Kredit müqavilələri barədə vətəndaşlarımızı maarifləndirək! | Banco.az

Kredit müqavilələri barədə vətəndaşlarımızı maarifləndirək!

Bankın Kredit müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada artırmaq və ipoteka predmetinin real bazar dəyərinin aşağı düşməsi ilə əlaqədar əlavə təminat tələb etmək hüquqları varmı?

1. Kredit müqaviləsi üzrə Bankın faiz dərəcəsini birtərəfli qaydada artırmaq hüququ varmı?

Bankla bağlanmış kredit müqaviləsinin mətni ilə tanış olmaqla suala asanlıqla cavab tapıla bilər. Belə ki, prinsipial olaraq mülki qanunvericilik kreditorun(yəni bankın) öz mülahizəsinə əsasən kredit faizini artıra bilməsi barədə şərtin kredit müqaviləsinə daxil edilməsini qadağan etmir. Davam edən iqtisadi böhran şəraitində əksər banklar bu şərti və bu hüquqdan hansı hallarda istifadə ediləcəyi barədə müddəaları müştəriləri ilə bağladıqları kredit müqavilələrinə daxil edirlər.

Əgər bağlanılan kredit müqaviləsində kredit üzrə faiz dərəcəsinin bank tərəfindən birtərəfli qaydada artırıla biləcəyi hallar barədə konkret müddəa yoxdursa – Mülki Məcəllənin 430-cu maddəsinin tələbinə əsasən bankın faizləri artırmaq kimi hüququ yoxdur. Müqavilədə belə bənd olmadığı halda Bank müştəriyə kredit müqaviləsi üzrə faizlərinin artırılması barədə əlavə razılaşmanın bağlanılması təklifi ilə yazılı müraciət edərsə - müştərinin bu cür təklifdən asanlıqla imtina etmək hüququ vardır.

2. Vətəndaş(borclu) ipotekaya ev almışdır və hazırda kredit ödəyir. Mənzilin real bazar dəyəri azalarsa Bank borcludan verilmiş kredit üzrə əlavə təminat (zaminlik, girov və s.) təqdim etməyimi tələb edə bilərmi?

Qanunvericiliyi araşdırdıqda – bankın əlavə təminat tələb etmək hüququnun qanuna zidd olmadığınının şahidi oluruq. Bəzi hüquqşünaslar Mülki Məcəllənin 286-cı maddəsinə əsaslanaraq qeyd edir ki, Məcəllədə girov(ipoteka) predmetinin dəyişdirilməsinin girov saxlayanın(bankın) razılığı ilə dəyişdirilə bilməsi qeyd edilsə də, maddədə konkret olaraq girov predmetinin real bazar dəyərinin azalması hallarında onun dəyişdirilə bilməsi məsələsi dəqiqliklə tənzimlənmir. Bu səbəbdən də - bankla borclu arasında bağlanan müqavilədə ipoteka predmetinin real bazar dəyərinin azalması hallarında bank tərəfindən borcluya əlavə təminatın təqdim edilməsi tələbinin irəli sürülməsi ilə bağlı tərəflərin müvafiq hüquq və vəzifələri vardırsa – bankın tələbinin haqlı olduğunu bildirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Fikrimizcə – bankla borclu arasında bağlanan müqavilədə bu barədə müddəanın olub-olmamasından asılı olmayaraq ipoteka predmetinin real bazar dəyərinin azalması hallarında ipoteka qoyana(borcluya) əlavə təminatın təqdim edilməsi tələbi irəli sürülə bilər ki, bu bankın vəzifəsi yox hüququdur. İpoteka qoyan(borclu) bu zaman əlavə təminat təqdim etməkdən imtina etdikdə bank Mülki Məcəllənin 422-ci maddəsinin tələblərini rəhbər tutaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə iddia qaldıra bilər. Belə ki, qeyd olunan maddəyə əsasən – “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.” Misal ilə izah edək. Borclu bankdan 50000 manat məbləğində təminatlı kredit götürür və təminat kimi real bazar qiyməti 70000 manat olan daşınmaz əmlakını ipoteka ilə bankın xeyrinə yüklü edir. Müqavilə bağlandıqdan iki ay sonra əmlak bazarında iqtisadi böhran ilə əlaqədar durğunluq yaranır və əmlakın real bazar dəyəri 40000 manata qədər düşür. Maddənin təfsirindən belə başa düşülür ki, bank müqavilə bağlanarkən əmlakın dəyərinin bu qədər azalacağını bilsə idi, borclu ilə ya 50000 manat məbləğində deyil daha az məbləğdə kredit müqaviləsi bağlayardı və ya ümumiyyətlə kredit müqaviləsi bağlamaqdan imtina edərdi. Beləliklə, bank ilə borclu əlavə təminat ilə bağlı razılığa gələ bilmədikdə bankın borclunu “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” tələbi ilə məhkəməyə vermək hüququ yaranır ki, belə şərait istənilən halda müştəri üçün arzuolunmazdır. 

 

Müəllif: Fuad Həsənov