"Kredit Zəmanəti Fondu" bankları xilas edəcəkmi? - Ekspert rəyi | Banco.az

"Kredit Zəmanəti Fondu" bankları xilas edəcəkmi? - Ekspert rəyi

Azərbaycan prezidenti İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərman  "Kredit Zəmanət Fondu" ASC-nin yaradılmasını nəzərdə tutur.

Fərmanı şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, "Kredit Zəmanəti Fondu"nun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər: "Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər. Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər".

Ekspertin sözlərinə görə, fondun üstünlükləri çoxdur: "Bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir.

İri sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar".

S.Əliyev bildirdi ki, Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da, Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq: "Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirilməsi yaxşı olardı. Əvvəla, Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir. İkincisi, maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir. Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır. Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-dən az, 80%-dən çox olmalıdır. Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir".

Ən sərfəli kredit üçün müraciət et

Milllət vəkil Vahid Əhmədov Qafqazinfo-ya şərhində "Kredit Zəmanəti Fondu"nun yaradılmasının çoxdan gündəlikdə olduğunu irəli sürüb: “Bilirsiniz ki, bank sistemində kreditlərlə bağlı çox ciddi problem yaranıb. Kredit borcları artıq 1,8 milyard manatı keçib. Ona görə də cənab prezident bir neçə  dəfə çıxışlarında qeyd edib ki, Azərbaycan iqtisadiyyatına ən çox zərər vuran sahə bank sektoru olub. İndi də bank sistemində kredit vermə, alma və s. kimi məsələləri həll etmək üçün "Kredit Zəmanət Fondu"nun yaradılması haqqında fərman imzalayıb. Fondun Müşahidə Şurasının tərkibi müəyyənləşdirilib. Orada həm Maliyyə Nazirliyindən, həm Mərkəzi Bankdan, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasından üzvlər var. 

Burada əsas məsələ ondan ibarətdir ki, verilən kreditin zəmanəti təmin edilsin. Məsələn, hansı sahəyə krediti nə qədər vermək olar. Bu məsələlər çox ciddidir. Burada beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır. Cəmiyyətin kredit təminatı məsələsindən faydalanacaq sahibkarlara kredit veriləcək və aylar müəyyən ediləcək. Yəni, bu kreditlərin  maksumium dəyəri, müddəti təyin edilməlidir ki, onlar vaxtında geri qaytarılsın. Həm də Azərbaycan iqtisadiyyatına kömək etsin. Bu kiçik və orta sahibkarlığın inkişafına öz təsirini göstərməlidir”.

Fondun əsasnaməsində sahibkarlara subsidiya verilməsi məsələsinə gəlincə isə, V. Əhmədov qeyd edib ki, ola bilər sahibkar elə bir sahənin inkişafı üçün kredit istəyir ki, o sahə Azərbaycan iqtisadiyyatı üçün vacibdir: "O zaman onlara faizləri ödəmək üçün dövlət tərəfindən subsidiyalar veriləcək. Bu, çox normal haldır. Müəyyən inkişaf etmiş dövlətlərdə də var. Sahibkar faizi verməkdə çətinlik çəkirsə, o zaman ona subsidiya veriləcək. Əlbəttə ki, bu, hamıya şamil edilməyəcək. O sahələrə şamil ediləcək ki, bu, dövlətə lazımlıdır. Burada Müşahidə Şurasının da üzərinə çox böyük məsuliyyət düşür".

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et