Korporativ tədbirlərdə nələri etmək olmaz? | Banco.az

Korporativ tədbirlərdə nələri etmək olmaz?

Həmkarların əhatəsində istirahət yalnız əyləncəli deyil, həm də ciddi bir imtahandır. Olqa Denisenko və “15minutes.com.ua” bu məsələni araşdırıb.

Belə bir tədbirlərdə iştirak etmək mütləqdir. Əks təqdirdə, həmkarlarınızdan uzaq düşüb kollektivə yadlaşa bilərsiniz. Tədbir rəsmi xarakter daşıyırsa, heç bir halda gecikməyin.

“Hər şey daha demokratik bir formada keçirilirsə, 15-30 dəqiqə gec gəlmək daha yaxşıdır”, — “MTC” şirkətinin HR direktoru Natalya Bereza məsləhət görür. Beləliklə, masaların necə qurulduğunu və bir sıra gərəksiz şeyi izləmək lazım gəlməyəcək.

Ailə üzvlərini özünüzlə gətirmək olmaz. Hər kollektivin öz mikroiqlimi var, kənar şəxslərin peyda olması onu poza bilər. Bu tip tədbirlər şirkətin hesabına təşkil olunur və hər şey onun əməkdaşları üçün nəzərdə tutulur.

Geyim sərbəstliyindən sui-istifadə etməyin. Korporativ şənliklər dekoltenin dərinliyini nümayiş etdirmək və ya odekolonun kəskin qoxusunu ətrafa yaymaq yeri deyil. Yaxşı zövqə sahib olduğunuzu göstərməyə çalışın, ifrata varmayın.

Həmçinin oxu: İlk iş günündə münasibətləri necə korlamaq olar?

Həmçinin oxu: İş yerində yol verilən ən kobud SƏHVLƏR

Spirtli içkiləri normasında için. Ən incə məqamlardan biri, bəlkə də, birincisi spirtli içkilərdir. Ertəsi gün davranışınıza görə xəcalət çəkməmək üçün özünüzə nəzarət edin. Odur ki, içkiləri qarışdırmayın və istifadəsinə əvvəlcədən məhdudiyyət qoyun. Acqarına içməyin. İçkiyə düşkün şəxs çox dəyərli əməkdaş olsa belə karyerada çox yüksələ bilmir.

Korporativ tədbirlər əsas etibarilə ünsiyyət qurulması məqsədilə təşkil olunur. Ancaq burada bəzi mövzuların müzakirə olunması yersizdir. Köhnə qan-qaraçılıqları xatırlatmağa, din, siyasət və milliyyət məsələlərini qaldırmağa dəyməz. Bu, tez-tez fikir ayrılıqlarına, mübahisələrə və bəzən münaqişələrə səbəb olur. Şəxsi problemlərinizlə də başqalarını yükləməyin, çünki sonra özünüz də lüzumsuz yerə səmimi olmağınıza peşman olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Qarşı cinsdən olan həmkarlara qarşı nəzakətli və məsafəli davranın. Özünü vulqar aparan işçilər qıraqdan gülünc görünür və hətta ikrah doğurur.

“Korporativ şənliklərdə özünənəzarətdən daha vacib heç nə yoxdur”, — “UBG” korporasiyasının mətbuat katibi Yuliya Bensler iddia edir. Unutmayın ki, rəis həmişə rəisdir. Tədbir zamanı özünüzü onunla dostunuzmuş kimi aparmağa çalışmayın. Bundan əlavə, əmək haqqının artırılması və ya karyera inkişafı barədə söhbət salmaq ən geniş yayılmış səhvdir.

Məclisi gözəl tərk edin. Bəzi təşkilatlarda şənlikdən sonra sendviç, meyvə və şirniyyatı özüylə aparmaq adəti var. Bu həmkarlarınız üçün normal haldırsa, hamı kimi davranın. Yox, əgər belə şey indiyəcən olmayıbsa, özünüzü insanların yaddaşına acgöz insan kimi həkk etməyin. Odur ki, masalarda qalan hər şeyi toplamağa tələsməyin.

Böyük bir komandanız varsa, əlbəttə ki, hamı ilə vidalaşmaq lazım deyil, ancaq ingilissayağı çıxıb getmək də olmaz. Rəhbər və ya tədbirin təşkilatçısının əlini sıxmaq və xoş istirahət üçün təşəkkür etmək kifayətdir.

Birin beşə

Almanlar özünəməxsus sərtliyi ilə korporativ istirahət davranışında da seçilir. Odur ki, şənliklər, pikniklər və s. işdənkənar tədbirlərdən sonra bəzi əməkdaşları işdən çıxartmaq adi haldır. Almaniyada işçilər gəzinti və s. tədbirlərdə özlərini şən, lakin eyni zamanda təmkinli aparırlar. Sərxoş olmaq böyük minusdur, qeyri-etik hesab olunur. Buna görə də korporativ şənliklərdə praktiki olaraq spirt yoxdur. Sadəcə ənənəvi alman pivəsi içilir. O da ki, beş nəfərə bir qutu.

Həmçinin oxu: Effektiv ünsiyyət qurmaq üçün nələri bilmək lazımdır?

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et