Kredit almaq üçün yalnız daşınmaz əmlak tələb olunmayacaq | Banco.az

Kredit almaq üçün yalnız daşınmaz əmlak tələb olunmayacaq

Banklardan böyük həcmdə kredit götürdükdə meydana çıxan çətinliklərdən biri də girovla bağlı olur. Əksər hallarda banklar girovun real dəyərini bazar qiymətindən çox aşağı qiymətləndirirlər. Bəzən isə təqdim olunan girov bank tərəfindən qəbul olunmur. Bu hal özünü əsasən regionlarda büruzə verir. Eyni zamanda bəzən paytaxtda yaşayanlar da kredit götürülməsi zamanı girov məsələsində ciddi çətinliklərlə qarşılaşır. Çünki banklar əsasən girov qismində daşınmaz əmlak tələb edirlər ki, Bakının özündə də heç də hamı belə əmlaka malik deyil. Ancaq yaxın tezlikdə vəziyyət tamam dəyişə bilər. Belə ki, kreditorların girov olaraq qəbul etdiyi aktivlərin strukturunda daşınar əmlakın payının artırılması gözlənilir. Xatırladaq ki, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi müvafiq layihənin icrası məqsədi ilə Daşınar Əmlaka Əsaslanan Kreditləşmə (DƏƏK) məhsullarının tətbiqi üzrə çalışacaq komanda formalaşıb.

Bu mütəxəssis qrupunun üzvlərindən biri olan Saymon Tompson deyir ki, maliyyə boşluğunu doldurmaq üçün məhz daşınar əmlakın maliyyələşdirməsi lazımdır. Onun sözlərinə görə, kiçik və orta müəssisələrin aktivlərinin əksər hissəsini daşınar əmlak təşkil etdiyi halda, kredit almaq üçün onlardan girov kimi daşınmaz əmlak tələb olunur ki, bu da öz növbəsində kreditləşməni çətinləşdirir: "Azərbaycanda kiçik və orta şirkətlərin aktivlərinin cəmi 22%-ni torpaq və daşınmaz əmlak, 34%-ni debitor borclar və 44%-ni maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73%-i torpaq və daşınmaz əmlak, cəmi 27%-i isə daşınar əmlakdır. Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünkük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmir". O qeyd edib ki, inkişaf etmiş ölkələrdə kreditlərin üçdə ikisi məhz daşınar əmlak əsasında verilir. Bu praktikanın tezliklə Azərbaycanda da tətbiqi mümkün sayılır. Belə ki, iş adamlarının bankdan kredit almasını asanlaşdırmaq və xroniki girov problemini həll etmək üçün Azərbayanda daşınar əmlakların girov sisteminin yaradılması təklif edilir. Bunun üçün Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dəstəyi ilə daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri qurulacaq. BMK-nın təminatlı əqdlər üzrə mütəxəssisi Aqil Abdullayev bildirib ki, əslində daşınar əmlakın girov kimi qəbulu təcrübəsi Azərbaycanda var. Bəzi banklar və bank olmayan kredit təşkilatları müştərilərinə kredit verəndə onların ev əşyalarını, eləcə də mal-qaranı, dövriyyədə ola mağaza mallarını girov kimi qəbul edirlər. Amma belə kreditlərin riski olduqca böyükdür. Məsələ ondadır ki, kredit götürən şəxs, girov kimi qoyduğu daşınar əmlakı sabah kiməsə sata da bilərlər. Götürülmüş kredit vaxtında qaytarılmadıqsa da kredit təşkilatının həmin əşyalara "əl qoyması” mümkün olmaya da bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, bir bankda girov qoyulmuş daşınar əmlakı başqa bankda da girov qoymaq mümkündür. Nəticədə sabah kredit qaytarılmayanda bu iki bank arasında mübahisə başlayacaq. Daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri də ona görə lazımdır ki, girov kimi qoyulan əşyalar burada qeydiyyatına alınsın. Nəticədə bir dəfə girov qoyulan əmlakları ikinci dəfə girov kimi qoymaq və ya satmaq mümkün olmayacaq.

"Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə görə, kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınır və reyestrə ötürülür. Beləliklə, istənilən kredit təşkilatı hansısa əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdırır. Daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri həm də yüklü əmlakı ala biləcək potensial müştərilər üçün nəzərdə tutulub. Yəni, tutaq ki, kimsə hansısa şəxsə öz notbukunu satırsa, həmin şəxs reyestrə sorğu verib həmin notbukun hardasa girov qoyulub-qoyulmadığını öyrənə bilər. Çünki, sabah şəxsin notbuku aldığı adam banka borcunu ödəməsə, pul verib əldə etdiyi əmlaka əl qoyula bilər. Aqil Abdullayev deyir ki, yeni girov mexanizminin yaradılması banklara yeni müştərilər qazanmağa, kiçik və orta sahibkarlara isə maliyyə vəsaitini olan ehtiyaclarını ödəməyə imkan verəcək. Söhbət 10-30 min manatlıq kreditlərdən gedir. "Daşınar əmlakın yüklülüyü haqqında qanun”un layihəsinin hazırlanmasında MBK ilə yanaşı, Mərkəzi Bank, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Asan xidmət”), Ədliyyə Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi iştirak edir. Sənədin bu il Milli Məclisə göndərilməsi və qəbul edilməsi nəzərdə tutulub.

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et