Maddi vəziyyətinin pisləşdiyini deyənlərdə artım - SORĞU | Banco.az

Maddi vəziyyətinin pisləşdiyini deyənlərdə artım - SORĞU

Azərbaycanın “Business İnsight” araşdırma şirkəti “İstehlakçı davranışlarına dair marketinq araşdırma hesabatı”nı təqdim edib.

Hesabatda qeyd edilir ki, araşdırmanın məqsədi “istehlakçı davranışları” üzrə statistik məlumatlar istehsal etmək və il ərzində müqayisəli hesabat hazırlamaqdır.

Araşdırma ölkənin bütün coğrafi zonalarını əhatə etməklə Bakı şəhəri daxil olmaqla Azərbaycanın 9 iqtisadi rayonunda, 20-70 yaş arası 1401 respondentlə həyata keçirilmişdir. Tədqiqat təsadüfi seçilmiş ailələr arasında könüllülük prinsipi ilə aparılmışdır. Tədqiqat üçün seçmə hər coğrafi zona üzrə ayrıca olaraq “bütün əhali” kateqoriyası üzrə məlumatların reprezentativliyinin təmin olunması prinsipi üzrə aparılmışdır.

Telefonla aparılmış sorğu 01 Fevral 2019 -  15 Fevral 2019-cu il tarixlərində keçirilib.

 

MADDİ VƏZİYYƏTİNİN PİSLƏŞDİYİNİ DEYƏNLƏR ARTIB

Hesabatda bidirilir: Sorğu nəticələrinə görə, ötən 12 ay müddətində ailənin (ev təsərrüfatlarının) maliyyə vəziyyətini əks etdirən indeks hazırda 91.7-ə bərabər olmuşdur.

Təhlillər göstərir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu indeks 3.4-ə qədər azalmışdır. Bu azalma keçən 12 ayda ailələrinin maddi vəziyyətinin pisləşdiyini  deyənlərin saylarında artmın olmasından qaynaqlanır.

 

MADDİ VƏZİYYƏTİNİN DAHA DA PİSLƏŞƏCƏYİNİ GÖZLƏYƏNLƏR ARTIB

Cari sorğu nəticələrinə görə ailənin maddi durum gözləntisi 127.4-ə bərəbər olub.

Ailələrin maddi durum gözləntisi əvvəlki ilə nisbətən 10.6 indeks azalmışdır. Amma bu indeksin 100-dən yuxarı olması onu göstərir ki, istehlakçılar ölkənin iqtisadi vəziyyətini pozitiv qiymətləndirib, maliyyə vəziyyətlərinin gələcəkdə böyüməsini ümid edirlər.

Bu azalma (10.6 indeks) önümüzdəki 12 ayda ailəsinin maddi gözləntisinin daha neqativ olacağını düşünənlərin sayının artması ilə müşahidə olunur.  

Lakin bu meyar üzrə İstehlakçı inam indeksi normadan 27.4 qədər çoxdur, yəni pozitivdir. Bu isə o deməkdir ki, ailələrin cari maliyyə vəziyyəti gələcək 12 ayda da ölkə üzrə mal və xidmətlərin alışına stimul verməkdə davam edəcəkdir.

 

ÜMUMİ İQTİSADİ VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ DÜŞÜNƏNLƏR DƏ ARTIB

Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsi indeksi 119.2-ə bərabər olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə bu il ümumi iqtisadiyyatın dəyişməsini əks etdirən indeks 17.6 qədər azalmışdır. Bu azalma ötən 12 ayda ümumi iqtisadi vəziyyətin daha da pis olduğunu düşünənlərin sayında artımın olmasından qaynaqlanıb. Bu artımda regionlara nisbətdə xüsusən paytaxt sakinlərinin payı daha çoxdur.

Amma onu da qeyd edək ki, bu indeksin 100-dən yuxarı olması onu göstərir ki, istehlakçılar ölkənin iqtisadi vəziyyətini pozitiv qiymətləndiriblər və onlar hələ də gələcəkdə iqtisadiyyatın böyüməsindən ümidlidirlər.

 

REGİON ƏHALİSİ İSLAHATLARDAN DAHA ÇOX ÜMİDLİDİR

Ümumi iqtisadi durum gözləntisi 144.4-ə bərabər olub.

Gələcək 12 ayda ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişəcəyini əks etdirən indeks ötən illə müqayisədə bu il 13.6-a qədər geriləyib. Hər bir halda hazırki indeksin 100-dən çox olması (indeks norması 100-dür) onu göstərir ki, aparılan iqtisadi islahatlar ciddi cəhdlə davam etdirilməlidir. Nəticələr onu deməyə əsas verir ki, islahatlar gələcəkdə ölkə iqtisadiyyatı üçün öz müsbət tövhəsini verəcəkdir. Paytaxt sakinlərinə nisbətdə region əhalisinin əksəriyyəti bu dəyişikliyə daha çox ümidlidir.

 

BAHALAŞMA NARAHATLIQ DOĞURUR

Bazarlarda müşahidə olunan bahalaşma narahatlıq doğurur. Sorğu nəticələrinə görə ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini əks etdirən indeks hazırda cəmi 11.4-ə bərabərdir.

Təhlillər göstərir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu indeks iki dəfəyə qədər, yəni, 20.2 indeks azalıb. Bu indeks ümumi normadan kifayət qədər kənarlaşma deməkdir. Azalma keçən 12 ayda istehlak qiymətlərinin kəskin şəkildə artdığını vurğulayanların saylarının artmasından qaynaqlanır.

İstehlak qiymətlərindən gözlənti indeksi 32.9-a bərabər olub.

Gələcək 12 ayda İstehlak qiymətlərinin dəyişəcəyini əks etdirən indeks ötən illə müqayisədə bu il 9.9-a qədər geriləyib. Bu geriləmə gələcək 12 ayda İstehlak qiymətlərinin daha da qalxacağını düşünənlərin sayında artımın olmasından qaynaqlanıb. Yekun nəticələr onu deməyə əsas verir ki, istehlak qiymətlərinin tez-tez dəyişməsi əhalinin həyat səviyyəsinin nisbətən çətinləşəcəyinə inamını artırır və psixoloji faktor kimi istehlak xərclərinin azaldılmasında maraqlı olduqlarını göstərir. İstehlak qiymətlərinin gələcək bir ildə yenə də qalxacağını vurğulayanlar həm paytaxtda, həm də bölgələrdə respondentlərin mütləq əksəriyyətini təşkil edir.

 

İŞSİZLƏRİN SAYININ ARTACAĞINI DÜŞÜNƏNLƏRİN SAYI ÇOXALIB

Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişəcəyini göstərən indeks keçən ilə nəzərən 13.8 qədər düşüşlə 94.5-də qərarlaşmışdır.

Ötən ildə işsizliyin səviyyəsinin azalacağına inam qənaətbəxş olduğu halda bu il bu pozitivlik itirilmiş kimi görünür. Bu azalma gələcək 12 ay müddətində işsizlərin sayının artacağını düşünən respondentlərin çoxalmasından qaynaqlanır.

Onu da nəzərə almaq lazımıdır ki, gələcək 12 ayda işsiz əhalinin sayının artacağı qavrayışı ev təsərrüfatlarının öz xərclərinə etdikləri qənaətin də mütənasib olaraq artması deməkdir ki, bu da alıcılıq qabiliyyətinin düşməsinə gətirib çıxara bilər.

Ümid edək ki, yeni yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin faəliyyəti kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə və nəticədə həm ümumi iqtisadi vəziyyətin yaxşılaşmasına həm də yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracqdır.

 

“ALIŞ ETMƏK ÜÇÜN UĞURLU VAXT DEYİL”

Uzunmüddətli istifadə əşyaların alınması üzrə indeks 70.9 olmuşdur.

Vətəndaşların uzunmüddətli istifadə əşyaların alışlarını həyata keçirmək üçün uğurlu vaxtı seçmələrini əks etdirən indeks keçən illə müqaisədə bu ilin ilk ayında 12.6 qədər geriləmişdir. Nisbətən bahalı mallar bazarında bu il də alışların həcminin azalacağı gözləntilər sırasındadır. Paytaxt və bölgələrdə əhalinin əksəriyyəti hazırkı bazar qiymətlərini və maliyyə vəziyyətini dəyərləndirərək alış etmək üçün uğurlu vaxt olmadığını vurğulayıb. Bu isə onu göstərir ki, maliyyə bazarlarındakı son çalxanlanmalar səbəbindən əhali hələki psixoloji həddi keçə bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

 

XƏRCLƏMƏ AZALIB, YIĞIM ARTIB

Ölkə əhalisinin uzunmüddətli alışlardan gözlənti indeksi 80.3-ə bərabər olub.

Gələcəkdə uzunmüddətli alışlara əhalinin əksəriyyəti ehtiyatla yanaşacağını nümayiş etdirib.

Ötən 12 ayla müqayisədə gələcək 12 ayda uzunmüddətli alışlara xərclənəcək pulun miqdarını özündə əks etdirən indeks keçən ilə nisbətdə cari ilin ilk ayında 14.6 azalmışdır.

Daxili tələbatın və iqtisadi artımın əhəmiyyətli bir göstəricisi olan istehlakçı inam indeksi, 100-dən aşağı olaraq qalırsa, iqtisadiyyatdakı artımdan gözlənti zəifləyir və istehlakçıların xərcləmə tendensiyası azalır. Buna görə istehlak xərclərini artırmaq üçün xüsusi pul siyasəti tətbiq olunur.

Vətəndaşların gələcək 12 ayda pul yığımını özündə əks etdirən indeks ötən illə müqayisədə bu il 10.6 qədər artaraq 79.5-ə çatmışdır.

Sorğu nəticəsində məlum olub ki, əhalinin pul yığmasını özündə ehtiva edən faktorlar, ən azından onların qavrayışına görə kifayət qədər çoxdur və bu qavrayış əhalini xərcləmələrində ehtiyatlı davranmağa və nəticədə pul yığımağa sövq edir.

Bu isə  o deməkdir ki, keçən ilin analoji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pulun fiziki həcmi azalmağa doğru davam edəcək. Mənfi məqam isə ondan ibarətdir ki, pul kütləsi bilavasitə əhalinin əlində cəmləşir, yəni heç bir hesaba və ya biznesə yatırılmış olmur, nəticədə "deflyasiyanın" yaranmasına nisbətən də olsa şərait yaratmış olur.

Əhalinin qənaət etmə indeksi 114.1-ə bərabərdir.

Ailənin cari maliyyə vəziyyətini əks etdirən indeks keçən ilə nisbətdə 2019-cu ilin ilk ayında cəmi 1.8 qədər azalmışdır.

Əhalinin daha çox sıxlaşdığı paytaxtda cari maliyyə vəziyyətini təsvir edən sakinlərin 33%-i, daha az xərclərin və aşağı yaşayış minumumunun olduğu regionlarda isə respondentlərin 26%-i yığımlarından istifadə etməyə məcbur olduğunu və ya borca girməli olduqlarını qeyd ediblər.

 

AVTOMOBİL BAZARINDA CANLANMA GÖZLƏNİR

Yaxın 12 ay müddətində avtomobil almağı planlaşdıranların indeksi 11.2-ə qədər artaraq 51.5 olmuşdur.

Paytaxt küçələrində tıxacların sayının artması davam edəcək hətta daha da çoxalacaq. Çünki sorğu nəticələrinə görə gələcək 12 ayda avtomobil bazarında kiçik həcmdə də olsa canlanmanın olması gözlənilir.

Bu indeks həm region həm də paytaxt üzrə artmışdır və artış göstərən indekslər sırasında ilk yerdə qərarlaşıb.

Paytaxtın əmlak bazarında durğunluğun hələ bir müddət davam edəcəyi ehtimalı yüksəkdir.

 

EV ALMAQ VƏ TİKMƏK İSTƏYƏNLƏR ARTIB

Gələcək 12 ayda yeni ev almağı və ya tikməyi planlaşdıranların indeksi 2.8 qədər irəliləyərək bu il 48.4-ə çatmışdır. Bu artım gələcək 12 ayda ev almağı və ya tikməyi planlaşdıranların sayının artmasından qaynaqlanır.

Təhlillər göstərir ki, artım əsasən regionda yaşayanların ev tikmək istəyindən irəli gəlib.

Tikinti materialları bazarında alış-verişə stimul müşahidə olunur.

Gələcək 12 ayda evinin təmirinə və ya yenidən qurulmasına pulunun böyük məbləğini xərcləməyi ehtimal edənlərin indeksi bu il 6.47 qədər artaraq 77.2-ə çatmışdır.

Ev təmirinə və yenidən qurulmasına ayrılacaq büdcə həcminin artacağına ehtimal çoxalır.

“Bu sorğu sayəsində əhalinin gələcəyə, gəlirlərinin stabilliyinə nə dərəcədə əmin olduqları, alış-veriş üçün xərclərə hazır olub-olmadıqları təyin edilib. Belə hesab edilir ki, iqtisadiyyat nə qədər yaxşı inkişaf edərsə, istehlakçı indeksi də bir o qədər yüksək olmalıdır. Və əksinə, vəziyyət nə qədər pis olarsa, əhali də bir o qədər puluna qənaət edər və az xərcləyər.

Aparılmış tətqiqat nəticəsində ölkə üzrə inam indeksinin cari göstəricisi 81.6 müəyyən edilmişdir ki, bu da qayadalara əsasən aşağı göstərici hesab olunur. Təhlillər göstərir ki, ölkə üzrə inam indeksi keçən ilin eyni dövri ilə müqayisədə 5.6 bal azalmışdır.

İndeksin 100-dən az olması, istehlakçı inamı baxımından pozitiv fikirdə olanların neqativ fikirdə olanlardan nisbətən az olduğunu göstərir.

İnvestorlar, istehsalçılar, topdansatış müəssisələri, banklar və dövlət agentlikləri gələcək davranışlarını planlamaq üçün istehlakçı inam indeksindən isitifadə edirlər.

İstehlakçı inamında olan başlıca dəyişiklikləri qabaqcadan təxmin etmək imkanı biznes sahiblərinə imkan verir ki, alıcıların gələcək alışları ilə bağlı dəyərləndirmələr aparsınlar.

Nəticə etibarı ilə, şirkətlər öz əməliyyatlarını tənzimləyə bilər və dövlət isə vergi daxilolmalari ilə bağlı baş verəcək dəyişikliklərə hazır ola bilər. Əgər istehlakçının əminliyi aşağı düşərsə və qənaət etmək istəyi artarsa müvafiq olaraq da əksər istehsalçılar öz istehsal həcmlərini azaltmağa yönələcəklər. Kiçik bir misal, əgər istehsalçılar əvvəlcədən anlasalar ki, istehlakçılar (alıcılar) pərakəndə satışdan olan alışları azaldacaqlar, xüsusən də bahalı və davamlı məhsullar üzrə, o zaman istehsalçılar əvvəlcədən öz ehtiyatlarını (gələcək satış üçün nəzərdə tutulan istehsal olunmuş məhsul) azaldacaq, hətta yeni layihə və obyektlərə investisiya qoyuluşunu gecikdirəcəklər.

Oxşar olaraq, əgər banklar müşahidə etsələr ki, alıcılar gələcək xərcləmələrini azaldacaqlar bu zaman onlar ipoteka və ya kredit kartı kimi borc aktivlərinin (kredit həcmi) həcmində baş verəcək azalamalara da hazırlıqlı olacaqlar. Tikinti müəssisələri tikintilərin həcmində olacaq azalmaları planlaya biləcəklər. Dövlət gələcək vergi daxil olmalarının həcmində olacaq azalamalara hazır olacaq.

Başqa bir tərəfdə isə, əgər istehlakçı inam indeksi artarsa, insanların daha çox alış etməsi gözlənilir ki, bu da yuxarıda adları sadalanan proseslərin əks istiqamətdə cərəyan etməsi deməkdir”,- Hesabatda deyilir.