Kredit kartları ilə bağlı fırıldaqçılıq halları | Banco.az

Kredit kartları ilə bağlı fırıldaqçılıq halları

Skimminq - ödəniş kartının maqnit lentində əks olunan məlumatların köçürülməsi məqsədilə qanunsuz kart oxuyucusunun ödəniş terminalına quraşdırılması və məlumatların oxunmasıdır. Bu qurğu ilə təchiz olunmuş bankomat zahirən heç bir şübhə doğurmur. Bəzən isə cinayətkarlar bütün bankomatların surətini hazırlayır və şəhərin ən işlək yerlərində quraşdırırlar.

Son zamanlar səsli fişinq, yəni, kredit kartları ilə bağlı telefon vasitəsilə edilən dələduzluq halları artıb. Belə ki, bu zaman cinayətkarlar müştərilərin ev telefonuna zəng vuraraq özlərini bank əməkdaşı kimi təqdim edir və müxtəlif bəhanələrlə kart sahiblərindən ödəniş haqqında məlumatları əldə edirlər. Dələduzlar hər zaman şəxsən özləri zəng etmirlər. Onlar öz "yanlış" məqsədlərini həyata keçirmək üçün telefon üzrə avtomatik bildiriş və SMS-poçt xidmətindən istifadə edirlər. Məsələn, kart sahibinin telefonuna aşağıdakı məzmundə SMS daxil olur: "Hörmətli müştəri! Sizin bank kartından istifadə xidmətiniz müvvəqqəti dayandırılıb. Əlaqə telefonu: 8-ХХХ-XXX-XX-XX" və ya "Sizin VİSA bank kartınız bağlanıb. Bu barədə qeyd olunan nömrə vasitəsilə pulsuz məlumat əldə edə bilərsiniz:  +7-ХХХ-XXX-XX-XX".

İnternetdə isə internet-fişinq adlanan dələduzluq halları geniş yayılıb. Bu sxem plastik kart sahiblərindən məxfi məlumatlar əldə etmək üçün istifadə olunur. Bu zaman elektron poçta hər hansı bir məşhur brendin adından məktub daxil olur. Məktubda alıcının diqqətini cəlb edəcək məlumatlar (məsələn, endirimlər və satışlar haqqında) və satıcının veb sahifəsinə daxil olmaq imkanı verən, eləcə də orijinaldan fərqlənməyən saxta hiperlink yer alır. Sayta daxil olmaqla kart sahibi özünə aid ən dəyərli məlumatların dələduzların əlinə keçməsinə və bununla da, onların öz qanunsuz əməllərini həyata keçirməsinə imkan verir.

Bir çox hallarda kart sahibinin unutqan və diqqətsiz olması ona problem yarada bilər. İnsan ehtiyatsız davranaraq, unudulmuş kağız parçasına və ya mobil telefona PİN-kodunu qeyd edə bilər.  Bütün bu “xatırlatmalar” kredit kartları ilə bağlı fırıldaqçılığı artıran amillərdir. Belə ki, bu zaman sizin məlumatlarınız asanlıqla hər hansı bir dələduzun əlinə keçə bilər. Bu barədə hətta ən yaxın qohumlarınıza belə güvənməyin. Bəzən isə bankomatda PİN-kodunuzu daxil etdiyinizi görən şəxs də sizin kodunuzu öyrənə və bundan sui-istifadə edə bilər. Bu səbəbdən də bankomatdan pul çıxaran zaman yaxınlıqda heç kimin olmamasına diqqət yetirin və hər ehtimala qarşı klaviaturanı əlinizlə örtün.

Kredit kartlarınızın təhlükəsizliyi qorumaq və onların fırıldaqçılar tərəfindən istismar edilməsinin qarşısını almaq istəyirsinizsə, bu sadə qaydanı unutmamalısınız: KARTINIZIN PİN-KODUNU YALNIZ SİZ BİLMƏLİSİNİZ.

Son vaxtlar bankomatların zərərli viruslara yoluxma halları kəskin şəkildə artıb. Hakerlər xüsusi proqram təminatından istifadə etməklə, eyni anda onlarla bankomatın hesabından pul çıxarmağa müvəffəq olurlar.

Mübarizə üsulları

Geniş müştəri-fiziki şəxs bazasına malik olan bankların demək olar ki, hamısı haker hücumuna məruz qalır. Hətta ən böyük bankların onlayn sistemləri də bu hücumlar qarşısında acizdirlər. Haker hücumuna məruz qalmış sistemlərin müştəriləri servislərə operativ çıxışın olmamasından, hesabdan pulların yoxa çıxmasından, tranzaksiyalarda səhvlərə yol verilməsindən və digər xoşagəlməz hallardan şikayətlənirlər. Qeyd edək ki, internet-bankinq sisteminin bankirləri kart sahiblərinin təhlükəsizliyini təmin etmək və onları cinayətkarların qanunsuz əməllərindən qorumaq məqsədilə mütəmadi olaraq, öz təhlükəsizlik sistemlərini təkmilləşdirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kartınızın və hesabınızdakı məbləğin təhlükəsizliyini təmin etmək üçün ən azı birdəfəlik parollardan istifadə etməyiniz və kompyuterə yüklədiyiniz antivirus proqramlarını yeniləməyiniz məsləhət görülür. Bununla yanaşı, bank kartına 3D-Secure texnologiyasının qoşulması tövsiyə olunur ki, bununla da, siz istər Visa, istərsə də MasterCard üzrə internet-ödənişlərinizi təhlükəsiz rejimdə həyata keçirə bilərsiniz. Sözügedən texnologiya internet şəbəkəsində kart məlumatlarının sızmasının və onun mənfi nəticələrinin qarşısını alır (Ödənişlər telefonunuza göndərilən parolun daxil edilməsi ilə təsdiqlənir).

"Visa Europe" şirkəti müştərinin mobil telefonu vasitəsilə onun yerləşdiyi məkanı təyin edən servis təqdim edib. Bu proqramdan istifadə etməklə, bankomatdan pul çıxarılan zaman mobil telefon sahibinin bankomatın yerləşdiyi məkanda olub-olmadığını müəyyən etmək olar. Əgər proqramda qeyd olunan məkanlar üst-üstə düşmürsə, yəni, telefon sahibinin və bankomatın yerləşdiyi məkan fərqlidirsə, bu zaman təhlükəsizlik xidməti mövcud təhlükə barədə müştərini xəbərdar edir.

Diqqətli olun!

Hələ ki, bank texnologiyaları bazarında bank kartlarının daha təhlükəsiz alternativi yoxdur. Bu səbəbdən də kredit kartlarınızın təhlükəsizliyini təmin etmək və hesabınızdakı pulları qorumaq üçün aşağıda qeyd olunmuş sadə qaydaları diqqətdən qaçırmayın:

  1. Bank kartınızı nəzarətiz qoymayın və onu kənar şəxslərə əmanət etməyin.
  2. PİN-kodunuzu heç kimə deməyin və kağız parçasına qeyd etməyin.
  3. Sınanmış bankomatlardan istifadə edin və bankomatdan pul çıxarmazdan öncə mütləq ətrafa nəzər salın.
  4. Sizdən xəbərsiz kartınızdan pul götürülərsə, bu barədə dərhal banka məlumat verin.
  5. Bank kartları ilə əməliyyat həyata keçirdikdən sonra bankomatdan götürdüyünüz qəbzləri yoxlayın və itirməyin.
  6. Əgər kredit kartınızı itirmisinizsə və ya bankomatdan pul götürdükdən sonra kartınız geri qaytarılmayıbsa, bu zaman bu barədə dərhal banka məlumat verin və bank tərəfindən verilən təlimatlara əməl edin.

Sevinc İbadova/Banco.az