Ölkəmizdə mövcud olan vəziyyət bu sualı ağıllara gətirir. Belə ki, 2015-i zərbə ili adlandırmaq olardı. Birinci devalvasiyadan sonra, 2015-ci ili ikinci devalvasiya ilə başa vuran ölkəmizdə narahatlıq günü gündən artmağa başlayıb.
İlk devalvasiya kifayət qədər şok reaksiyası yaratmışdı. Affekt halında olan insanlara banklar mümkün güzəştlərini etmişdi və müştərilər çətin də olsa mövcud vəziyyətlə barışmışdılar. İlin sonunda manatın üzən məzənnəyə keçməsi ilə gözlər yenidən banklara çevrildi. Çünki dolların 50% bahalaşması insanların ödəmə qabiliyyətini aşağı saldı. Buna səbəb olan əsas faktorlardan biri işsizliyin çoxalmasıdır. Təbii ki, yeni kursa əsasən, dollarla krediti olan müştərilər ödənişlərində çətinlik çəkirlər.
Müştəri bu halda üzünü banka çevirir və ödənişinin köhnə kursla edilməsini tələb edir.
Banklar bu vəziyyətdə tələbə müsbət cavab verə bilərmi?
Bankların ilkin devalvasiyadan sonra problemli kreditləri artdı. Depozitlərini dollara çevirənlərə təbii ki, banklar bu depozitlərə görə faiz ödəməlidir. Üstəgəl, bankın özü də kreditləri xaricdən dollarla alır. Bu vəziyyətdə bankları da anlamaq olar.
Krediti dollarla olan müştərilər banka, dollarla ödənişləri qəbul etməyə məcbur olan banklar isə dövlətə baxır.
"2008-ci ildə ölkə banklarının böyük likvidlik böhranı zamanı, kənar maliyyələşmənin qəfildən kəsilməsi şəraitində MB uzunmüddətli likvidlik təqdim edərək, bankların bütün xarici borclarını yenidən maliyyləşdirdi. Təbii ki, banklar sonra dövlətin bütün pullarını son qəpiyinədək, hətta faizi ilə qaytardılar.
Banklar öz tərəflərindən hər şeyi edirlər ki, dollarda kredit götürən müştərilərinin ödənişlərini azaltsınlar. Aylıq ödəniş haqqını azaltmaq üçün kreditin müddətini uzadırlar, faiz dərəcəsini aşağı salırlar. Lakin bankların da imkanları məhduddur. Dövlət dəstəyi lazımdır. Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə MB -nın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Dövlət yardımı olmadan, bu böhranın nəticələrini yumşaltmaq mümkün olmayacaq."Ən sərfəli kredit üçün müraciət et
Bu sözləri tanınmış bankir, ölkənin ən böyük pərakəndə kredit müştəri bazası olan Unibank-ın Müşahidə Şurasının sədri Eldar Qəribov söyləyib. O da verdiyi müsahibəsində dolayısıyla təsdiqləyib ki, banklar dövlətin dəstəyini gözləyir.
Artıq demək olar ki, hərkəs dövlətin qərarını gözləyir. Sabah, yəni yanvarın 19-da Milli Məclisin növbədənkənar toplanması ağıllarda bir sual doğurdu. Mövzu nə olacaq və nə müzakirə ediləcək?
Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, "Nəyin müzakirə olunacağı haqda əlimizdə sənəd yoxdur. Amma mən belə başa düşürəm ki, 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər".
O həmçinin bildirdi ki, "10 min dollara qədər olan kreditlərin, əsas da istehlak kreditlərinin köhnə məzənnəylə - 1.05 manatla ödənməsi də gündəlikdədir, razılıq var və qərarın çıxması gözlənilir".
Yeni qərarın bir çoxlarının vəziyyətini yaxşıladıracağını ümid edirik.
Unutmayın ki, devalvasiya şəraitində müqəssir axtarmaq nəticə verməyəcək, xilaskarı axtarmaq daha yaxşı olardı.
Qeyd edək ki, Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş vermişdi. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmişdi.
21 dekabr 2015 -ci ildə isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.