Kredit götürən şəxs borc bataqlığına düşməmək üçün nə etməlidir? | Banco.az

Kredit götürən şəxs borc bataqlığına düşməmək üçün nə etməlidir?

Əgər siz kredit götürmək qərarına gəlmisinizsə və gələcəkdə çoxsaylı borc öhdəlikləri qarşısında çıxılmaz vəziyyətdə qalmaq istəmirsinizsə, o zaman Banco.az portalının təqdim etdiyi məsləhətləri diqqətdən qaçırmayın:

1. Kredit üzrə aylıq borcunuzu zamanında ödəməyi özünüz üçün bir qayda halına gətirin və ona əməl etməyə çalışın. Bununla, siz özünüzü nəinki cərimələrdən qoruyacaq, hətta müsbət kredit tarixçəsinə malik müştəri statusu qazana biləcəksiniz. Unutmayın ki, vaxtlı-vaxtında həyata keçirdiyiniz ödənişlər sizi borc bataqlığına düşmək təhlükəsindən sığortalaya bilər.

2. Həyatınızda maliyyə çətinlikləri meydana gəldiyi və obyektiv səbəblərə görə, krediti ödəmək imkanında olmadığınız zaman mütləq bu barədə bank nümayəndələrini məlumatlandırın. Əksər hallarda, bank nümayəndələri müştərilərin bu tipli müraciətlərini nəzərə alır və kredit borcunun ödənilmə müddətində müştəriyə sərf edəcək şəkildə dəyişiklik etməklə, müəyyən mənada güzəştə gedirlər.

Ən sərfəli kredit üçün müraciət et

3. Bəzən müştərilər bir kreditin digər bir kreditlə ödənilməsi üsulundan istifadə edirlər. Borcun bu formada, yəni bir neçə kreditin eyni anda rəsmiləşdirilməsi yolu ilə ödənilməsi, adətən, məqsədəuyğun addım hesab olunmur. Bununla, siz nəinki borclu olduğunuz bankların sayını, həmçinin ümumi borcun məbləğini də xeyli dərəcədə artırmış olursunuz.

4. Bu məsləhətə xüsusi diqqət yetirin: banka kredit üçün müraciət etməzdən əvvəl, bütün bankların təklif etdiyi kredit proqramları haqqında məlumat toplamağa tənbəllik etməyin. Kreditin verilməsi və kredit borcunun ödənilməsi qaydaları, faiz dərəcələri, tələb olunan sənədlərin siyahısı və digər önəmli nüasnlar barədə fikir sahibi olmağa çalışın. Yalnızca ehtiyacınız olduğu təqdirdə və sizə lazım olan məbləğdə kredit götürməyə üstünlük verin.

Sevinc İbadova/Banco.az