İnsanlar digərlərini xarici görünüş və davranışlarına görə mühakimə etməyi xoşlayırlar. Yeni iş yerində siz də buna məruz qalacaqsınız.
Yeni kollektivdə çalışmağa başlayanda iş proseslərini araşdırmalı, vəzifə öhdəliklərinizin detallarını və şirkət strategiyasını öyrənməlisiniz. İndiki həmkarlarınızın sizi necə görməsi, onlarla daha yaxşı davranmağınız, rəhbərliklə necə ünsiyyət qurmağınız və s. barədə qayğılarınız olacaq. Məhsuldar iş üçün vacib şərt komanda ilə yaxşı qarşılıqlı münasibətdir. Ancaq özünüz haqqında ilk təəssüratı və yeni həmkarlarınızla münasibətləri korlamaq üçün 7 zərərli məsləhəti təqdim edirik:
Həmçinin oxu: İş yerində yol verilən ən kobud SƏHVLƏR
Yorulduğunuzu göstərin.
Yeni iş, yeni insanlar — siz mütləq yorulacaqsınız. Ətrafa yorğunluq saçın, utanmadan bu barədə danışın, narazı ifadəylə növbəti tapşırığı yerinə yetirməyə başlayın.
İfrat dərəcədə səmimi olun.
Hədsiz dərəcədə açıqlıq və səmimilik çox yaxşıdır. Mütləq hələ bu gün tanıdığınız həmkarlarınıza əvvəlki iş yerindən niyə ayrıldığınız, oradakı çatışmazlıqlar, keçən həftəsonu nə ilə məşğul olduğunuz barədə incə təfərrüatlara qədər danışın. İnsanların başqa işi, problemi yoxmuş kimi.
Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI
Həmçinin oxu: İş yoldaşlarımızdan gizlətməli olduğumuz 8 sirr
Şikayətlənin.
Hələ rəhbərlik və həmkarlarla ortaq dil tapmamısınız? Eybi yox. Yenə də narahat iş masasından, cansıxıcı iclasdan və evinizdən ofisə çatmağın necə məşəqqətli olmasından gileylənin. Xoşunuza gəlməyən bir şey olsa, ürəyinizdə qalmasın. Yeri oldu-olmadı deyin.
Laqqırtı vurun.
Kiməsə xoş görünmək üçün fürsəti əldən verməyin. Sizə kim baxsa, gülərüzlə laqqırtı vurmağa başlayın. Baxmasa belə söhbətə cəlb edin. Qıraqdan əla və maraqlı biri kimi göründüyünüzü zənn edirsiniz, elə deyilmi?
Təkliflərdən imtina edin.
Həmkarlarınız sizi daha yaxından tanımaq üçün nahara və ya sadəcə qəhvə içməyə dəvət etdi? Getməyin. Komandanın üzvü olmağa qabaqda çox vaxtınız var.
Sıfır minnətdarlıq
Yeni işinizdə çox sualınız yaranacaq. Digər əməkdaşlara kömək üçün müraciət edin, amma nəbadə minnətdarlıq bildirəsiniz. Axı onların vəzifəsi sizin işinizə yaramaqdır.
Qayda-qanun tətbiq edin.
Siz ki mükəmməl mütəxəssissiniz. Əvvəlki iş yerinizdə bənzər situasiyalarla qarşılaşmısınız. İlk gündən təkliflər irəli sürün, qoy hər kəs sizdən öyrənsin.
Hər şeyə əməl etdinizmi? Əla! İndi yeni iş yerində heç kəsin xoşuna gəlmirsiniz.
Nigar Umaxanlı, Finco.az