“İcra haqqında” Azərbaycan Respublikası qanununun 6.1.2-ci maddəsinə görə məhkəmə əmri icra sənədi sayılır ki, həmin qanunun 13.1.1-ci maddəsinə əsasən 1 (bir) ay ərzində müvafiq əmr icraya yönəldilir. Qanunun 12.1-ci maddəsinə görə İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.
İcra məmuru qanunun 8.2-ci maddəsinə əsasən, icra sənədini aldığı andan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Qərarın qəbulundan sonra isə borcluya icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün 10 (on) gün müddət təyin edir. Bu müddət bitdikdən sonra isə icra məmuru tərəflərə bir gün müddətində xəbər verməklə icraata başladığını bildirir.
İcra üzrə icraat zamanı bir sıra məcburi icra tədbirləri görülür ki, bu da hər bir halda borclunun vəziyyətini daha da pisləşdirir. Belə ki, “İcra haqqında” qanunun 45-ci maddəsinə əsasən borclunun bank hesablarına, əmanətlərinə və digər əmlakı üzərinə həbs qoyulur. Qanunun 49.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Bu siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir.
Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.(Qanun 53.1 və 53.2-ci maddələr)
Əmlak ümumi mülkiyyətdə olarsa və ya birgə paylı mülkiyyətdə olarsa, onda onun barəsində tətbiq ediləcək tədbirlər də fərqlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmçinin ər-arvadın birgə mülkiyyətinə tutmanın yönəldilməsi qaydası da, Mülki Məcəllədə göstərilmişdir. Belə ki, Məcəllənin 225.5-ci maddəsinə görə Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Ər-arvadın və ya ümumi mülkiyyətdə olan əmlakın girov qoyulması hallarında ilk olaraq ümumi mülkiyyətə hüququ olan şəxslərin yazılı qaydada razılığı olmalıdır. Əks halda bu razılaşma olmadan bağlanmış müqavilə də etibarsız sayılacaqdır.
Bunlarla yanaşı, həmçinin qanunvericilikdə borclunun əmək haqqına da tutmaların yönəldilməsi göstərilmişdir. Qanunun 65.1-ci maddəsinə əsasən göstərilir ki, İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Hətta tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Bu tutmalarla bağlı müəyyən istisnalar da mövcuddur ki, bu da öz növbəsində müvafiq qanunla tənzimlənmişdir.
Bütün bu göstərilənlərlə yanaşı olaraq, həmçinin müvafiq qanunun 84-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Bütün bu göstərilən prosedur, məhz borclu tərəfindən borcun ödənilməsindən imtina zamanı tətbiq olunan tədbirlərə əsaslanır. Əlbəttə ki, hər bir halda bu göstərilən prosedur tədbirlərdən əlavə də müəyyən məsələlər meydana çıxa bilir ki, bu da öz növbəsində müvafiq qanunvericilik qaydasında öz həllini tapır.
Onu da qeyd etmək yerinə düşər ki, zaminlik əsasında borc müqaviləsinin tərəfi olmuş şəxsə də borclu tapılmazsa və ya borclunun əmlakı borcun ödənilməsi üçün kifayət etməzsə, göstərilən prosedur tətbiq edilə bilər. Bu baxımdan kreditlərin ödənilməsi zamanı tərəflərin diqqətli və məsuliyyətli olması zəruridir.
Həbilov Şəhriyar