Kredit götürən şəxs vəfat edərsə, borcun aqibəti necə olacaq? | Banco.az

Kredit götürən şəxs vəfat edərsə, borcun aqibəti necə olacaq?

Son günlərdə kreditlərlə bağlı intihar hallarının artması daha bir məsələni gündəmə gətirib. Əgər borcalan vəfat edərsə, onun kreditini kim ödəməlidir? Hüquqşünas ekspert Əkrəm Həsənov qoyulan sualla bağlı öz münasibətini bildirib.

Əkrəm Həsənov:

Kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir. Halbuki, hər kəs özünə cavabdehdir. Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Heç nədən və heç kəsdən qorxmasın, onu narahat edənləri isə qovsun, polisə müraciət etsin və s”

Həmçinin o bildirib ki, vəfat etmiş borclunun da krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir: "Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla.”

Qeyd edək ki, Banco.az-ın daha öncə belə bir araşdırması olmuşdur. Biz o, zaman kredit götürən şəxsin şəhid olması halında borc aqibətinin necə olmasını araşdırmış, həmçinin kredit götürən şəxsin adi qaydada vəfat etməsi zamanı prosedurların necə olması öyrənmişdik.Kredit götürən şəxs şəhid olarsa, kreditin aqibəti necə olacaq?

Suallarımızı bank sahəsi üzrə mütəxəssis  Cəlal Sevdimov cavablandırmışdı.  

Cəlal Sevdimov:

  1. Müştərinin ailə üzvləri ilə əlaqə yaradılır və ailənin mövqeyi öyrənilir. Yəni ki, ailə üzvləri istəyirlərsə ki, girov (avtomobil və ya daşınmaz əmlak) satışa çıxarılmasın, o zaman vəfat etmiş vətəndaşın yerinə ödənişləri edirlər.
  2.  Avtomobil və ya daşınmaz əmlak ailə üzvləri üçün maraqlı deyilsə, o zaman bank avtomobili və ya daşınmaz əmlakı məhkəmə qaydasında öz mülkiyyətinə çevirir və sonradan satışa çıxarır.
  3. Avtomobil  və ya digər istehlak kreditinin götürülməsi zamanı vəfat etmiş müştəri kimisə zamin qismində qeyd edibsə, o zaman müştərinin vəfatında sonra bank tələblərini zaminin ünvanına yönəldir və kredit (girov, ipoteka) müqavilələrindən irəli gələn öhdəliklər və məsuliyyət zaminin üzərinə düşür.
  4. ipoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur.
  5. Hər hansı bir girov mövcud deyilsə və zaminlər də yoxdursa o zaman hüquqi cəhətdən tələb olunacaq mənbə olmadığına görə borc silinə bilər.

Lakin vəfat edən şəxsin digər əmlak və mülki kimi, onun borc öhdəlikləri də miras olaraq varislərinə, vərəsələrə çatır. Bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsində öz əksini tapır.

Ən sərfəli kredit üçün müraciət et

Qanundan çıxarış:

  • 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
  • 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
  • Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et