"Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var." | Banco.az

"Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var."

“Prezidentin çıxışında qeyd etdiyi əsas məsələlərdən biri ondan ibarətdir ki, sahibkar vergini ödəməlidir, amma bu sahədə sahibkarın fəaliyyətinə digər müdaxilələr olmamalıdır. Yəni sahibkar yalnız məcburi öhdəliyi olan vergini ödəsin və bu aspektdən sahibkarlıq fəaliyyətinə digər müdaxilə olmasın. Amma onu da qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi elektron hökumətin elementlərini ən çox tətbiq edən dövlət qurumudur, yəni vergilər sahəsində elektronlaşma ilə bağlı elə də ciddi problem yoxdur”.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu  Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov söyləyib.

V. Bayramov deyib ki, prezident son çıxışı ilə bir daha təsdiq edib ki, sahibkarların yanındadır: “Çünki prezident həm bu gün sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, həm də sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılması ilə bağlı siyasi iradə ortaya qoyub”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri bildirib ki, prezidentin çıxışında tezislər üzrə problemlər qruplaşdırılsa, 3 qrup problemlərdən danışmaq lazımdır. Bunlardan ən çox müşahidə edilən sahibkarlıq orqanlarının fəaliyyətinə yersiz müdaxilələr və yoxlamalarla bağlıdır: “Aparılan monitorinqdə göstərir ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları  yoxlayırlar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruridir. Digər məqam lisenziyaların sayında artımla əlaqədardır. Monitorinqlər göstərir ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var. Lisenziyaların sektoral olmasını təklif edirik. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurlar. Təbii ki, buna ehtiyac yoxdur. Sektoral  sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin. Lisenziyaların verilməsi prosedurunun asanlaşdırılması və lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsinə imkan yaradılmasına ehtiyac var. Bu, bürokratiyanın qarşısını alacaq, imkan verəcək kim, sahibkar əlavə xərc ödəmədən lisenziya ala bilsin”.

Ən sərfəli kredit üçün müraciət et

V. Bayramov dövlət başçısının çıxışında qeyd etdiyi üçüncü qrup problemlərin inhisarçılıq, bazara çıxış imkanlarının məhdud olması ilə əlaqədar olduğunu söyləyib: “Bu, kifayət qədər aktual məsələdir və bu sahədə addımların atılmasına ehtiyac var. Burda problemin aradan qaldırılması yollarından biri də elektronlaşmadır. Ümumiyyətlə, istər lisenziyalaşma sistemi, istər də digər problemlərin həlli birbaşa elektronlaşma ilə bağlıdır. Bütövlükdə prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib ki, dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Dövlət başçısı sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların və lisenziyaların sayının kifayət qədər çox olmasını da mənfi hal kimi qiymətləndirib, iqtisadiyyat üçün əsas problemlərdən birinin inhisarçılıq olduğunu nəzərə çatdırıb: “Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Dövlət başçısı çıxışında vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa, ictimai nəzarət gücləndirməyə çağırıb, ictimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gələ bilməyəcəyimizi vurğulayıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et