Vətən uğrunda şəhdi olan insanın kreditin aqibəti əslində necə olacaq. Həmin ailənin öz dərdi az imiş kimi, hələ kredit də ödəməlidir?
Son günlərdə cəbhədəki gərginlik ilə əlaqədar olaraq, bütün medianın diqqəti bir istiqamətdə yönəlmişdi. Əsgərlərimiz şəhid olur, ağrılarımız təzələnirdi.
Verilən süjetlərdən birində diqqətimi belə bir məqam çəkdi. Şəhid olan, dörd uşaq atası Almazov İsə Ziyad oğlunun həyat yoldaşı danışırdı ki, ərinə tikdiyi evdə yaşamaq qismət olmadı və həmçinin də qeyd etdi ki, evi götürdükləri kredit hesabına tikmişdilər.
İndi istəmirəm ki, danışdıqlarım hər məsələdə öz mənfəətini güdən bir insanın fikri kimi səslənsin. Amma bir sual həqiqətən də məni düşündürür. Vətən uğrunda şəhid olan insanın kreditin aqibəti əslində necə olacaq. Həmin ailənin öz dərdi az imiş kimi, hələ kredit də ödəməlidir?
Bizi düşündürən bu sual ilə bir çox banklarımıza müraciət etdik: Unibank, Bank of Baku, Azər-Türk Bank, AccessBank, Kapital bank, Bank Technique, Yapı Kredi Bank Azərbaycan və s.
Təəssüf ki, heç də bütün banklarda aldığımız cavab gözlədiyimizə uyğun olmadı, bəzi banklar isə ümumiyyətlə məsələni şərh etməkdən boyun qaçırdı.
Bu suallarla bank sahəsi üzrə mütəxəssis Cəlal Sevdimova müraciət etdik:
“Əgər cəbhəyə gedən şəxsin kredit borcu olarsa və həmin şəxs şəhid olarsa kreditin aqibəti necə olacaq? Hansı hallarda bank bu borcu güzəştə gedə bilər?”
O bizə bildirdi ki, təəssüf ki, qanunvericilikdə bu məsələ ilə bağlı xüsusi hal nəzərdə tutulmayıb:
“Əfsuslar olsun ki, Azərbaycan Respublikasının qanunlarında şəhid olmuş və krediti (və ya kreditləri) olan vətəndaşlar haqqında heç bir qeyd (qeydlər) mövcud deyil və buna görə də banklar cari qanunvericiliyə əsasən yaranmış borcu ya 1-ci dərəcələ qohumdan (qohumlardan) və ya qeyd olunmuş (daşınan və/və ya daşınmaz əmlakların) girovun satışı ilə borcun bağlanmasını təmin edilməsini tələb edəcək.
Amma yenə də Sizə bəzi banklarımızın rəsmi mövqeyini çatdırmaq istərdik:
Unibank:
“İstehlak krediti əldə edən şəxs cəbhə bölgəsində şəhid olduğu təqdirdə, qanunvericiliyə və mövcud daxili normativ aktlara əsasən , Unibank rəhbərliyi borcun bağışlanması məsələsini müvafiq strukturlar qarşısında qaldıracaqdır, Çünki bu Unibank-ın idarəedici qurumlarının səlahiyyətlərinə daxil deyildir"
Yapı Kredi Bank Azərbaycan:
“Hal hazarda bankımızda bu barədə bir qərar verilməyibdir. Lakin, bildirmək istərdik ki, bankımız tərəfindən verilən bütün kreditlər sığortalıdır. Əgər məlum vəziyyətlə bağlı güzəşt xarakterli bir qərar verilərsə, təbii ki, ilk öncə bunu mətbuat nümayəndələri biləcəkdir”.
Bank of Baku
“Bildirmək istərdik ki, Bankımız belə bir hal ilə rastlaşmayıb və buna görə də belə hal olarsa nə baş verəcəkdir deyə bir daxili təlimat və ya qaydamız mövcud deyildir. Belə hallar kütləvi baş verərsə, bank üzrə müəyyən bir qərar qəbul olunması labüddür. Ümumilikdə isə qanunvericilik çərçivəsində həll olunması qaydaları üzrə suallarınızı müvafiq dövlət orqanlarına ünvanlamağınızı məsləhət görürük. İnanırıq ki, qeyd etdiyiniz şəraitdə dövlət orqanları banklara müvafiq tapşırıqlar və məsləhətlər verəcəkdir.
Bank Technique:
“Nəzərnizə çatdırmaq istəyirik ki, bizim bankda kredit götürən bütün müştərilər müvafiq məbləğdə “Alfa Sığorta” şirkəti tərəfindən sığortalanır. Baxmayaraq ki, kredit götürənin cəbhədə gedən döyüşlərdə həlak olması həmin sığorta növü tərəfindən əhatə olunmur, borc öhdəliyi şəhid ailəsinin üzərinə düşməyəcək. “Bank Technique” və onun törəməsi olan “Alfa Sığorta” şirkəti həmin borcu silir və ümid edir ki, bu problem tezliklə sülh yolu ilə öz həllini tapacaq”.
Ən sərfəli kredit üçün müraciət et
Azər -Türk Bank:
Azər-Türk Bankın kredit müştərilərinin həyatları sığortalıdır. Ona görə hər hansı bir müştəri vəfat edərsə yaxud şəhid olarsa sığorta şirkəti müştərinin kredit borcunu mütləq şəkildə ödəyir. Nümunə üçün bildirək ki, əsgərin 5,000 AZN Azər-Türk Banka krediti var və kredit borcunun 2,000 AZN ödədikdən sonra şəhid oldu. Bu zaman əməkdaşlıq etdiyimiz sığorta şirkəti şəhidin qalıq ana borcunu və hesablanmış faizi Azər-Türk Banka ödəyəcəkdir. Əlavə olaraq isə əsgərin şəhid olmadan öncə Banka ödədiyi 2,000 AZN sığorta şirkəti tərəfindən şəhidin ailəsinə ödəniləcəkdir.
Bankların cavabları Fotolarda:
Qeyd: bu fotolar Rüstəm Əzimovun profilindən götürülüb
Biz həmçinin Cəlal müəllimdən maraqlandıq ki, adi halda, ümumiyyətlə kredit götürən şəxs vəfat etdikdə hazırda ölkədə hansı prosedurlar tətbiq edilir?
O bildirdi ki, ilk növbədə
- Müştərinin ailə üzvləri ilə əlaqə yaradılır və ailənin mövqeyi öyrənilir. Yəni ki, ailə üzvləri istəyirlərsə ki, girov (avtomobil və ya daşınmaz əmlak) satışa çıxarılmasın, o zaman vəfat etmiş vətəndaşın yerinə ödənişləri edirlər.
- Avtomobil və ya daşınmaz əmlak ailə üzvləri üçün maraqlı deyilsə, o zaman bank avtomobili və ya daşınmaz əmlakı məhkəmə qaydasında öz mülkiyyətinə çevirir və sonradan satışa çıxarır.
- Avtomobil və ya digər istehlak kreditinin götürülməsi zamanı vəfat etmiş müştəri kimisə zamin qismində qeyd edibsə, o zaman müştərinin vəfatında sonra bank tələblərini zaminin ünvanına yönəldir və kredit (girov, ipoteka) müqavilələrindən irəli gələn öhdəliklər və məsuliyyət zaminin üzərinə düşür.
- ipoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur.
- Hər hansı bir girov mövcud deyilsə və zaminlər də yoxdursa o zaman hüquqi cəhətdən tələb olunacaq mənbə olmadığına görə borc silinə bilər.
Lakin vəfat edən şəxsin digər əmlak və mülki kimi, onun borc öhdəlikləri də miras olaraq varislərinə, vərəsələrə çatır. Bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsində öz əksini tapır.
Qanundan çıxarış:
- 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
- 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
- Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.
Sonda Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə səbr və dözüm arzu edirik.
Lakin hətta şəhidlik belə sizi kredit yükündən azad etmir.
Könül Soltanova, könü[email protected]