Kreditlərdən azad olmağın 4 sadə üsulu | Banco.az

Kreditlərdən azad olmağın 4 sadə üsulu

Hər kəsə məlumdur ki, kredit üzrə bank faizi hər zaman depozit faizindən yüksək olur. Bu səbəbdən də, əlavə pulunuz olduğu təqdirdə, həmin pulu istirahətə və ya əyləncəyə deyil, kredit borclarınızın vaxtından öncə ödənilməsinə sərf etməyiniz daha düzgündür.

Başlıca maliyyə vəzifələrindən biri də borc öhdəliklərindən azad olmaqdır. Bəzən insanlar artıq borc bataqlığında boğulduqları bir vaxtda məsləhətçilərə üz tuturlar. Əslində isə bu qərarı daha öncədən vermək onlar üçün daha faydalıdır.

Unutmayın ki, bütün kredtləri eyni anda ödəmək mümkün deyil. O zaman meydana belə bir sual çıxır: bəs nədən başlamaq lazımdır? Maliyyəçilərin aşağıda qeyd olunan məsləhətləri sizə bu sualın cavabını tapmaqda kömək ola bilər.

1. Qartopu metodu – borcun məbləğinin artırılması ilə borcun ödənilməsini nəzərdə tutur. Bu zaman ilk növbədə kiçik, daha sonra isə böyük məbləğli borclar ödənilir.

Bu üsuldan istifadə zamanı borclarınızı məbləğ üzrə artan sıra ilə düzün. Ən kiçik məbləğli borc istisna olmaqla, yerdə qalan bütün borclarınız üçün minimal məbləğdə ödəniş edin. Bütün əlavə vəsaitlərinizi isə siyahı üzrə 1-ci borcun ödənilməsinə sərf edin. İlk borc ödənildikdən sonra əlavə vəsaitləri məbləğinə görə 2-ci yerdə qərarlaşan borcun ödənilməsinə yönəldin.

Qartopu metodu maliyyə məsləhətçiləri arasında ən geniş yayılmış metodlardan biridir. Sözügedən metod olduqca sadə və anlaşıqlıdır. Bu üsuldan istifadə zamanı siyahıdakı borcların sayı sürətlə azalır və borc ödəyicisi üçün bu hal psixoloji baxımdan müsbət hal kimi qiymətləndirilir.

2. Bütün borcların eyni anda bərabər məbləğlə ödənilməsi metodu.

Bu metod bütün borclar üzrə minimal məbləğin ödənilməsini nəzərdə tutur. Əlavə vəsaitlər borcların sayına bölünür. Daha sonra alınan məbləğlə hər bir borc üzrə ödənişlər edilərək, onların ümumi həcmi azaldılır. Kreditlərdən biri tam şəkildə ödənildikdən sonra əlavə vəsaitlər yeni borcların sayına bölünür və bütün borclardan tamamilə azad olana qədər bu prosesi eyni qaydada davam etdirmək məsləhət görülür.

Sözügedən metod heç bir xüsusi üstünlüyə malik deyil. Əgər diqqət yetirdinizsə, bu üsuldan istifadə zamanı şəxs konkret öhdəliklərə istiqamətlənmək əvəzinə, ödəniş prosesini kredit borcları arasında heç bir seçim aparmadan icra edir. 

3. Qar uçqunu metodu – faiz dərəcəsinin azaldılması yolu ilə borcların ödənilməsini nəzərdə tutur. Bu zaman ilk öncə böyük, daha sonra isə kiçik məbləğli borclar ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Burada, faiz dərəcəsi dedikdə, kredit üzrə nominal faiz dərəcəsi deyil, əlavə ödəniş və komissiyaları əhatə edən effektiv faiz dərəcəsi nəzərdə tutulur.

Borclarınızı effektiv faiz dərəcələri üzrə azalan sıra ilə düzün. Ən böyük məbləğli borc istisna olmaqla, yerdə qalan digər borclarınız üçün minimal məbləğdə ödəniş edin. Bütün əlavə vəsaitlərinizi isə siyahı üzrə 1-ci yerdə duran borcun ödənilməsinə sərf edin. Bu borc ödənildikdən sonra əlavə vəsaitləri məbləğin ölçüsünə görə siyahının 2-ci yerində qərarlaşan borcun ödənilməsinə yönləndirin. 

Bu metod kredit borcunun ödənilməsi metodları arasında “ən məntiqli” üsul olaraq qiymətləndirilir. Digər üsullarla müqayisədə, sözügedən üsulda ümumi ödəniş məbləği minimal həddə olur. İzah isə olduqca sadədir: bu üsulda ən yüksək faiz dərəcələrinin ödəmə müddəti minimallaşdırılır.

Psixoloji baxımdan mənfi cəhəti: Əgər ən böyük məbləğli borcun həcmi olduqca yüksəkdirsə, o zaman onun ödənilməsi üçün uzun müddət tələb olunacaq. Müddətin uzun olması insanı həm yora, həm də psixoloji baxımdan ruh düşkünlüyünün meydana gəlməsinə səbəb ola bilər.

Daha öncə adları qeyd olunan bütün metodlar “hesab” metodları adlanır. Buna səbəb onların hər birində sadə hesab üsullarından istifadə olunmasıdır. Əgər diqqət yetirdinizsə, sözügedən metodların heç birində kreditlərin bir çox real parametrlərindən istifadə olunmur: kreditin qaytarılma müddəti, vaxtından öncə kreditin ödənilməsinə görə cərimələr, kreditin məbləğinin ölçüsünün dəyişdirilməsi səbəbilə aylıq ödənişlərin azaldılması...

4. Optimallaşdırma metodu – bütün məhdudiyyətlərin nəzərə alınması ilə, bütün kreditlər üzrə ümumi ödəniş məbləğini (və ya bütün kreditlərin ödənilmə müddətini) minimuma endirmək məqsədilə borcların ödənilməsini nəzərdə tutur.

Xətti proqramlaşdırmada kreditlərin ödənilməsi məqsədilə tətbiq olunacaq çoxsaylı optimallaşdırma üsulları mövcuddur. Əsas məqsəd – minimal ödəniş məbləği və ya bütün kreditlərin ödənilməsi üçün müəyyən edilmiş minimal müddətdir. Kreditlər üzrə nəzərdə tutulmuş əlavə şərtlər: cərimələr, minimal ödənişlərin məbləği, faizlər və müddət üzrə məhdudiyyət mövcuddur. Bütün bunların nəticəsində meydana gələn tənliklər sistemi əsasında borcların dövrlər üzrə ödənilməsini nəzərdə tutan optimal qrafik yaradıla bilər.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et