Kriptovalyuta bazarı ənənəvi bazarlardan fərqli olaraq tənzimlənmir və kifayət qədər risklidir. Lakin kriptovalyuta bazarının riskli olması insanlara bu bazarda qazanmağa mane olmur. Risk nə qədər çox olarsa qazanmaq ehtimalı da bir o qədər çoxdu. İnvestorların bir çoxu hələ də hesab edir ki, kriptovalyutalarda qazanmağın yeganə yolu – rəqəmsal aktivi alıb, bir müddət gözləyib və qiyməti qalxanda satmaqdır. Bu kriptovalyuta ticarətində qazanmağın passiv üsuludu. Bununla belə kripto bazarda düzgün ticarət strategiyasının seçilməsi son nəticədə qazanclı çıxmağa böyük təsir göstərir.
Ticarət strategiyaları kriptovalyuta bazarının davranış xüsusiyyətlərindən maksimum fayda əldə etmək üçün istifadə olunur. Strategiyanın effektivliyi treyderin bazarda baş verən dəyişkənliyə düzgün reaksiyanın taktikasını necə seçdiyindən asılıdır. Ticarət strategiyalarının hazırlanması fundamental və texniki analiz metodlarının tətbiqini və bazar iştirakçılarının mövcud vəziyyətə reaksiyasını maksiumum düzgün proqnozlaşdırmağı tələb edir. Kripto treyderlər adətən kritpvalyuta bazarında üç əsas ticarət strategiyasını müəyyənləşdirir.
1. Arbitraj.
Rəqəmsal valyutaların alqı-satqısı, bir-biri ilə mübadiləsi, həmçinin fiat pullara dəyişdirilməsi birbaşa olaraq kriptovalyuta birjalarında baş verir. Birjalar arasında məzənnə fərqləri adətən 2-3% olur lakin ola bilər ki, bu fərq 5-10% aralığında da dəyişsin. Yəni siz eyni kriptovalutanı bir birjadan aşağı qiymətə alıb eyni zamanda digər birjada nisbətən yuxarı qiymətə sataraq alınmış fərq nəticəsində gəlir əldə edə bilərsiniz. Bu proses – kriptovalyuta arbitrajı adlanır. Kriptovalyuta arbitrajı hazırda treyderlər arasında gəlirli ticarət strategiyalarından biri hesab edilir və bu strategiyanın işləmə mexanizmi kriptovalyutaların qiymətindəki qeyri-stabilliyin olmasından aslıdır. Misal üçün bitcoin Binance birjasında 3.410, Bitfinex-də isə 3.495 dollardır. Siz bitcoin-i Binance-dən alıb Bitfinex-də sataraq gəlir əldə edirsiz. Lakin bu əməliyyat maksium qisa müddətdə edilməlidir. Əks halda qiymətlər dəyişə bilər və nəticədə ola bilər ki, komissiya xərciniz gəlirinizdən daha çox olsun və ya gəlir o qədər də hiss olunacaq dərəcədə olmasın. Burdan belə nəticə çıxır ki, hər zaman məzənnə fərqində mənfəətə çıxmaq olmur.
2. Fundamental analiz.
Fundamental analiz kriptovalyuta bazarının vəziyyətinə təsir edən iqtisadi və siyasi faktorların araşdırılmasını özündə əks etdirir. Fundamental analizin başlıca məqsədi fundamental faktorların kriptovalyuta bazarında qiymətlərin səviyyəsinə təsirinin analiz edilməsi və proqnozlaşdırılmasıdır. Dövlət başçıları, maliyyə tənzimləyici qurumlarının rəhbərlərinin sektor haqqında açıqlamları, iri İT şirkətləri, ticarət platformaları və maliyyə orqanlarının kriptovalyutaların tətbiqi ilə bağlı elanları ümumilkdə ekosistemə öz mənfi və ya müsbət təsirini göstərir.
Fundamental faktorları analiz edərkən aktivin faktiki dəyərindən çox və ya az qiymətləndiriliməsini müəyyən etmək mümkündür. Hər hansı bir şirkətin səhmlərinin fundamental analizi zamanı aşağıdakı faktorlar nəzərə alınır:
- P/E – səhm qiymətinin gəlirə nisbəti;
- EPS E – gəlirin səhm qiymətinə nisbəti;
- ROE – kapitalın rentabilliyi.
Fundamental analiz adətən şirkətlərin qiymətləndirilməsi zamanı tətbiq edilməsinə baxmayaraq onu çox asanlıqla kriptovalyutaların ticarətində də istifadə etmək mümkündür. Lakin bu zama kriptovalyutalara məxsus aşağıdakı göstəricilər nəzərə alınır:
- NTV (Network Value to Transactions) – şəbəkə dəyərinin tranzaksiyaların sayına nisbəti;
- Kriptovalyutanın dəyər təklifi;
- Kriptovalyutanın arxasında duran komandanın keyfiyyəti.
Bu cür yanaşma kriptovalyutalara 3, 5 va ya 10 il müddətinə investiya etməyi nəzərdə tutur və kriptovalyuta bazarındakı qiymətlərin volatilliyini bir o qədər də əhəmiyyət daşımır.
3. Qiymət dalğalanmasında ticarət.
Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər yüksək volatilliyi ilə seçilir. Bitcoin və digər rəqəmsal aktivlərin qiyməti bir saat ərzində 20-30% qalxa və ya düşə bilər. Bu faktor artıq heç kimi təəccübləndirmir. Bəzi treyderlər bu tip qısamüddətli dəyişkənliyi mənfəət əldə etmək üçün məharətlə istifadə edirlər. Bu cür strategiyanın əsas istiqaməti ondan ibarətdir ki, treyder kriptovalyutanı aldıqdan sonra bir neçə saat, gün və ya həftə saxlayaraq bazardakı ümumi trendi nəzərə alaraq satır. Kriptovalyuta ticarətində kifayət qədər riskli strategiya hesab edilir və belə strategiyanın müvəffəqiyət qazanması treyderin ümumi bazarın hansı istiqamətdə hərəkət etməsini təxmin edə bilmə qabiliyyətindən asılıdır.
Kriptovalyuta bazarında qazanmaq istəyirsinizsə gündəlik bu sektora aid xəbərləri izləyin və birjaların bu xəbərlərə necə reaksiya verdiyini müşahidə edin. Hətta bəzən olur ki, müsbət xəbərlər fonunda da qiymətlərin kəskin enməsi müşahidə olunur. Odur ki, istənilən ticarət strategiyasının öz riskləri var. Çalışın büdcənizə uyğun və itirməyi gözə aldığınız məbləğdə investisiya ilə ticarət edin. Kriptovalyutaların məzənnələrindəki fərqlər haqqında məlumatları birjların rəsmi saytlarında, müxtəlif məlumat servisləri (CoinMarketCup, Bitinfocharts, Coincheckup) və mobil tətbiqlərdə (zTrader, TabTrader) izləmək mümkündür. Ümid edirəm ki, yuxarda qeyd etdiyim məlumatlar gələcəkdə sizə hər hansı bir formada gərəkli olacaq. Uğurlar!
Elnur Quliyev
Crypto Consulting