Müəllif: Gülnar Əhmədli, Banco.az
İnsanların maliyyə hədəflərinə çatmasında büdcə idarəçiliyi həlledici rol oynayır. Gəlir və xərclərin mütəmadi şəkildə izlənməsi, lazımsız xərclərin azaldılması və qənaət vərdişlərinin formalaşdırılması sağlam maliyyə planlamasının əsasını təşkil edir. Düzgün qurulmuş büdcə təkcə mövcud maliyyə vəziyyətini stabilləşdirmir, həm də gələcək üçün təhlükəsiz maliyyə mühiti yaradır.
Uzunmüddətli maliyyə planlamasının əhəmiyyəti
Maliyyə ekspertləri şəxsi maliyyə idarəçiliyinin yalnız gündəlik ehtiyacların ödənilməsindən ibarət olmadığını vurğulayırlar. Uzunmüddətli maliyyə hədəflərinin müəyyənləşdirilməsi, qənaət strategiyalarının tətbiqi, borc idarəçiliyi və ağıllı investisiya qərarları daha balanslı maliyyə həyatına imkan yaradır.
Büdcə necə hazırlanır?
Büdcə gəlir mənbələrinin və xərclərin müəyyən plan çərçivəsində təşkil olunması prosesidir. Maliyyə planı hazırlamaq üçün ilk növbədə bütün gəlir mənbələrinin — əmək haqqı, əlavə gəlirlər, digər qazanclar və digər maddi axınların tam şəkildə müəyyən edilməsi vacibdir.
Sonrakı mərhələdə xərclər iki kateqoriyada qruplaşdırılır:
• Sabit xərclər: kirayə, kommunal xidmətlər və hər ay təkrarlanan digər ödənişlər
• Dəyişkən xərclər: ərzaq, əyləncə, geyim və ay ərzində dəyişə bilən digər xərclər
Büdcə tərtib edilərkən əvvəlcə sabit xərclər qiymətləndirilməli, dəyişkən xərclər isə mövcud büdcəyə uyğun optimallaşdırılmalıdır. Enerji istehlakının azaldılması, qeyri-zəruri alış-verişlərdən çəkinmək nəzərəçarpacaq qənaət yarada bilər.
Vacib durumlar üçün vəsait toplamaq isə gözlənilməz xərclər qarşısında maliyyə tarazlığını qorumağın ən təsirli yollarından biri hesab olunur.
Maliyyə məsləhətçiləri bildirir ki, investisiya qoyuluşu vəsaitin zamanla dəyər qazanmasına şərait yaradır. Qızıl, daşınmaz əmlak və investisiya fondları kimi müxtəlif alətlər risklərin bölünməsinə və daha təhlükəsiz portfel formalaşdırılmasına imkan verir. Market, restoran və geyim alış-verişlərində tez-tez alış-veriş kateqoriyalarına uyğun olaraq müxtəlif dövrlərdə xüsusi endirim və kampaniyalar təqdim edilir. Təklif edilən bu endirimlərdən istifadə etməklə aylıq xərclərə ciddi qənaət etmək mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!
