Banklar maliyyə sektorunun əsas arteriyası sayılır. Bu gün bizlərdən hər birimiz bu və ya digər dərəcədə bank əməliyyatlarına cəlb olunmuşuq, banklar gündəlik həyatımızın vacib hissəsidir. “Moody`s Investors Service” beynəlxalq agentliyinin analitiki Lev Dorf “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycanın bank sektorunda vəziyyət, son tendensiyalar və mümkün risklər haqqında danışıb.
Azərbaycana hazırkı səfərinizin məqsədi nədir?
- Bu, müştərilərimizlə - Azərbaycan bankları ilə görüşlər keçirdiyimiz illik və plan səfəridir. Bundan başqa, Moody’s analitiklərinin iqtisadiyyatın və bank sektorunun inkişaf vəziyyəti və proqnozlarımıza dair məruzələrlə çıxış etdikləri illik konfrans keçirdik. Eləcə də bankirləri MDB-nin digər ölkələrinin bank sistemləri haqqında araşdırmalarımız və nəşrlərimizlə tanış etdik.
-Moody`s agentliyi Azərbaycanın bank sektorundakı cari vəziyyəti necə qiymətləndirir?
-Bu gün Azərbaycanın bank sektorunda vəziyyəti müəyyən edən əsas amil ölkə banklarının inkişafı üçün makroiqtisadi sabitlik və əlverişli əməliyyat mühitidir.
Dövlət investisiyaları ilə stimullaşan iqtisadiyyatın qeyri-neft sektorunun artımı öz növbəsində kreditləşmənin və bankların depozit bazasının artımına şərait yaradır və onların fəaliyyət göstəricilərinə müsbət təsir göstərir. 2011-ci ildən biz Azərbaycanda aktivlərin keyfiyyətinin və bankların mənfəətliliyinin yaxşılaşması trendini müşahidə etməyə başlamışıq, 2012-ci ildə bu trendin davam etdiyini gördük və 2013-2014-cü illərdə onun qorunub saxlanmasını gözləyirik.
Sabitlik barədə danışarkən biz potensial risklərlə də bağlı xəbərdarlıq edirik.
Biz görürük ki, bank sektorunda rəqabətin güclənməsi gəlirlilik marjasının azalmasına gətirib çıxardı ki, bu da bankları mənfəət əldə etmək üçün başqa imkanlar axtarmağa məcbur edir. Hazırda yüksək gəlirlilik pərakəndə satışda, yəni istehlak kreditləşməsində müşahidə olunur. Və biz bu sektora marağın artdığını görürük. Hazırda istehlak kreditlərinin keyfiyyəti nisbətən yaxşıdır, lakin başa düşürük ki, əgər bu sektor yüksək templə artsa, növbəti bir neçə ildə müəyyən problemlər yarana bilər. Buna görə də Azərbaycanda istehlak kreditləşməsi bazarının fəal şəkildə inkişaf etməsi haqda danışarkən biz potensial risklər barədə də xəbərdarlıq edirik.
Biz Mərkəzi Bankın simasında bazar tənzimləyicisinin bazarın pərakəndə seqmentinin balanslaşdırılmış inkişafını təmin etmək, aqressiv və nəzarət olunmayan artımı məhdudlaşdırmaq məqsədilə vəziyyəti nəzarət altında saxlaması faktını müsbət qiymətləndiririk.
- Bank sektorunda daha bir aktual məqam 2014-cü il yanvarın 1-dən bankların minimal kapitalına olan yeni tələblərin qüvvəyə minməsidir. Moody`s bank mühitində kapitallaşmanın səviyyəsi ilə bağlı vəziyyəti necə dəyərləndirir?
- Biz müntəzəm olaraq bankların stress-testləşdirməsini aparırıq. Bu stress-testlərin nəticəsi göstərir ki, Azərbaycandakı banklar kifayət qədər kapitala malikdir.
Kapitalın minimal məbləğinin artırılmasına gəlincə, bu, əsas oyunçulara təsir göstərməyəcək, çünki bank bazarının böyük hissəsini təşkil edən iri banklar yeni tələbləri üstələyən kapitala malikdir. Fikrimizcə, kapitalı 50 mln. manatdan bir qədər az olan banklar da bu tələbi ilin sonuna qədər yerinə yetirə biləcəklər.
Qalan oyunçular necə olacaq? Biz bazar anlayışımızdan çıxış edərək bu bankların birləşmə yolu ilə iriləşməsini gözləmirik. AMB-nin belə banklar üçün təklif etdiyi variantlardan biri BOKT-a çevrilməkdir. Biz Azərbaycanda bankların sayının azalması prosesinin tədricən baş verəcəyini və sektora təsir etməyəcəyini gözləyirik. Çünki dəyişə biləcək bankların payı çox azdır. Ümumilikdə kapitalla bağlı yeni tələblər bank sektorunun sabitliyinin möhkəmləndirilməsinə yönəldilib.
-Azərbaycandakı banklarda hansı zəif məqamları qeyd etmək olar?
- Biz ənənəvi struktur zəifliklərinin mövcud olduğunu qeyd edirik, bunlar təkcə Azərbaycan bankları üçün deyil, regionun əksər bankları üçün də səciyyəvidir. Onların arasında korporativ idarəetməni qeyd etmək olar. Bu məsələdə xarici maliyyə institutlarının da iştirak etdiyi daha şaxələnmiş səhmdar strukturuna malik banklar daha yaxşı mövqeyə malikdir.
Korporativ idarəetmənin zəiflikləri bir qayda olaraq nəzarətin kifayət qədər olmamasında və risklərə yüksək meyllilikdə ifadə olunur. Bu, həm sürətli artım, həm də qarşılıqlı əlaqəli tərəflərin konsentrasiya və kreditləşmə riskləridir.
Digər zəifliklərə dövlət fondlarının vəsaitləri ilə qismən əvəz edilən uzunmüddətli fondlaşmanın çatışmazlığını da aid edirik. Eləcə də iqtisadiyyatın nisbətən zəif şaxələnməsi ilə əlaqədar müəyyən çətinliklər mövcuddur, axı qeyri-neft sektorunun artımı əsasən iri banklar tərəfindən maliyyələşdirilən uzunmüddətli infrastruktur layihələrə qoyulan investisiyalara bağlıdır. Kiçik və orta biznes sektoru hələ kifayət qədər inkişaf etməyib və keyfiyyətli borcalanların sayı azdır.
-Moody`s agentliyinin reytinqini həyata keçirdiyi bir sıra banklar, ilk növbədə Azərbaycan Beynəlxalq Bankında (ABB) vəziyyətlə bağlı mövqeyini bilmək istərdik.
-Moody`s bu yaxınlarda ABB-nin reytinqlər üzrə proqnozunu “mənfi”dən “sabit”ə dəyişib. Bunun üçün başlıca amil bankın kredit portfelinin əhəmiyyətli dərəcədə yaxşılaşması olub. Nəticə olaraq 2011-ci illə müqayisədə 2012-ci ildə bankın mənfəətlilik göstəriciləri də yaxşılaşıb. Bundan başqa, kapital problemi də həll edilib, 100 mln. manat məbləğində əlavə emissiya bağlanıb. Bunun nəticəsində ABB Azərbaycan Mərkəzi Bankının kapitalın adekvatlığı tələblərinə tamamilə cavab verir, beynəlxalq maliyyələşmə üzrə kovenantlara əməl edir.
-Bəs “Bank Technique”də vəziyyət necədir? Bankın yeni menecmenti vəziyyəti nə dərəcədə yaxşılaşdıra bilib?
-Biz ötən il “Bank Technique”də (keçmiş “Texnikabank”) vəziyyətin sabitləşdiyini qeyd etmişik və yeni menecmentin gəlişindən sonra problemli borcların qaytarılması, bankın depozit bazasının və kapitalının bərpa edilməsi məsələlərində müsbət dəyişiklikləri görürük. Biz bank rəhbərliyi ilə daim dialoqdayıq, menecmentin nikbin ruhda olmasını görür və eyni zamanda başa düşürük ki, görülən işlərə baxmayaraq, bankın tam bərpa olunması barədə danışmaq üçün hələ çox işlər görmək lazımdır.