Kosmosda bir ildən artıq vaxt keçirmək insan bədəninə necə təsir edir? | Banco.az

Kosmosda bir ildən artıq vaxt keçirmək insan bədəninə necə təsir edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kosmosa uzunmüddətli səyahətlər astronavtlara gözlənilməz təsir göstərir və bədənlərini əhəmiyyətli şəkildə dəyişir. Hal-hazırda kosmosda tək səyahətdə sərf olunan ən uzun müddət 437 gündür. Bu müddət ərzində əzələlərdən tutmuş beyinə və hətta bağırsaq bakteriyalarına qədər çox şey dəyişir. NASA astronavtı Frank Rubio Beynəlxalq Kosmik Stansiyada (BKS) 371 gün qalıb və 2023-cü ilin oktyabrında Yerə qayıdıb. İlkin planlara görə, o, 2023-cü ilin martında geri dönməli idi, lakin bəzi problemlər səbəbilə onun missiyası uzadılıb. Bu uzun müddətə görə Rubio 157 milyon mil (təxminən 253 milyon kilometr) qət edib. 

Rubionun kosmosda uzunmüddətli səyahəti insanların uzunmüddətli kosmos uçuşunun öhdəsindən necə gələ biləcəyinə bir nümunədir. O, məhdud idman avadanlığı ilə məşq etməyin insan orqanizminə necə təsir edə biləcəyini araşdıran tədqiqatda iştirak edən ilk astronavtdır.

Rubionun rekorduna baxmayaraq, insanın kosmosda ən uzun müddət qalma rekordu rus kosmonavtı Valeri Polyakova məxsusdur. Polyakov 1990-cı illərin ortalarında Mir Kosmik Stansiyasında 437 gün olub. Bundan əlavə, 2024-cü ildə rus kosmonavtları Oleq Kononenko və Nikolay Çub BKS-də 374 gün keçirərək Rubionun rekordunu üstələyiblər. Kononenko isə fasiləsiz olmasa da, ümumilikdə kosmosda ən çox vaxt keçirmiş şəxs titulunu daşıyır. Kononenko orbitdə ümumilikdə 1111 gün keçirib. Bəs kosmosda bu qədər müddət qalmaq astronavtların bədənlərinə necə təsir edir?

1. Əzələ və sümük zəifliyi

Kosmosda cazibə qüvvəsinin olmaması əzələlərin və sümüklərin zəifləməsinə səbəb olur. Xüsusilə bədənimizi dik tutan əzələlər kosmosda öz funksiyalarını itirərək sürətlə kiçməyə başlayır. İki həftə ərzində əzələ kütləsi 20%, daha uzun missiyalarda isə 30%-ə qədər azala bilər. Sümük kütləsi eyni şəkildə hər ay 1-2% azalır və astronavtlar altı aylıq bir missiyadan sonra sümük kütləsinin 10%-ni itirə bilir. Bu səbəbdən astronavtlar orbitdə olarkən gündə təxminən 2,5 saat ağırlıq məşqləri edir və əzələlərin inkişafına yönəlmiş qidalanma rejiminə sadiq qalırlar. Lakin təəssüf ki, kosmosda əzələ itkisinin qarşısını almaq mümkün deyil.

2. Arıqlamaq

Kosmosda bədən kütləsini normasında saxlamaq çox çətindir. NASA astronavtları kalorili qida ilə təmin etməyə çalışsa da, çəki itirmək ümumi problemdir. Astronavt Skott Kelli 340 gün Beynəlxalq Kosmik Stansiyasında qaldıqdan sonra bədən çəkisinin 7%-ni itirib.

3. Görmə problemləri

Kosmosda qan axını da cazibə qüvvəsi səbəbindən pozulur. Bu, gözdə mayenin yığılmasına və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər. Astronavtlar zamanla gözdə struktur dəyişiklikləri və görmə problemləri ilə üzləşə bilər. Bu dəyişikliklərin bəziləri daimi ola bilər. Digər tərəfdən, astronavtlar kosmik şüalara və enerjili günəş hissəciklərinə məruz qalırlar. Yer atmosferi bizi bunlardan qorumağa kömək edir. 

4. Beyin funksiyalarında dəyişikliklər

Ən sərfəli kredit üçün müraciət et

Uzunmüddətli kosmik missiyalar da beyində dəyişikliklərə səbəb olur. Beynin hərəkət, oriyentasiya və balansla əlaqəli hissələrində sinir əlaqələri təsirlənə bilər. Bundan əlavə, beyin toxumasında mayenin yığılması kimi problemlər də yarana bilər. Bu dəyişikliklərin əvvəlki vəziyyətinə qayıtması üç ilə qədər çəkə bilər.

5. Bağırsaq bakteriyaları

Astronavtların bağırsaq bakteriyaları və göbələkləri kosmosda qaldıqları müddətdə əhəmiyyətli dərəcədə dəyişir. Bu dəyişikliklər astronavtların pəhrizi, radiasiyaya məruz qalması və təkrar emal edilmiş sudan istifadə ilə bağlı ola bilər.

6. Ağ qan hüceyrələrinin azalması

Kosmosda bir il qalma müddətində idmana və sağlam qidalanmaya riayət olunarsa, immunitet sistemi ciddi şəkildə təsirlənmir. Buna baxmayaraq, astronavtların orbitdə olarkən aldıqları radiasiya dozaları səbəbindən ağ qan hüceyrələrinin sayı azalır.

7. Genlərdə baş verən dəyişikliklər

Hər bir DNT zəncirinin sonunda genlərimizi zədələrdən qorumağa kömək edən telomer adlanan strukturlar var. Kosmosda bir ildən çox qalan astronavtların uçuşlardan sonra telomerləri xeyli qısalır. Alimlər bunun səbəbini tam aydınlaşdıra bilməyiblər. Həddindən artıq radiasiyaya məruz qalma bu strukturların ölçüsünü kiçildə bilər.

8. Dəri

Kellinin kosmik stansiyadan qayıtdıqdan sonra təxminən altı gün ərzində dərisində həssaslığın artdığı və səpgilərin olduğu aşkar edilmişdi. Tədqiqatçılar hesab edirlər ki, missiya zamanı dərinin qeyri-adekvat stimullaşdırılması onun dəri şikayətinə səbəb ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et