdı.

Aşağı təhsil səviyyəsinə malik insanları maliyyə cəhətdən savadlandırmaq mümkündür. Lusardi, Mitçell və Pyer-Karl Mişo belə bir qənaətə gəlirlər ki, maliyyə cəhətdən biliklərini artırdıqdan sonra onlar iş yerini dəyişməklə öz rifahını 82%, tələbələr isə öz rifahını 52% yaxşılaşdırmağa müvəffəq olurlar. Bu onu göstərir ki, az təhsilli insanlar maliyyə cəhətdən yanlış qərarlar ilə sərvətinin 45%-ni , daha təhsillilər isə 36%-ni itirirlər . Fərq elə də böyük deyil. Bu onu göstərir ki, iqtisadiyyat və maliyyə dərslərinin tədrisi məktəblərdə elə də effektiv aparılmır.

İdeya baxımından varlanmaq arzusu insanlara maliyyə cəhətdən savadlanmağa stimul verməlidir. Yəni insanlar dərk etməlidir ki, zəruri biliklərə yiyələnməklə öz maddi durumunu xeyli yaxşılaşdıra bilər. 

Təəssüf ki, bu stimulu özümüzdə görmürük. Məsələ bundadır ki, insanlar öz biliklərini adekvat qiymətləndirmir. Amerikanların 70%-i öz maliyyə savadlılığının orta və ya yüksək olduğunu düşünür. Amma onların 2/3-dən çoxu 14-16 yaşlı uşaqlar üçün olan sualları düzgün cavablandıra bilməyib. Almaniya və Niderlandın sakinləri də öz bacarıqlarını olduğundan yüksək qiymətləndirir.

Banco.az olaraq, oxucularımızın saytımız vasitəsi ilə maliyyə biliklərinin daha da artırılmasını əsas hədəfimiz kimi görür, bundan ötrü çalışırıq.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et